Dövlət İmtahan Mərkəzində 2019-cu ilin yekunlarına dair tədbir keçirilib

30-12-2019, 07:00
178

29 dekabr 2019-cu il tarixində Dövlət İmtahan Mərkəzində DİM-in fəaliyyəti ilə əlaqədar ilin yekunlarına dair tədbir keçirilib

Tədbirdə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə çıxış edərək ilk növbədə qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə kollektivin üzvlərini təbrik edib. Daha sonra M. Abbaszadə il ərzində Mərkəzin qarşısında duran vəzifələrin həyata keçirilməsindən, əldə olunan nailiyyətlərdən, tətbiq olunan yeniliklərdən, qarşıya çıxan çətinliklərdən danışıb.
Sədr bildirib ki, 2019-cu il ərzində Dövlət İmtahan Mərkəzi tərəfindən müxtəlif istiqamətlər üzrə keçirilən imtahanlarda iştirakçıların sayı 571 mindən yuxarı olub. DİM-in tətbiq etdiyi elektron xidmətlərdən istifadə sayı isə 7 milyondan çox olub. Mərkəzin saytı iki müxtəlif domen adı altında fəaliyyət göstərməsinə baxmayaraq ilin 9 ayının yekunlarına əsasən həm toplam, həm də unikal giriş sayına görə 1-ci yeri tutub. Bu il tətbiq olunan qəbul qaydalarından danışan sədr qeyd edib ki, cari ildə ali təhsil müəssisələrinə qəbul imtahanları yeni model əsasında keçirilib və bu yanaşma bizə iştirakçıların bilik və bacarıqlarının qiymətləndirilməsində yeni imkanlar əldə etməyimizə şərait yaradıb. Yeni modelə əsasən bu il 370000-dən çox şagird ümumilikdə 7 milyona qədər yazı işi yerinə yetirib və bu işlərin qiymətləndirilməsi üçün 15 milyona yaxın yoxlama (qiymətləndirmə) aparılıb. Bu il DİM-in fəaliyyəti ilə əlaqədar 60 minə yaxın müvəqqəti iş yerləri yaradılıb və həmin işlərdə çalışan əməkdaşlara 5 milyon manatdan artıq əmək haqqı ödənilib.
2019-cu ilin digər əlamətdar hadisələrindən biri də Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın DİM-in təşkilatçılığı ilə Bakıda keçirilən 45-ci illik konfransı olub. Konfransda 44 ölkədən 500-dən artıq nümayəndə iştirak edib. Konfransın müvəffəqiyyətlə keçirildiyini vurğulayan sədr builki forumun təhsilin qiymətləndirilməsinin təkmilləşdirilməsi istiqamətində stimullaşdırıcı qarşılıqlı fikir mübadiləsi ilə zəngin olduğunu, tədqiqatçılara və mütəxəssislərə hazırki proseslərlə bağlı öz araşdırmalarını və gəldikləri nəticələri bölüşmək imkanı yaratdığını qeyd edib. Sədr konfransın elmi nəticələrindən əlavə Azərbaycana işgüzar tədbirləri cəlb edən yerli qurum kimi DİM-in Azərbaycan Turizm Bürosunun tabeliyində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu tərəfindən mükafat-kubokla da təltif edildiyini vurğulayıb.
Ümumilikdə M.Abbaszadə iclas iştirakçılarına Dövlət İmtahan Mərkəzinin struktur bölmələrinin fəaliyyət istiqamətləri - imtahanların texnoloji təminatı, informasiya təhlükəsizliyi, məlumat bazalarının yaradılması, imtahan materiallarının çapı, imtahanların təşkili və idarəedilməsi, imtahanların məzmununun hazırlanması, elmi-metodiki təminat, statistik araşdırmaların aparılması, strateji inkişaf istiqamətlərinin müəyyən edilməsi, dövlət qulluğu məsələləri, hüquqi təminat, ictimaiyyətlə əlaqələrin təşkili, maliyyə, təchizat və təsərrüfat, kommersiya və s. sahələr üzrə hər bir şöbənin işi haqqında ayrıca məlumat verib və onların hesabatları qəbul edilib. Xatırladaq ki, bu hesabatlar görülən işlərin şəffaflığının təmin edilməsi və Mərkəzin fəaliyyəti barədə ictimaiyyəti məlumatlandırmaq üçün DİM-in saytında yerləşdirilib.
Şöbələrin fəaliyyəti ilə əlaqədar aparılmış müzakirələrdən sonra “E-imtahanlar və müsahibələrin təşkili şöbəsi”nə artıq ənənəvi hal alan və 3 ildir təqdim olunan innovativ yanaşmanın kütləvi proseslərə tətbiqində səmərəli fəaliyyətinə görə kubok təqdim edilib və əməkdaşlar əlavə olaraq 1 aylıq vəzifə maaşı məbləğində mükafatlandırılıb.
Bundan əlavə, 2019-cu il ərzində görülən işlərlə əlaqədar DİM-in 66 işçisinə əmək kitabçasına yazılmaqla “Təşəkkür” elan edilib, həmçinin “IAEA 2019” konfransının təşkilində fəal iştirak edən əməkdaşlara, məruzəçilərə, müxtəlif məbləğlərdə mükafat yazılıb.
İclasda daha sonra DİM-in Həmkarlar Komitəsinin 2019-cu il üzrə hesabatı dinlənilib.


Mənbə: http://dim.gov.az/

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: