Dövlət İmtahan Mərkəzinin strukturuna daxil olan şöbələrin 2019-cu il ərzindəki fəaliyyətinə dair HESABATLARI (YENİLƏNİB 3)

30-12-2019, 06:00
159

Dövlət İmtahan Mərkəzində cari ildə görülən işlərlə bağlı yekun hesabatlar müzakirə olunur
28.12.19 9:00
Artıq 2019-cu il yekunlaşmaq üzrədir. Bu il də dövlətin təhsil siyasətini həyata keçirən qurumlardan biri kimi Dövlət İmtahan Mərkəzi Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi dövlət proqramları, verdiyi fərman və sərəncamlardan irəli gələn vəzifələri yerinə yetirmək üçün davamlı və məqsədyönlü iş aparmışdır. Cari ildə ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi, orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (tibb təhsili üzrə əsas təhsil və rezidentura) səviyyələrinə, həmçinin dövlət qulluğuna qəbul imtahanlarının keçirilməsi ilə əlaqədar görülmüş işlər bu fəaliyyətin tərkib hissəsidir.
Hazırda Dövlət İmtahan Mərkəzində qeyd olunan işlərin icra edilməsi ilə bağlı Mərkəzin strukturuna daxil olan şöbələrin təqdim etdikləri hesabatlar müzakirə olunur. Dövlət İmtahan Mərkəzi daim görülən işlərin şəffaflığının təmin edilməsinə böyük önəm verir və müntəzəm olaraq öz fəaliyyəti barədə ictimaiyyəti də məlumatlandırır. Aşağıda yerləşdirilmiş müvafiq keçidlərdə şöbələr və onların görülən işlərlə bağlı illik məruzələri ilə tanış ola bilərsiniz. Digər şöbələrin hesabatları da ilin son gününə qədər buraya əlavə ediləcəkdir.
DİM-in strukturuna daxil olan şöbələr və onların illik hesabatları:
İnformasiyalaşdırma və texnoloji təminat şöbəsi Mərkəz tərəfindən keçirilən imtahanların və tədbirlərin təşkil edilməsi üçün kompüter sistemləri, proqram-texniki təminatın yaradılması, təkmilləşdirilməsi və istismarı, məlumat bazalarının yaradılması, göstərilən xidmətlərin elektronlaşmasının təmin edilməsi və digər istiqamətlərdə zəruri tədbirlər həyata keçirir. Şöbənin hesabatına əsasən il ərzində Mərkəz tərəfindən keçirilən müxtəlif təyinatlı imtahanlarda 571 mindən (detallı məlumat burada) artıq iştirakçı sayı qeydə alınmışdır. Görülən işlərin daha da təkmilləşdirilməsi üçün 16 yeni proqram yazılmış və ya mövcud proqramlar üzərində dəyişiklik edilmişdir. Hesabatın geniş məzmunu ilə buradan tanış ola bilərsiniz.
Texnoloji nəzarət və informasiya təhlükəsizliyi şöbəsinin hesabatına əsasən il ərzində təxminən 887 min sual kitabçası və cavab vərəqi çap olunmuşdur. Bunlardan 545 mini sual kitabçalarının, 222 mini buraxılış imtahanlarının cavab vərəqələrinin, 120 mini isə qəbul imtahanlarının cavab vərəqələrinin payına düşür. Hesabatın geniş məzmunu ilə buradan tanış ola bilərsiniz. Bundan əlavə, şöbənin Avtomatlaşdırılmış İstifadəçi Xidməti Mərkəzinin (IT Service Desk) məlumatına əsasən 2019-cu ildə mərkəzdaxili 1300-dən çox sorğu emal olunub. Ətraflı burada.
Metodika və dərsliklərin monitorinqi şöbəsi tərəfindən ümumi təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının, hərbi liseylərə və bakalavriat səviyyəsi üzrə qəbul imtahanlarının məzmunu ilə bağlı (buraxılış və qəbul imtahanları üçün proqramlar, imtahan modelləri) və imtahanlara hazırlaşanlara, şagirdlərə və müəllimlərə metodiki köməklik baxımından metodiki materiallar hazırlanır. Fənn kurikulumlarının təlim nəticələri nəzərə alınmaqla şöbə tərəfindən 5-11-ci sinif dərslikləri əsasında 110 “Qiymətləndirmə tapşırıqları” kitabçası (Azərbaycan və rus dillərində) yenidən hazırlanıb. Bundan əlavə, Təhsil Nazirliyinin sifarişi ilə ümumtəhsil məktəblərinin 1, 4, 7 və 8-ci sinifləri üçün hazırlanmış 57 dərslik komplektinin  nəşrəqədərki layihələrinin elmi-metodiki monitorinqi və qiymətləndirilməsi aparılıb. Fənlər üzrə hazırlıq kurslarının fəaliyyəti də davam etdirilib. İl ərzində 113 kurs: Bakıda 27, bölgələrdə 86 kurs təşkil olunub. Kursu müvəffəqiyyətlə keçmiş müdavimlərdən 678 nəfər sertifikat alıb. Hesabatın geniş məzmunu ilə buradan tanış ola bilərsiniz.
Təşkilat şöbəsinin 2019-cu ildəki fəaliyyətinə əsasən ümumiləşdirilmiş nəticələrə görə imtahanların təşkili və idarə edilməsi məqsədi ilə 1172 imtahan binası ayrılmış, 4040 imtahan rəhbəri, 44945 zal nəzarətçisi və 4284 buraxılış rejimi əməkdaşı prosesə cəlb edilmişdir. Zal nəzarətçilərinin fəaliyyətinin müxtəlif meyarlar əsasında qiymətləndirilməsinə əsasən 1423 nəzarətçi-müəllimə təşəkkür elan edilmiş, 27 nəfər isə fəxri fərmanla təltif edilmək üçün nəzərdə tutulmuşdur. İl ərzində zal nəzarətçiləri bazası daha da genişləndirilmiş və “Zal nəzarətçilərinin elektron qeydiyyatı”sisteminə əsasən bazada 15003 nəfər vardır. Nəzarətçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi üçün onların sertifikatlaşdırılması işi bu il də davam etdirilmiş və hazırda bazada 557 nəfər sertifikatlı nəzarətçi mövcuddur. Hesabatın geniş məzmunu ilə buradan tanış ola bilərsiniz.
İctimaiyyətlə əlaqələr və kargüzarlıq şöbəsinin hesabatına əsasən mütəmadi olaraq qəbul kampaniyasının mərhələləri barədə ictimaiyyət hərtərəfli məlumatlandırılmış, qəbul prosesinin şəffaflığının təmin edilməsinə böyük önəm verilmişdir. DİM-in saytı vasitəsilə müxtəlif tədbirlərlə bağlı 1000-dən artıq məlumat dərc edilmişdir. İl ərzində “Facebook” səhifəsində 600-dən çox post paylaşılmışdır. Postlarda verilən suallara 15 mindən çox cavab yazılmışdır. Qəbul kampaniyası və imtahanlarla əlaqədar bu il “Youtube” və “Facebook” kanallarında 15-ə yaxın canlı yayım edilmişdir. Kargüzarlığın aparılması ilə bağlı 13131 sənəd qeydə alınmışdır. Email (info@dim.gov.az) vasitəsilə hesabat ilində şöbənin əməkdaşları tərəfindən 13188 müraciət cavablandırılmışdır. Ümumilikdə, DİM-in elektron poçtuna daxil olmuş müraciətlərə 18847 cavab yazılmışdır. 2019-cu ildə DİM-in Çağrı mərkəzi tərəfindən 71900 müraciət cavablandırılmışdır. Hesabatın məzmunu ilə buradan tanış ola bilərsiniz.
Dövlət elektron informasiya sistemləri şöbəsinin hesabatına əsasən 15-ə yaxın yeni proqram sistemi yaradılmış və ya mövcud proqramlar üzərində dəyişiklik edilmişdir. Bu il də informasiya sistemlərinə yeni məlumatlar daxil edilmişdir. “Şagird-məzun” sistemində cari il məzunlarından IX sinif üzrə 110070 nəfərin, XI sinif üzrə 83074 nəfərin, eksternat və əvvəlki illərin məzunlarından IX sinif üzrə 786 nəfərin, XI sinif üzrə 1197 nəfərin yekun qiymətləndirilməsi aparılmışdır. Bütün məzunların attestat rekvizitləri sistemə daxil edilmişdir. Hesabatın məzmunu ilə buradan tanış ola bilərsiniz.
Statistik araşdırmalar, elmi layihələşdirmə və innovasiyalar şöbəsinin hesabatına əsasən imtahanlarda iştirak etmiş 370000-dən çox şagird ümumilikdə 7 milyona qədər yazı işi yerinə yetirib və bu işlərin qiymətləndirilməsi üçün 15 milyona yaxın yoxlama (qiymətləndirmə) aparılıb. Hesabatın məzmunu ilə buradan tanış ola bilərsiniz.
Maliyyə və iqtisadiyyat şöbəsinin hesabatına əsasən bu il ərzində 63629 nəfər ştatdankənar işçiyə (mülki-hüquqi xarakterli müqavilə əsasında çalışan) 5 061 721,04 manat əmək haqqı hesablanmışdır. 2019-cu ildə hesablanmış əmək haqqından dövlət büdcəsinə 1114465.10 manat məbləğində vergi, 2172168.80 manat məbləğində dövlət sosial müdafiə fonduna ayırmalar şəklində ödəniş həyata keçirilmişdir. Hesabatın məzmunu ilə buradan tanış ola bilərsiniz.
E-imtahanlar və müsahibələrin təşkili şöbəsinin hesabatına əsasən  il ərzində 2145 nəfərlə 14 müxtəlif növ elektron imtahan və 93 dövlət orqanı ilə 20 müsabiqə, 10 ümumi müsahibə və 86 daxili müsahibə elanı üzrə 5522 nəfərlə  müsahibə təşkil edilmişdir.  Həmçinin şöbə əməkdaşları dövlət qulluğu sahəsində  elektron xidmətlərin fəaliyyətini təşkil etmiş  və  2 yeni proqram  təminatı da yaradılmışdır. Hesabatın məzmunu ilə buradan tanış ola bilərsiniz.
Hüquqi təminat və insan resursları şöbəsinin hesabatına əsasən müxtəlif hüquqi akt layihələri ilə yanaşı buraxılış və qəbul imtahanlarının strateji əhəmiyyəti nəzərə alınaraq, bu imtahanların gedişini pozan qanunsuz hərəkətlərin törədilməsinin qarşısını almaq məqsədilə “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu layihəsi hazırlanaraq aidiyyəti üzrə Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasına təqdim edilmişdir. Hesabat ili ərzində Mərkəzə münasibət bildirilməsi üçün dövlət orqanları tərəfindən təqdim edilmiş 44 qanunvericilik layihəsinə baxılaraq müvafiq rəy və təkliflər verilmişdir. Hesabatın məzmunu ilə buradan tanış ola bilərsiniz.
Kommersiya sektorunun məlumatına əsasən bu il satınalmalarla bağlı 16 kotirovka sorğusu, 13 açıq tender elanı verilib. Bütün elanlar dim.gov.az, tender.gov.az və  Xalq qəzetində dərc olunub. Hesabatla buradan tanış ola bilərsiniz.
Kommersiya sektorunun məlumatına əsasən bu il satınalmalarla bağlı 16 kotirovka sorğusu, 13 açıq tender elanı verilib. Bütün elanlar dim.gov.az, tender.gov.az və  Xalq qəzetində dərc olunub. Hesabatla buradan tanış ola bilərsiniz.
Təchizat və təsərrüfat şöbəsinin hesabatına əsasən il ərzində Mərkəzin fəaliyyəti üçün lazım olan avadanlıqların təminatı, təmir işləri, bütün logistik məsələlər həyata keçirilib
Dövlət qulluğu məsələləri şöbəsi tərəfindən 2019-cu il ərzində dövlət orqanlarında inzibati vəzifələrin A və B növü üzrə vakant olan vəzifələrin tutulması üçün 20 müsabiqə üzrə müsahibə,  10 ümumi müsahibə,  86 daxili müsahibə elanları hazırlanmışdır. Hesabat dövrü ərzində dövlət orqanları tərəfindən müsabiqəyə ümumilikdə 3441 vakant vəzifə,  ümumi müsahibəyə 428 vakant inzibati vəzifə və daxili müsahibəyə 680 vakant inzibati vəzifə təqdim edilmişdir. Ümumilikdə müsabiqə və ümumi müsahibə elanları üzrə 899  nəfər vakant vəzifələrə təyin edilmişdir. Hesabatın məzmunu ilə buradan  tanış ola bilərsiniz.
DİM-in ən böyük struktur bölməsi olan Yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsi Mərkəzin keçirdiyi bütün imtahanlarda - ümumi təhsil pilləsində təhsilalanlrın yekun qiymətləndirilməsi imtahanlarında, orta ixtisas təhsili müəssisələrinə, ali təhsilin bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) səviyyələrinə, dövlət qulluğuna qəbul üçün test imtahanlarında istifadə olunan yoxlama-ölçmə materialları bu şöbədə hazırlanıb. Hesabata əsasən bu il 17000-dən çox test tapşırığının ekspertizası həyata keçirilmişdir. 15000-dən çox test tapşırığı qəbul edilərək bazaya daxil edilmişdir. 20000-dən çox test tapşırığının təkrar təftişi aparılmışdır. Hesabatın məzmunu ilə buradan  tanış ola bilərsiniz.
Strateji inkişaf şöbəsinin 2019-cu ildəki fəaliyyəti haqqında hesabatına əsasən Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın 45-ci illik konfransı ilə yanaşı dövlət qulluğu, dövlət idarəçiliyi, Avropa İttifaqının Şərq tərəfdaşlığı proqramı çərçivəsində müxtəlif seminarlar keçirilmişdir. Hesabatın məzmunu ilə buradan  tanış ola bilərsiniz.


Mənbə: http://dim.gov.az/

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: