Novruz bayramınız mübarək!

19-03-2020, 16:00
53

Dövlət İmtahan Mərkəzinin kollektivi adından xalqımızı Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza cansağlığı, səadət və işlərinizdə böyük uğurlar arzulayırıq

Dövlət İmtahan Mərkəzinin kollektivi adından xalqımızı Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza cansağlığı, səadət və işlərinizdə uğurlar arzulayırıq.
Yazın müjdəçisi olan Novruz bayramı tarixən insanlarımız tərəfindən birlik, mehribanlıq, qardaşlıq rəmzi kimi qarşılanmış, sevilmiş və böyük məhəbbətlə qeyd olunmuşdur. Novruzun gəlişi insanlarda ülvi duyğular oyadır, hər kəsə sonsuz sevinc və fərəh bəxş edir.
Novruz insanlara ümid verir, onların iradəsini möhkəmləndirir, mənəvi zənginliyini, artırır. Novruz həm də cəmiyyəti sağlamlaşdırır, saflaşdırır, durulaşdırır.
Bildiyiniz kimi bugünlərdə koronavirus (COVİD-19) infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə dövlətimiz tərəfindən müəyyən tədbirlər həyata keçirilir və bu çərçivədə bir sıra kütləvi tədbirlər təxirə salınmışdır. Dövlət İmtahan Mərkəzi də vətəndaşların sağlamlığını qorumaq məqsədilə kütləvi imtahanların keçirilməsini müvəqqəti dayandırıb. Görülən tədbirlər ictimai həyatın digər sahələrində olduğu kimi, tədris prosesində də ləngimələrə səbəb olsa da, insan sağlamlığının hər şeydən dəyərli olması bu tədbirləri zəruri edir. Hər birimiz özümüz və yaxınlarımızın qayğısına qalmalı, rəsmi dövlət orqanları və mütəxəssislər tərəfindən tövsiyə olunan qoruyucu tədbirlərə riayət etməliyik.
Pis günün ömrü az olar. Əminik ki, dövlət və vətəndaşlarımızın birgə səyi ilə bu problem yaxın vaxtlarda öz həllini tapacaq və hər birimiz normal iş rejiminə qayıdacağıq. Rəsmi olaraq tədris prosesinə fasilə verilsə də, müasir texnologiyalar öz evimizdən sosial həyatımızı, o cümlədən tədris prosesini davam etdirməyə imkan verir. Biz sosial media, elektron poçt və digər onlayn vasitələrdən istifadə edərək, müəllimlərimiz, tələbə yoldaşlarımızla ünsiyyəti davam etdirə, lazımi məlumatları əldə edə bilərik. Bir sözlə, müasir dünyanın gətirdiyi problemləri, elə müasir dünyanın təmin etdiyi imkanlarla həll etmək mümkündür.
Bütün proses boyu Dövlət İmtahan Mərkəzi həmişə olduğu kimi sizin yanınızda olacaq, sizi gələcək imtahanlarla əlaqədar lazımi məlumatlarla təmin edəcək. DİM-in rəsmi internet səhifəsi, sosial media kanalları, həmçinin Çağrı Mərkəzi vasitəsilə sizi maraqlandıran bütün suallara cavab tapa biləcəksiniz.
Bu müddətdə abituriyentlərə və valideynlərə tövsiyə edirik ki, imtahan və tədris prosesində yaranmış fasilədən istifadə edərək dərslərdən uzaqlaşmamaq üçün ev şəraitində Dövlət İmtahan Mərkəzinin “Youtube” kanalı vasitəsilə təqdim edilən “vizuallaşdırılmış dərs” və otk.az portalında keçirilən onlayn sınaq imtahanı xidmətlərindən istifadə etsinlər.
Bir daha xalqımızı bayram münasibətilə təbrik edir, hər birinizə Novruz ovqatı, bahar əhval-ruhiyyəsi arzu edirik!
Novruz bayramınız, Bahar bayramınız mübarək olsun!


Mənbə: http://dim.gov.az/
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: