“El havası” əyləncəli musiqi layihəsinin növbəti seçim turları Masallı rayonunda keçiriləcək

12-02-2020, 01:00
221

Gənclər və İdman Nazirliyinin “El havası” əyləncəli musiqi layihəsi fevralın 13-14-də bu ilin “Gənclər paytaxtı” seçilən Masallı rayonunda həyata keçiriləcək. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin reallaşdırdığı layihə əsasən region gənclərini əhatə edir.
AZƏRTAC Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, layihənin məqsədi respublikanın rayon və şəhərlərində yaşayan istedadlı gənclərimizin üzə çıxarılmasına şərait yaratmaq, onların asudə vaxtının səmərəli keçirilməsini təşkil etmək, qədim el havalarını, xalq mahnılarımızı, rəqslərimizi, milli-mədəni irsimizi təbliğ etməkdir.
Yarışma haqqında geniş məlumat əldə etmək məqsədi ilə “El havası” sosial media hesabı yaradılıb. İştirak etmək istəyən hər bir gənc “El havası”nın “facebook” səhifəsində qeydiyyatdan keçə, həmçinin yerli gənclər və idman idarəsinə müraciət edərək layihəyə qatıla bilər. Yarışma rəqs, solo ifa, musiqi alətində ifa olmaqla üç nominasiya üzrə keçirilir.
Beləliklə, Astara, Yardımlı, Masallı, Lerik, Cəlilabad, Biləsuvar, Neftçala, Salyan və Lənkəran rayonundan olan gənclər qeyd olunan tarixlərdə seçim turlarında iştirak etmək üçün Masallı rayonunda yerləşən Mədəniyyət Mərkəzinə müraciət edə bilərlər.
Qeyd edək ki, layihə, artıq respublikanın iki böyük zonası olan Gəncə-Qazax və Şirvanda reallaşıb.


Mənbə: https://azertag.az
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: