Şairə Adilə NƏZƏR.Seçmə şeirlər

25-12-2019, 05:00
76

Adımı şeir elədim

Hansı ağrılardan çıxdın,
Hansı əzablardan gəldin?
Harda ağladın kim bildi,
Kim bildi ki, harda güldün.
 
İslandınmı, qurudunmu,
Kimin gözünə əkildin?
Coşub bir gün şəlalətək,
Kimin qəlbinə töküldün?
 
Ruhumun yağmur havası,
Könlümün duman yerisən.
Kiminin ümid işığı,
Kiminin güman yerisən.
 
Ürəyimə düşən oda,
Ayağı yalın girirəm.
Aynalara baxammıram,
Baxanda səni görürəm.
 
Oxudum hər sətirini,
Hər hərfini seyr elədim.
Sənin özün olum deyə,
Ta, adımı şeir elədim.
 
Ən həqiqi yalanım

Sən mənim xəyalıma
Sığmayacaq birisən.
Heç zaman paylaşmağa
Cəsarət etmədiyim,
Ruhumun, gözlərimin,
qəlbimin şeirisən.
 
Bir az yağışlı günüm,
Bir az qaranlıq gecəm.
Hərdən bütöv hekayəm,
hərdən yarımçıq hecam.
Canımdakı göynəyim,
sinəmdəki qəhərim.
 
Zəhərimdəki balım,
balımdakı zəhərim.
Ən ağır savaş ilə
alınmayan şəhərim.
Günəşli aydın səmam,
sevgi dolu səhərim.
 
Hər gün daha da artıq
məhəbbət bəslədiyim,
Gecə yuxuda belə
adını səslədiyim...
Qəlbimin buz odası,
yaramın duz odası.
 
Ürəyində nəğmətək
oxunmaq istədiyim,
Darıxanda səsinə
toxunmaq istədiyim.
Üstündə körpəm kimi
hər saniyə əsdiyim,
Hərdən hamıdan qaçıb
şəklinə tələsdiyim.
 
Hamıdan yaraşıqlım,
hamıdan dəli-dolum.
Dünənki çətinliyim,
bugünkü çıxış yolum.
Alovuna çırpılıb,
atəşinə yandığım.
Hər gün saatbasaat
başına dolandığım.
 
Əriyən könül yağım,
Sevgi adlı halalım,
tale adlı yasağım.
Gözlərimi bağlayıb,
Məni məndən alanım.
Ən yalan həqiqətim,
ən həqiqi yalanım...

Qayıt gəl, qardaş

Həsrətdir boynunu bükən,
Yolların daş-kəsək, tikan,
Nədi, ora səni çəkən,
Qayıt gəl, qardaş, qayıt gəl.
 
Hər işin agızda, dildə,
Nə qazandın əlli ildə,
Nə işin var qürbət eldə? -
Qayıt gəl, qardaş, qayıt gəl.
 
Səsimə özüm kar oldum,
Dağıldım tarımar oldum,
Yoruldum, vallah, yoruldum,
Qayıt gəl, qardaş, qayıt gəl.
 
Yoxdu seçən, yoxdu sayan,
Bu harayı bilən, duyan.
Nə çox yatdın, nə çox, oyan,
Qayıt gəl, qardaş, qayıt gəl.
 
Dilimiz ağıda qaldı,
Zəhərdə, ağuda qaldı,
Bacılar yağıda qaldı,
Qayıt gəl, qardaş, qayıt gəl.
 
Dağdağana lent bağladım,
Zəfər gözlədim, ağladım.
Bir nəfəslik can saxladım,
Qayıt gəl, qardaş, qayıt gəl...
Qarabağa, gəl, qayıt gəl.
 
Üzgün-üzgün

Əqrəblər arası əriyib gedən
Saat üzgün-üzgün, an üzgün-üzgün.
Bir sevgi oxuymuş qəlbimi güdən -
Axır gözlərimdən qan üzgün-üzgün.
 
Hardadır rahatlıq adında o taxt,
Bir anda dəyişə alnımdakı bəxt,
Varmı bu yaradan olmayan "xoşbəxt",
Üzülür, süzülür can üzgün-üzgün.
 
İnandım nağıla - gözlərim dola,
Tükətdim ömrümü qəmlə qol-qola...
Gecəni birtəhər verirəm yola,
Açılır üzümə dan üzgün-üzgün.
 
İçimdə bir işıq - durudan duru,
Yalvardım Tanrıya o nuru qoru...
Ürəyim, nə dayan, nə də ki yorul,
Görmədin, bilmədin san, üzgün-üzgün.
 
Adilə, bir daşdın, ya da ki, qaya,
Susubsan, sus yenə, gələn yox haya,
Götür addımını get saya-saya,
Ötür, keçən ömrə yan, üzgün-üzgün.
Torpaq saxlamaz məni
 
Mən bir havalı quşam,
Budaq saxlamaz məni.
Min yol yanam-tutuşam,
Çıraq saxlamaz məni.
 
Yoxam ki, toy-düyündə...
Əridim neçə ündə.
Ürəyin bircə gün də,
Qonaq saxlamaz məni.
 
Qanadına yazılsam,
Bir ucuna qısılsam,
Damcı olub asılsam,
Yarpaq saxlamaz məni.
 
Eşq elə bir meyil ki,
Əyildikcə, əyil ki...
Ölmək çətin deyil ki,
Torpaq saxlamaz məni.


Mənbə: http://edebiyyat-az.com/

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: