Hakimliyə namizədlər üçün müsabiqənin yazılı imtahan mərhələsində uğur qazanan 64 nəfər şifahi imtahana buraxılıb

11-02-2020, 13:30
94

Azərbaycan Prezidenti İlham Əliyevin məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tövsiyə və tapşırıqları üzrə görülən tədbirlər çərçivəsində hakim vəzifəsinə namizədlərin tam şəffaf şəraitdə və obyektiv meyarlar əsasında seçimi davam edir.
Hakimlərin Seçki Komitəsindən AZƏRTAC-a bildiriblər ki, hazırda imtahanlarda uğur qazanmış 44 namizəd hakim vəzifəsinə hazırlanmaları üçün tədris kursuna vəsiqə qazanıb. Ədliyyə Akademiyasında keçirilən bu kurslarda nüfuzlu yerli və beynəlxalq ekspertlərin iştirakı ilə mühüm və aktual mövzular tədris edilir. Onların məhkəmələrdə, həmçinin beynəlxalq təcrübəni öyrənmələri məqsədilə xarici dövlətlərdə staj keçmələri nəzərdə tutulur.
Eyni zamanda, müsabiqə davamlı xarakter alıb və növbəti test imtahanında müvəffəqiyyət qazanmış namizədlərlə dekabrın 14-də yazılı imtahan keçirilib. 105 nəfərin iştirak etdiyi həmin imtahan zamanı namizədlər cinayət və mülki sahələr üzrə 2 kazus xarakterli sualı yazılı cavablandırıb. İmtahanı beynəlxalq təşkilat və yerli QHT-lərdən olan çoxsaylı müşahidəçi və KİV nümayəndələri izləyiblər.
Hakimliyə namizədlərin cavab vərəqələri kodlaşdırılaraq anonim qaydada, ikiqat üsulla Hakimlərin Seçki Komitəsinin üzvləri və dəvət edilmiş mütəxəssis-ekspertlər tərəfindən ayrı-ayrılıqda yoxlanılıb. Onların qanunun məzmununu açmaq və izahını vermək, kazusları həll etməklə qoyulmuş məsələlərə düzgün qiymət vermək bacarıqlarına xüsusi diqqət yetirilib.
İmtahanın nəticəsinə görə hər bir sahə üzrə 60 və daha çox bal toplamış 64 namizəd müsabiqənin növbəti mərhələsinə – şifahi imtahana buraxılıb. Həmin şəxslərin siyahısı Məhkəmə-Hüquq Şurasının internet səhifəsində yerləşdirilib (ünvan: www.jlc.gov.az)
Eyni zamanda, bildirilib ki, hakimliyə namizədlərin sənədlərinin qəbulu davam edir. Artıq 140-dan çox hüquqşünas sənədlərini, həmçinin elektron qaydada təqdim edib. Hakimlərin Seçki Komitəsi hakim olmaq arzusunda olan şəxsləri müsabiqədə daha fəal iştiraka dəvət edir.


Mənbə: https://azertag.az
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: