Ulu Öndər haqqında yeni kitab

10-03-2020, 07:00
180

Dünyanın heç bir ölkəsində belə əmin-amanlıq, təhlükəsiz, dinc yaşayış, həyat tərzi təmin edilməyib. Azərbaycan xalqı əmin-amanlıq içində yaşayır. Ölkəmizə gələn bütün qonaqlar Bakının gözəlliyinə, müasirliyinə, abadlığına heyran olurlar.
Azərbaycanda bütün millətlər mehribanlıq, dostluq, sülh şəraitində yaşayır. Azərbaycan tolerant ölkə kimi dünya dövlətlərinə nümunədir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər general Həsən Şirinovun ulu öndər Heydər Əliyev haqqında qələmə aldığı “Xilaskar” kitabında yer alıb. Müəllifin məqsədi müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ulu öndər Heydər Əliyevin Vətən və xalq qarşısında misilsiz xidmətlərini, həyata keçirilməsi mümkün olmayan taleyüklü məsələləri, qlobal dövlət layihələrini hansı dünya güclərinə qalib gələrək necə gerçəkləşdirdiyini, əfsanələri reallığa çevirən siyasi güc və qüdrətini, xalqımızın rifahına həsr etdiyi həyat və fəaliyyətini bugünkü gənclərin yaddaşlarına həkk etmək və gələcək nəsillərə çatdırmaqdır. Bu kitab gənclərdə çevik düşünməyi, praktik biliklərə malik olmağı, riyakar qüvvələrlə müzakirə, araşdırma və təhlillərdə aldanmamağı, siyasi kursu dövlət müstəqilliyimizin qarantı olan o böyük şəxsiyyəti – ulu öndər Heydər Əliyevi dərk etməyi, qiymətləndirməyi bacarmağı və azərbaycanlılığı ilə fəxr etməyi aşılayır.
Nəşrin elmi redaktoru, akademik, Xalq yazıçısı Kamal Abdullanın fikrincə, kitab təkcə Ulu Öndəri yaxşı tanımağa deyil, həmçinin o dövrdə baş verən bir çox hadisələri doğru-düzgün təsəvvür etməyə və onları qiymətləndirməyə kömək etmiş olur. Kitabın fəsilləri Heydər Əliyev şəxsiyyətinin müxtəlif tərəflərinə işıq salmaqla yanaşı, həm də müəllifin portret cizgilərini ortaya qoyur: “Qələmə aldığı şeirlər onun qəlbinin kövrəkliyini, nələrə sevindiyini, nələrə kədərləndiyini göstərirsə, düşüncəsinin məhsulu olan hikmətli sözləri, aforizmləri onu müdrik, insanları, həyatı, keşməkeşli dünyamızı daha dərindən duyan şəxsiyyət kimi bizə göstərir”.
Kitabın məsləhətçisi Yeni Azərbaycan Partiyası icra katibinin müavini, hüquq elmləri üzrə fəlsəfə doktoru Siyavuş Novruzov, ədəbi redaktoru Əməkdar incəsənət xadimi Baba Vəziroğludur. Nəşrə tarix üzrə elmlər doktoru İsgəndər Quliyev rəy yazıb.


Mənbə: https://azertag.az
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: