Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 2019-cu ilin yekunlarına dair xidməti müşavirə keçirilib

27-12-2019, 16:00
165

  GÜNDƏLİK.İNFO-ya Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mətbuat Xidmətindən verilən məlumata görə,  dekabrın 27-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində (SHXÇDX) 2019-cu il üzrə xidməti fəaliyyətin yekunlarına həsr edilmiş və 2020-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırışa hazırlıqla əlaqədar müşavirə keçirilib.
General-leytenant Arzu Rəhimov müşavirədə Xidmət tərəfindən 2019-cu il ərzində görülmüş işlərə dair hesabat məruzəsi ilə çıxış edib. İdarə, şöbə və bölmələrin xidməti fəaliyyətini qiymətləndirib.
Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra əsası qoyulmuş hərb quruculuğu siyasəti, bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ali diqqəti və qayğısı nəticəsində uğurla davam və inkişaf etdirilir, ölkənin hərbi qüdrətinin artırılması sahəsində yüksək nailiyyətlər əldə olunur. Azərbaycan dövləti tərəfindən Silahlı Qüvvələrimizlə bağlı atılmış mühüm addımlar, hərbiçilərin sosial vəziyyətlərinin yaxşılaşdırılması ilə bağlı qəbul edilən qərarlar böyük ruh yüksəkliyi ilə qarşılanıb.
Xidmət rəisi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında son illər ərzində SHXÇDX-də əldə edilən nəticələri diqqətə çatdırıb. Xidmətin fəaliyyətinin optimallaşdırılması, peşəkar kadrlarla komplektləşdirilməsi, maddi-texniki imkanlarının genişləndirilməsi istiqamətində əsaslı işlər görüldüyünü vurğulayıb. Hesabat dövründə qarşıya qoyulmuş vəzifələrin qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirildiyini, görülmüş işlər nəticəsində ciddi nailiyyətlərin qazanıldığını bildirib. Əlavə edib ki, bu gün gənclərimiz dövlət qarşısında Konstitusion borcunu yerinə yetirmək üçün həqiqi hərbi xidmətə böyük həvəslə gedirlər. Xidmət rəisi, Arzu Rəhimov cəmiyyətlə Silahlı Qüvvələr arasında körpü rolunu oynayan SHXÇDX-nin struktur bölmələri ilə yanaşı ASAN Xidmət mərkəzlərində göstərdiyi xidmətləri, vətəndaş məmnunluğunun təmin olunması üçün görülən işləri qeyd edib.
General-leytenant Arzu Rəhimov Xidmətin fəaliyyət istiqamətlərinə uyğun olaraq səfərbərlik hazırlığı və səfərbərlik işinin təşkili, vətəndaşların ilkin hərbi qeydiyyata alınması, hərbi xidmətə hazırlanması və müddətli həqiqi hərbi xidmətə çağırılması, gənclərin hərbi vətən-pərvərlik ruhunda tərbiyə olunması istiqamətində həyata keçirilmiş işlərdən və qarşıda duran vəzifələrdən danışıb. Xidmət rəisi vətəndaşların qəbulu və müraciətlərinə baxılması, vətəndaş məmnunluğunun təmin olunması işinin davam etdirilməsi istiqamətində tapşırıq və tövsiyələrini çatdırıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində yol verilmiş nöqsanlar təhlil edilib, çatışmazlıqların aradan qaldırılması və gələcəkdə təkrarlanmamasına dair göstərişlər verilib.
İl ərzində Xidmət tərəfindən ictimaiyyət nümayəndələrinin iştirakı ilə təşkil edilmiş tədbirlərin səmərəli nəticələri qeyd olunub. Vətəndaşlar arasında hərbi vətənpərvərlik işinin aparılması ilə əlaqədar respublikanın bir sıra rayon və şəhərlərində “Vətənin müdafiəsinə hazıram!” devizi altında maarifləndirmə xarakterli silsilə vətənpərvərlik tədbirlərinin keçirildiyi, həmçinin çağırış aylarında çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola salınması, ehtiyata buraxılmış müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının isə təntənəli qarşılanması mərasimlərinin təşkil edildiyi bildirilib.
Sonra Xidmət rəisi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Sərəncamının icrası ilə əlaqədar Xidmət tərəfindən həyata keçiriləcək tədbirlərin təşkili ilə bağlı zəruri məsələlərə diqqət çəkib.
Müşavirəyə yekun vuran general-leytenant Arzu Rəhimov 2020-ci ildə SHXÇDX tərəfindən görüləcək işlər və xidməti fəaliyyətin daha yüksək səviyyədə təşkil olunması barədə tapşırıqlarını verib.
Hesabat müşavirəsində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və eləcə də Yeni il bayramı münasibətilə SHXÇDX-nin şəxsi heyətini təbrik edən Xidmət rəisi əminlik ifadə edib ki, qurumun hər bir əməkdaşı üzərinə düşən vəzifələrini bundan sonra da şərəf və ləyaqətlə yerinə yetirəcək.
Müşavirənin sonunda, xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya Xidmət rəisinin əmri ilə təltiflər və hərbi rütbələr təqdim olunub.


Mənbə: https://seferberlik.gov.az/

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: