Revmatizmdə prosesə ilkin olaraq ən iri və işlək oynaqlar qoşulur

13-02-2020, 08:30
127


Revmatizm epidemik xəstəlik olmasa da, onun yaranmasına səbəb olan streptokok infeksiyası epidemiya xarakteri daşıya bilər. Ona görə də xəstəlik məktəbli, uşaq evləri və xəstəxanalarda, həmçinin yoxsulluq və şəraitsizlik içində yaşayan böyük ailələrdə baş verən streptokok epidemiyalarından sonra meydana çıxır.
Bakıdakı 20 nömrəli poliklinikanın həkim-terapevti Solmaz Musayeva AZƏRTAC-a deyib: “Xəstəlik kəskin şəkildə keçirilmiş anginadan təxminən üç həftə sonra başlayır. Çox vaxt temperatur 40 dərəcəyədək artır, nəbz sürətlənir, titrəmə, möhkəm tərləmə, halsızlıq yaranır, oynaqlar şişkinləşir və ağrılı olur. İlk növbədə prosesə ən iri və işlək oynaqlar qoşulur. Prosesə cəlb olunan oynaq şişir, qızarır, əllə yoxlayanda isti olur, hərəkət zamanı güclü ağrılar baş verir. Ağrılar keçici xarakterdə olur və bir oynaqdan digərinə ötürülür.
Bəzi hallarda, xüsusən uşaqlarda revmatizm daha yumşaq, hətta xroniki formaya keçə bilər. Ümumi halsızlıq, ürəkdöyünmə və oynaqlarda qeyri-spesifik yüngül ağrılar olur”.
O, xəstəliyin müalicəsi haqqında deyib ki, ilkin mərhələlərdə antibiotiklərdən istifadə olunur. Sonrakı dövrdə iltihab əleyhinə müalicə və fitoterapiya daha səmərəlidir.
Pəhriz barədə isə həkim-terapevt bunları deyib: "Revmatizmin kəskinləşməsi zamanı 3-4 gün ərzində meyvə pəhrizi saxlamaq lazımdır. Xəstənin qəbul etdiyi qida məhsulları zülal və vitaminlər, xüsusən də C vitamini ilə zəngin olmalıdır. Qidada xörək duzu, karbohidratlar, o cümlədən şəkər, ağ çörək, kartof, qızardılmış və yağda yeməklər, ədviyyatlar, çay, qəhvə və alkoqol məhdudlaşdırılmalıdır. Revmatizm zamanı ilin fəslinə uyğun olaraq qarpız, təzə qaragilə meyvələri və onlardan hazırlanan dəmləmə, bişirmə və kisellər, ballı quşüzümü şirəsi qəbul etmək məsləhətdir”.


Mənbə: https://azertag.az
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: