Hər xəstəliyə uyğun bitki çayı qəbul edilməlidir

12-02-2020, 08:30
153

Yaşıl çayın tərkibi antioksidantlarla zəngindir və onun qəbulu qara çaydan daha faydalıdır. Lakin onu gün ərzində bir stəkandan artıq içmək və ilboyu hər gün qəbul etmək düzgün deyil, çünki kalsium və mineralları bədəndən yuyub aparmaq qabiliyyətinə malikdir. Yaşıl çayın tərkibində polifenollar var. Xüsusən qadınlar 48 yaşına çatanda onlarda osteoparoz başlayır. Ona görə onların həmin çaydan az istifadə etməsi məsləhətdir.
AZƏRTAC xəbər verir ki, bu barədə həkim-fitoterapevt Elnur Eldaroğlu deyib.
Həkimin dediyinə görə, yaşıl çaydan da faydalı bitkilər var. Məsələn, cökə, rozmarin. Rozmarin həm də arıqlamaq üçün ideal vasitədir. Bəzən el arasında ona ətotu da deyirlər. Türkiyədə bibəriyyə adı ilə daha çox tanınır, onun yağından kosmetik vasitə kimi də istifadə edirlər.
“Hər gün çobanyastığı çayı içmək də zərərlidir, çünki onun tərkibində olan xamazolen bağırsaqlara büzüşdürücü təsir edərək qəbizlik yaradır. Qəbizliyə qarşı isə ən yaxşı vasitə kəcəvər və ya kətan toxumu içməkdir. Bütün oynaq xəstəliklərinə duzlaşma deyirlər. Halbuki duzlaşma adlı termin yoxdur, bu, osteofitlərin olmasıdır. Bu zaman itburnu, qızılçətir və mərcangilə bitkiləri qığırdağın funksiyasına yaxşı təsir edir. Bitkiləri hər xəstəliyə uyğun olaraq qəbul etmək lazımdır”, - deyə həkim-fitoterapevt əlavə edib.


Mənbə: https://azertag.az
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: