Ay Bəniz ƏLİYAR.Yeni şeirlər

25-12-2019, 04:00
128

Yenə gözüm su içmir,
həyat donub elə bil.
Məndəki bu səssizlik
xeyir əlamət deyil…

Keçdi ömrün yarısı,
yarı yaşa yetişdim.
Kal günlər, kahal günlər
gəldi başa, yetişdim.

Gözümə işıq oldu,
ömrümə çıraq adam,
Gördüyüm yuxulardan
çin çıxan qonaqadam.

İşə gedirəm hər gün,
çıxır yoluma yenə.
Evimə dönən zaman
qapımı açır mənə.

Həm kədərdir, həm ağrı,
həm min dərdə dəvadır.
Yastığımda göz yaşı,
əllərimdə duadır…

Həm yuxudur, həm həyat,
həm su, hava, yer, göy O…
Nə sirr, möcüzədirsə,
hər şey Odur, hər şey O…

Sənə şeir axtarıram.

Yaşamaq eşqinə düşüb,
Sənə şeir axtarıram.
Boş şeydi qafiyə işi,
Sən ən gözəl qafiyəmsən.

Mənə elə tərs-tərs baxma…
Haqlısan yerdən göyəcən.
Bu şeirdə sənin yerin
tərsinə düşüb deyəsən…

Vallah, qafiyə boş şeydi…
Qoymaram beynimi yorsun…
Burda qafiyə yerinə
olarmı əllərin dursun?

Şeir axtara-axtara
səni gəzirəm, biləsən.
Elə zamanında gəl ki
qafiyəmlə tən gələsən.

Söz uzandıqca nə derlər?
Və başqaları… və sair…
Bu şeiri də az ütülə,
ay qafiyəbaz şair.


Mənbə: http://edebiyyat-az.com/

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: