Təhsildə Keyfiyyət Təminatı Agentliyi yaradılır

30-12-2019, 04:00
138

Ölkə Prezidenti cənab İlham Əliyev “Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi və “Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 17 yanvar tarixli 479 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Fərman imzalayıb.
Fərmana əsasən, Təhsil Nazirliyinin tabeliyində olan Akkreditasiya və Nostrifikasiya İdarəsi Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu olan “Təhsildə Keyfiyyət Təminatı Agentliyi”nə çevrilmə yolu ilə yenidən təşkil ediləcək.
Fərmanla “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi” təsdiqlənib.      
Qeyd edək ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda təhsilin keyfiyyəti başlıca strateji prioritet elan olunub. Sənəddə ölkəmizdə keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında aparıcı mövqe tutan təhsil sisteminin formalaşdırılması məqsədi ilə təhsilin keyfiyyətini ölçən göstəricilər sisteminin təkmilləşdirilməsi və təhsilin maliyyələşdirilməsinin onun keyfiyyətinə yönəldilməsi kimi hədəflər öz əksini tapıb.
Göstərilən hədəflərə nail olunması və mövcud tələblərə cavab verən effektiv keyfiyyət təminatı sisteminin formalaşdırılması üçün ölkəmizin beynəlxalq səviyyədə üzərinə götürdüyü öhdəliklərə uyğun təşkil olunmuş təhsildə keyfiyyət təminatı sisteminin yaradılması zəruridir. Sadalanan tədbirlərin həyata keçirilməsi Azərbaycanın təhsil müəssisələrinin beynəlxalq reytinqlərdə irəliləməsinə və dövlət büdcəsindən kadr hazırlığı üçün ayrılan vəsaitin səmərəli və məqsədyönlü şəkildə istifadə olunmasına xidmət edəcək.


Mənbə: https://edu.gov.az/

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: