Bioloqlar dəridəki mikroblara görə insanın yaşını hesablamağı öyrəniblər

13-02-2020, 08:00
33


ABŞ-ın molekulyar bioloqları insan dərisindəki mikroflora nümunələri əsasında onun yaşını (3-4 il yanlışlıqla) müəyyənləşdirmək üçün alqoritm hazırlayıblar. Bu barədə məlumat “mSystems” jurnalında yer alıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Kaliforniya Universitetinin (ABŞ, San-Dieqo) bioloqu Syuy Çjentszyanın sözlərinə görə, belə bir alqoritm orqanizmin qocalmasında və bununla əlaqədar xəstəliklərin yaranmasında mikrofloranın rolunu başa düşməyə kömək edəcək. Bioloqlar, həmçinin qocalmanı ləngidən müxtəlif preparatların heyvan və insan orqanizmlərinə necə təsir etdiyini yoxlaya biləcəklər.
İnsan orqanizmində onun öz hüceyrələrindən təxminən 10 dəfə çox miqdarda bakteriya, göbələk və mikrofloranın digər nümayəndələri yaşayır. Bu birhüceyrəli orqanizmlər nəinki həzmə və maddələr mübadiləsinə, həmçinin həyatın digər aspektlərinə, eləcə də insanların davranışına təsir göstərir. Məsələn, mədənin və bağırsağın mikroflorasında müəyyən mikrobların olması xərçəng və digər xəstəliklərin yaranma ehtimalını artırır.
Syuy Çjentszyan və onun həmkarları “American Gut Project” təşəbbüsü çərçivəsində könüllülərin anonim göndərdikləri tüpürcək və digər ifrazat nümunələri əsasında bu qənaətə gəliblər ki, insan bədəninin müəyyən hissə və orqanlarının mikroflorasından onun yaşını öyrənmək üçün istifadə etmək olar.
Bioloqlar bu layihədəki informasiyanı analoji məlumat bazası ilə birləşdirərək ümumilikdə mədə mikroflorasının 4,4 min nümunəsini, habelə Kanada, ABŞ, Çin və Tanzaniya əhalisinin dərisində və tüpürcəyində yaşayan birhüceyrəli orqanizmlərin müvafiq olaraq 2,5 və 2 min nümunəsini əldə ediblər. Alimlər bu biomaterialı hərtərəfli tədqiq edərək tutuşdurub, həmin mikroflora nümunələrinin aid olduqları insanların cinsi, diyetası, yaşı və digər səciyyəvi cəhətləri baxımından ümumi və fərqli xüsusiyyətlərini ayırmağa başlayıblar.
Məsələn, kişilərin və qadınların mədələrindəki bakteriyalar quruluş tərkibi və müxtəlifliyə görə nəzərəçarpacaq dərəcədə fərqlənib, lakin tüpürcək və dərinin mikroflorasında bu cür fərqlər aşkar edilməyib.
Analoji olaraq dəri və tüpürcəyin mikroflorasının strukturu könüllülərin yaşının artması ilə əlaqədar nəzərəçarpacaq dərəcədə dəyişib ki, bu da mədədəki bakteriyalar üçün xarakterik deyil. Beləliklə, tüpürcəkdə və dəridə olan bakteriyaların quruluş tərkibinə və müxtəlifliyinə görə insanın yaşını təxmini (3,8-4,5 il yanlışlıqla) söyləmək olar. Lakin həzm orqanları üzrə bu göstərici 11,5 ildir.
Alimlərin fikrincə, bu fərq onunla bağlıdır ki, dəridə və ağız boşluğunda mikrobların yaşayış şəraiti bütün insanlar üçün eyni dərəcədə dəyişir, lakin mədədə olan bakteriya, göbələk və viruslar hər kəsin konkret diyetasından asılıdır.
Tədqiqatçılar ümid edirlər ki, bu məlumatların gələcək təhlili və “maşın öyrənməsi”nin yeni metodlarının tətbiqi daha dəqiq proqnoz söyləməyə, habelə mikroflora ilə insan orqanizminin bütövlükdə fəaliyyəti arasında digər vacib əlaqələri müəyyənləşdirməyə kömək edəcək.




Mənbə: https://azertag.az
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: