Əlahiddə Ümumqoşun Ordu üçün Mərkəzi Hərbi Xəstəxananın inşası davam edir

16-03-2020, 11:00
99

Naxçıvan Muxtar Respublikasında ordu quruculuğu sahəsində görülən işlər çərçivəsində Naxçıvan şəhərində Əlahiddə Ümumqoşun Ordu üçün 4 min 92 kvadratmetr ərazini əhatə edən Mərkəzi Hərbi Xəstəxana inşa olunur.
Zirzəmi ilə birlikdə 5 mərtəbədən ibarət olan hərbi xəstəxananın hər mərtəbəsində 5 bölmə və müxtəlif şöbələr fəaliyyət göstərəcək. Binada 250-yə yaxın otağın olması nəzərdə tutulub. Hərbi xəstəxanada travmatologiya, poliklinika, anesteziologiya, intensiv terapiya, reanimasiya, qəbul çeşidləmə, əməliyyat, cərrahiyyə, VİP, urologiya, psixonevrologiya bölmələri, laboratoriya, yeməkxana və digər infrastruktur şəraiti yaradılacaq. Hər mərtəbədə 4 lift və veb-kameralar quraşdırılacaq. Xəstəxana gələcəkdə qabaqcıl ölkələrin istehsalı olan müasir tibbi avadanlıqlarla təchiz ediləcək və burada hərbi qulluqçuların tibbi müayinə və müalicəsinin keyfiyyətlə aparılması üçün nümunəvi şərait yaradılacaqdır.
Xəstəxana ərazisində helikopter meydançası yaradılıb ki, bu da təxirəsalınmaz hallarda xəstələrə təcili tibbi yardım göstərilməsinə imkan verəcək.
398 çarpayılıq hərbi xəstəxananın dam örtüyü vurulub, bütün mərtəbələrdə kommunikasiya xətlərinin çəkilişi başa çatıb, havalandırma sistemi quraşdırılıb. Binanın su və kanalizasiya xətlərinin çəkilişi yekunlaşıb. İnşaatçılar dəmir konstruksiya və izolyasiya işlərini davam etdirirlər. Hazırda xəstəxananın ətrafındakı piyada yollarına kilid daş döşənir. Burada yaşıllıqlar və gülkarlıqlar salınacaq, müasir işıqlandırma sistemi qurulacaqdır.
Qeyd edək ki, Əlahiddə Ümumqoşun Ordu üçün inşa olunan Mərkəzi Hərbi Xəstəxana istifadəyə verildikdən sonra MDB məkanında ən böyük mərkəzi hərbi xəstəxanalardan biri olacaq.


Mənbə: https://mod.gov.az/
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: