Xalq şairi Nəriman HƏSƏNZADƏ.””Qış gecələri”nin nağılı yox, “Ölüm, ya olum” məsələsi “

6-02-2020, 10:30
46

Xalq yazıçısı Anarın yeni pyesinin tamaşası haqqında

“Yanvarın 19-dan 20-nə keçən qanlı gecənin mən nə şahidlərindən ola bildim, nə də şəhidlərindən…”. “Paris dəftəri” adlı irihəcmli publisist yazım (“Ədəbiyyat və incəsənət” qəzeti 9 fevral 1990): “… həmin gecə, bəlkə də həmin anlarda Parisdə ağır bir yuxu gördüm, ağır xəbəri isə səhər-səhər eşitdim. Paris televiziyası şəhərimizə soxulan ağır rus tanklarını göstərir, Bakı hadisələri barədə həyəcanlı xəbərlər verirdi…”.
Azərbaycan Prezidenti cənab İlham Əliyev 13 dekabr 2019-cu il tarixində “20 Yanvar faciəsinin 30-cu ildönümü haqqında” sərəncam imzaladı. Respublikada millət ayağa qalxıb tarixi yubiley gününü qeyd edir, günahsız insanları qətlə yetirən imperiya və onun sadiq nökərlərini nifrətlə lənətləyir, istiqlalımız yolunda həlak olanların xatirəsini əziz tuturdu. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının geniş səhnəsində isə Xalq yazıçısı Anarın “Şəhərin qış günləri” adlı yeni pyesinin tamaşası gedirdi. İstər-istəməz o ağrılı günləri yenidən xatırlayırdım.
Anar müəllim bu əsəri yazmalıydı. Yazdı da. O, həmin illərdə SSRİ Ali Sovetinin deputatı kimi Mərkəzi Parlamentin iclaslarında fəal iştirakı ilə yanaşı, çıxışlar edir, təkliflərini verirdi.
Əsərdə də görürük ki, işğalçı ordunun Bakıya yeridilməsi barədə Parlament üzvlərinin (Xalq yazıçısı Anarın və b. azərbaycanlı nümayəndələrin) verdiyi rəsmi sorğuya Kremldə oturan imperiya başçılarının yalan vədləri ifşa olunur.
Dramaturq zəmanəsinin bu gizli qəsdini sənədli ittiham aktı kimi açıb bizə göstərirdi.
Müəllif şahid rolundaydı!
Bəlkə də bunun nəticəsidir ki, yaradıcılığına böyük hörmət etdiyim Əməkdar incəsənət xadimi, quruluşçu rejissor (o həm də teatrın baş rejissorudur) Bəhram Osmanov bədii ümumiləşdirmə ilə bərabər, publisist təqdimatı da onunla paralel aparır, mürəkkəb kolliziyaları ustalıqla yoluna qoyur.
Tamaşaçı müxtəlif ictimai vəziyyətləri eyni vaxtda yaşadığı üçün, siyası ab-havanı da duyur və beləliklə, onun iştirakçısına çevrilir.
Ümumxalq nümayişlərindən tamaşa boyu göstərilən kinokadrları misal göstərmək olar. Çünki biz bu tamaşa içindəki tamaşanı (kinokadrları) amansız qəddarlığa qarşı qalxan etiraz tufanını, milli oyanış hisslərinin tüğyanı, güclü daxili yanğının səngimək bilməyən zahiri işartısı kimi də qəbul edirik və alqışlayırıq. Məhz o kinokadrlar Azərbaycanda əsrin ab-havası obrazında təzahür edir.
Hadisələr rəmzi mənada bir ailənin timsalında cərəyan etsə də, əsas məsələ cəmiyyətdə imperiya tərəfindən təklənən və keçmişi, bu günü olan qədim bir xalqın, qəfil düşdüyü vəziyyətdən qurtuluş yolunu axtarmasıdır.
Dost-tanış həyatın istisini-soyuğunu görmüş Qiyas kişinin (Əməkdar artist Elşən Rüstəmov) evinə yığışıb gəlir. Həyat yoldaşı Dilarə xanımın (Əməkdar artist Kəmalə Hüseynova) ad gününü keçirir ki, bu da belə ağır günlərə təsadüf edib. Oğulları Namiq (artist Bəhram Həsənov) dustaqlıqdan təzəcə buraxılmışdır. O, həbsxana dostu Şamxalı da (artist Vüqar Məmmədəliyev) ad gününə dəvət etmişdir. Onun yaxşılığını unuda bilmir. “Qaçırdı” deyə, onu güllə ilə vurmaq istəyən həbsxananın erməni nəzarətçilərinin əlindən xilas eləyən bu dostu olmuşdur. Yaxud Əjdər kişinin (artist Rövşən Abbasov) erməni Qurgeni (artist Kərəm Hacızadə) gətirib Qiyas kişinin evində iki-üç gün gizlətmək üçün dil-ağız eləməsi, o evdə Qurgenə verilən haqlı suallar təsirli səhnələrdəndir.
Natiqlərin bir-bir qalxıb kürsüdən şablon danışıqları, hər dəfə “Sözü Atropata verin” ifadəsi, kürsünün özü quruluşcu rejissorun orijinal axtarışlarının nəticəsi kimi yadda qalır.
Ailənin gözünün ağı-qarası Namiqin ölüm xəbərinin gəlməsi (beləliklə, ad gününü yasa döndərir) Qiyas kişi ilə Dilarə xanım ad gününün əhval-ruhiyyəsini deyil, faciə içində faciə rolunu oynamağa məhkum olurlar.
Tamaşada gördüyümüz bütün bu peripetiyalar ümumxalq fəlakətinin olduğu kimi qavranılmasına xidmət edir ki, bu da mənim fikrimcə, birinci növbədə müəlliflə rejissor həmrəyliyinin gözəl nəticəsi kimi izah edilə bilər.
Bu qədər gərginlikdən sonra tamaşaçıların dərindən nəfəs aldığı bir səhnə də var ki, bu da ümummilli lider Heydər Əliyevin şərəfli adı ilə bağlıdır.
Yuxarıda dediyim kimi, mən Parisə, yaradıcılıq ezamiyyətinə gedəndə, məni Moskvadan, Azərbaycan nümayəndəliyindən yola salmışdılar. Qayıdanda da oraya gəldim və bir neçə gün əvvəl gördüyüm binanı tanımadım. Qapı-pəncərələr sındırılmışdı. Divarlarda güllə yerləri aydın görünürdü. Beynəlxalq qanunlara görə isə nümayəndəliklər də səfirliklər kimi toxunulmazdı.
Paris televiziyası xəbər vermişdi ki, Azərbaycan nümayəndəliyi 52 nəfər naməlum (Moskvada naməlum?!) şəxs tərəfindən tarmar edilmişdir. Bildirdilər ki, bir gün qabaq ümummilli lider Heydər Əliyev oğlu İlham Əliyev və b. ailə üzvləri burada olmuş, 20 Yanvar faciəsini törətmiş Sov.İKP MK-nı, sovet dövlətinin və hökumətinin rəhbərliyini xarici ölkə jurnalistləri qarşısında ittiham etmişdir.
Əsərin final səhnəsində bizə tanış və doğma səsi eşidirik:
“Buraya mən əvvəl ona görə gəlmişəm ki, Azərbaycanın Moskvada kiçik parçası olan daimi nümayəndəliyində böyük itkilərə səbəb olmuş faciə ilə bağlı bütün Azərbaycan xalqına başsağlığı verim. İkinci tərəfdən, bu məsələyə öz münasibətimi bildirmək istəyirəm. Azərbaycanın Moskvadakı nümayəndəliyindən xahiş edirəm ki, mənim sözlərimi, kədərimi, başsağlığımı Azərbaycan xalqına çatdırsın. Hazırda başqa imkanım olmadığı üçün təəssüf hissi keçirirəm. Azərbaycanda baş vermiş hadisələrə gəlincə, mən onları hüquqa, demokratiyaya yabancı, humanizmə və ölkəmizdə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edirəm”.
Tamaşaya siyasi siqlət verən, qəhrəmanlıq nümunəsi olan bu riskli addım və verdiyi Bəyanat – ulu öndərin Azərbaycan xalqının zülmə, zorakılığa qarşı yenilməzliyinin tarixi nümayişiydi.
Görkəmli bəstəkarımız Siyavuş Kərimi tamaşaya məxsusi musiqi bəstələmişdir ki, bu səslər həm hadisələri, həm də tamaşaçıların əhval-ruhiyyəsini səfərbər edir, müşayiət edir.
Əməkdar rəssam Arif Əbdürrəhman haqqında da deyə bilərəm ki, onun bədii tərtibatında səhnə vəziyyəti və mühit bir-birini tamamlayır. Əslində, musiqi də, tərtibat da tamaşada bir obraz kimi iştirak edir.
“Şəhərin qış gecələri” pyesi Xalq yazıçısı Anarın yeni Bəyanatıydı.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı yeni, 92-ci mövsümünü bu Bəyanatla açırdı.
Uğurlar!

28.01.2020


Mənbə: http://edebiyyat-az.com/
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: