Şairə-publisist Nəcibə İLKİN.”Şəhid anası”

6-02-2020, 08:30
78

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru 

ŞƏHİD ANASI

(Ad günündə şəhid olmuş milliyətcə tatar olan Adek Sepxanova həsr edirəm)
Dünən bir ana gördüm, qəlbi qaynar, od-alov,
Sinəsində qarlı qış, kirpiklərində qırov.
Dünən bir ana gördüm, gözlərində qəm-qüssə,
Fəryadından ürəyi olmuşdu hissə-hissə.
Alnında düyün-düyün olmuşdu qırışları,
Həsrətdən yoğrulmuşdu o solğun baxışları.
Odlara qalamışdı, oğul dərdi ananı,
Od içinə atmışdı oğul, dərdə yananı.
Ölüm günü, ad günü bir tarixə yazılmış,
Ananın sinəsindən bir daş kimi asılmış.
Qarşımda ana sanki buz heykələ dönmüşdü,
Yaşamaq, həyat eşqi gözlərində sönmüşdü.
İntizardan, xiffətdən ana saralıb solmuş,
Həsrət seli qəlbindən axıb gözünə dolmuş.
Danışdıqca ananın dodaqları əsirdi,
Oğul dərdi ananı şaxta kimi kəsirdi.
Başında qara örpək, əynində qara paltar,
Oğlum özü alıbdı,-dedi məndən yadigar.
Hər gün bu geyim ilə görüşünə gəlirəm,
Nisgilmi, dərdimi soyuq daşla bölürəm.
Evim muzeyə dönüb onun şəkillərindən,
Təkcə o şəkillərdən təsəlli tapıram mən.
Oğlum bir oğul idi, istiqanlı, mehriban,
Dediyim hər kəlməmə cavabı olurdu “can”.
Ad gününə az qalmış adına hədiyyə aldım,
Şirin qoğal bişirib, adına sürfə saldım.
Gözləyirdim yolunu əziz xələf oğlumun,
Adı özündən şirin, sözü şəkər noğlumun.
Səhər-səhər həyətdən gələn səsə boylandım,
İki əsgər soruşdu, adımı dərhal andım.
Tələsik qaça-qaça tez yüyürdüm həyətə,
-Kimsiniz? Kim lazımdır?- tez qarışdım söhbətə.
Biri ürkək baxışla üzümə baxıb xeyli,
Gözlərin dikib yerə, axır dindi gileyli.
-Biz cəbhədən gəlmişik, necə dedyim ki, Adik-
Agır yaralanıbdı…
-Necə? Nə dedin? Yox, yalandı balama,
Güllə dəyməz heç zaman o qəhrəman oğluma.
Düşündüm bu, zarafat, dostların haq səsidi,
Mənə muştuluq üçün əsgər hədiyyəsidi.
Sevincimdən gözlərim doluxsunmuş, dolmuşdu,
Oğlumu görmək üçün ürəyim od olmuşdu.
Yaşarmış gözlərimə göründü tabut bu an,
Anasız da hər şeyi həll eləyirmiş zaman.
Yenə də gözlərimə inanmadım hayqırdım,
Özüm öz səsimə hərgah, sanki birdən ayıldım.
Ahım çıxdı göylərə, dağılmadı göy nədən?!
Amansız ölüm idi, məni belə göynədən.
Oğul verdin ay Allah, neçə il bundan öncə,
Sənə dualar edib bürünmüşdüm sevincə.
İndi bu ad günündə mənə paymı göndərdin,
Bəslədiyim qönçəmi qıyıb necə tez dərdin?!
Ahım çatmadı əfsus, nə yerə, nə də göyə,
Tabutu qucaqladım, -Yaşın mübarək,-deyə.
Oğul deyən dillərim dilim-dilim soyuldu,
Yandı bağrım nalədən, için-için oyuldu.
Yenidənmi doğuldun, Şəhid qoyuldu adın,
Vətən! Qoy sənin olsun bu qəhrəman övladın.
Dan yeri tək söküldü ürəyimin telləri,
Son nəfəsdə oğlumun nə söyləyib dilləri.
O susuz dodaqları pıçıldayıb, nə deyib,
Ürəyindən nə keçib, görəsən nə söyləyib?!
Necə dözüm ay Allah, necə dözüm bu dağa,
Ad günündə oğlumu tapşırıram torpağa.
İgid doğuldu oğul, şəhid doğuldu oğul,
Vətənin göylərində yanıb kül oldu oğul.
Yığışdı dostları, qonşular ad günündə,
Ehsan verdilər ona, balamın şad günündə.
Qoy sevinməsin düşmən, oğlum ölməyib mənim,
Oğlum şəhiddir deyə, ana kimi öyünüm!!!
20. 01. 2008


Mənbə: http://edebiyyat-az.com/
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: