Ay tozu əsasında kosmik mühitin müəyyənləşdirilməsi metodu tapılıb

10-02-2020, 14:30
42

Yeni metod “Apollon-17” astronavtlarının 1972-ci ildə gətirdikləri Ay süxurlarını alimlərin tədqiq etməsinə imkan yaradıb. Tədqiqatın nəticələri “Meteoritics & Planetary Science” jurnalında dərc edilib. Adətən materialşünaslıqda tətbiq edilən atom-zond tomoqrafiyası (APT — Atom Probe Tomography) minimum materialdan istifadə etməklə yüksək nəticələr verir. Belə ki, zərrəciyin bir nüvəsi əsasında atomu təfsilatı ilə öyrənmək, habelə materialın həcmli modelini yaratmaq mümkündür. AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Çikaqo Universitetinin alimləri Cennika Qririn rəhbərliyi altında APT metodunu Ay tozunun analizi üçün tətbiq ediblər. “Apollon-17” kosmik gəmisinin Yer üzünə 111 kiloqram Ay süxuru gətirmiş olduğuna baxmayaraq, onlardan qənaətlə istifadə etmək lazımdır, çünki son 48 ildə yeni nümunələr olmayıb. Belə olan halda APT metodu çox münasibdir. Onun köməyilə alimlər Ay süxurunda ilmenit mineralının (dəmir oksidi və titan) nüvəsini analiz ediblər. Məlum olub ki, nüvənin tükdən də nazik olan səthi kosmik aşınma nəticəsində yaranan “qabıqla” örtülüdür.
Yerdən fərqli olaraq atmosferlə qorunmayan Ayın səthi Günəş və kosmik şüa axınlarının fəal təsirinə məruz qalır. Kosmik aşınma proseslərinin tədqiqi atmosferdən məhrum olan Ayın və digər kosmik cisimlərin (məsələn, asteroidlərin) səthi, habelə kosmik zondların düzgün interpretasiyası haqqında təsəvvürə malik olmaq üçün çox vacibdir.
Ay süxuru zərrəciyindəki nüvənin və xarici “qabığın” tərkibləri arasında fərqi təhlil edən alimlər kosmik aşınma proseslərinin modelləşdirilməsi üçün məlumat əldə edirlər.
APT analizi nəticəsində tədqiqatçılar Ay tozu nüvəsinin nanoölçülü, üçölçülü modelini hazırlayıblar ki, burada hər atomun yeri dəqiq müəyyənləşib. İlmenitin nüvəsində alimlər kosmik aşınma məhsullarını, yəni Ay süxuru ilə kosmik mühitin qarşılıqlı təsiri nəticəsində formalaşmış dəmir, su və heliumu müəyyənləşdiriblər.
“Meteoritics & Planetary Science” jurnalında dərc edilmiş məqalənin müəlliflərindən Filip Hek yazır ki, 50 il öncə Ay süxurunu öyrənmək üçün zərrəciyin kifayət edəcəyi heç kəsin xəyalına gəlməzdi. Halbuki minlərlə belə zərrəciklər astronavtların əlcəklərində qala bilərdi ki, bunlar da böyük tədqiqatlar üçün yetərli olardı.
Cennika Qrir yazır ki, kosmosa göndərilən missiyaların fiziki nümunələrlə qayıtması vacibdir, çünki Günəş sisteminin landşaftı çox müxtəlifdir. APT metodunu onların tədqiqi üçün tətbiq etmək lazımdır. Çünki son dərəcə az material tələb edən bu metod çoxlu informasiya verir.


Mənbə: https://azertag.az
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: