Muxtar respublikada əmək qanunvericiliyinin tələblərinə əməl olunması diqqətdə saxlanılır

12-02-2020, 00:30
94

Ölkəmizdə, o cümlədən muxtar respublikada əməyin mühafizəsi tədbirləri diqqət mərkəzindədir. Əmək şəraitinin yaxşılaşdırılması ilə yanaşı, istehsalat mədəniyyətinin yüksəldilməsi istiqamətində də müvafiq işlər aparılır.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, muxtar respublikada genişmiqyaslı tikinti-abadlıq işlərinin aparılması, yeni istehsal və emal müəssisələrinin, xidmət sahələrinin fəaliyyətə başlaması iqtisadiyyatın müxtəlif sahələrində çalışan işçilərin əmək hüquqlarının qorunması və əməyin mühafizəsi üzrə tədbirlərin həyata keçirilməsini şərtləndirir.
Bu baxımdan muxtar respublikanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən işçilərin əmək hüquqlarının qorunması, qanunvericiliyin tələblərinə əməl olunması, istehsal və tikinti sahələrində işçilər üçün müvafiq iş şəraitinin təmin edilməsi, həmçinin əməyin mühafizəsinin norma və qaydalarına əməl olunması istiqamətində nəzarət tədbirləri ötən il də davam etdirilib.
Nazirlik tərəfindən 2019-cu il ərzində işəgötürənlərin iş yerlərində müvafiq şəraitin yaradılmasına, işçilərin fərdi mühafizə vasitələri ilə təmin edilməsinə və əməyin mühafizəsi qaydalarına əməl olunmasına nəzarət məqsədilə 87 obyektdə monitorinqlər aparılıb. Nəzarət zamanı fərdi və kollektiv mühafizə vasitələrindən istifadə etməyən 177 işçi həmin vasitələrlə təmin edilib, 89 işçi isə müvəqqəti olaraq tikinti sahəsindən uzaqlaşdırılıb. İstehsalatda xəsarətalmaya dair 2019-cu il ərzində Dövlət Əmək Müfəttişliyi Xidmətinə 24 məlumat daxil olub ki, bunların da qanunamüvafiq araşdırılması başa çatdırılaraq müvafiq aktla rəsmiləşdirilib. Digər 17 hadisə zamanı isə əmək qabiliyyətinin itirilməsi halı qeydə alınmayıb.


Mənbə: https://azertag.az
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: