Xəyalə SEVİL.Yeni şeirlər

25-12-2019, 06:00
70

“Gənc Ədiblər Məktəbi2”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü

Və bir gün qarşına bir adam çıxa

Və bir gün qarşına bir adam çıxa,
Elə oyanasan yuxundan elə
Gördüyün yuxular yadından çıxa.

Və bir gün qarşına bir adam çıxa,
Əridəsən hisslərinin qarını.
Açasan qəlbini bir sərgi kimi,
Tək-tək göstərəsən duyğularini.

Və bir gün qarşına bir adam çıxa,
Bircə baxışından səsini duya.
Səni bu dünyada bəlkə, bəlkə də,
Atandan, anandan artıq taniya.

Və bir gün qarşına bir adam çıxa…
Gözlərimdə ürəyimin səsi var.
Boğazacan yığılmışam, ilahi,
Səbrimin tükənmək təhlükəsi var.

Sən mənim xəyal yoldaşım

Əvvəl saçlarımı kəsdirdim,
Sonra qollarımı tulladım
Yanımdakı boşluğa.
Mən alışdım təkliyə,
Sən alışdın sərxoşluğa.

İçimə atdım səsimi,
İçimdə qulaq batır.
İndi gücüm nə ölməyə,
Nə də yaşamağa çatır.

Sən mənim xəyal yoldaşım,
Ayrılığın adını qoy.
Həyatına sevmədiyin qadını qoy.
Ağla,
Gözlərin boşalsın.
Sonuncu axşamdan yazıram sənə,
Bütün gecələrin xeyirə qalsın.

Cəzalıdı ürəyim

Cəzalıdı ürəyim,
Bədənimdə küncə qoydum.
Yorulan göz yaşımı,
Yanağımda dincə qoydum.

Bu da səndən qalan ömür,
Yarı sənsən, yarı sudu.
Həsrətini atdığım yer
Gözlərimin quyusudu.

Eh! Yolların yol yoldaşı,
Gedən yollara qarışdın.
Sən tək bədəndən ibarət

Pəncərədən boylanıram

Pəncərədən boylanıram,
Ay güzgümdə aylanıram.
Yer üzü qadın qapısı,
Gecə yarı döymək olmur.
Göy üzü yadın qapısı,
Dəymək olmur,
Dəymək olmur…

Həmin yol, həmin küçədi,
Qarayanız bir gecədi.
Bu azalan adamların arasında
Bir sən yoxsan,
Bir mən yoxam.
İki oldu bu yoxluq.
Böyüdü, boyumdan da
Yekə oldu bu yoxluq.
Heç kim ilə bölünməyən
Tikə oldu bu yoxluq.
Ömrümdən sənsiz illərim
Meyvə kimi dəyib düşür,
Gözlərimi döyüb düşür.
Və beləcə…
Və beləcə
Ölüm məndən duyuq düşür.
Torpağın qara canına
Mənim boyda oyuq düşür.

Hamıdan sonrasan

Hamıdan sonrasan,
Hamıdan əvvəl.
Ömrün tən ortası
Görüş yerimiz.
Budağıq, yarpağıq,
Suyuq, torpağıq,
Bəlkə bir gövdədə
Tamamlanaq biz?
Ruh adam, dost adam,
Bu doğmalığın
Adını mən qoyum
Ömrünü sən ver.
Yarımcan qalmışdım
Dünənə kimi.
Nə ömür verirsən, ver,
Amma tam ver.


Mənbə: http://edebiyyat-az.com/

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: