Bu il Azərbaycanda 5 min hektardan çox sahədə şəkər çuğunduru əkilməsi planlaşdırılır

31-03-2020, 10:00
210

Bu il respublika ərazisində 5 min hektardan çox şəkər çuğunduru əkilməsi nəzərdə tutulub. Artıq 2 min hektardan çox sahədə səpin aparılıb.
AZƏRTAC xəbər verir ki, respublika ərazisində şəkər çuğundurunun əkini davam edir. Şəkər İstehsalat Birliyinin aqrar bölməsinin rəhbəri Rövşən Əliyev bildirib ki, bu il şəkər çuğunduru elmi əsaslara söykənən intensiv qaydalara uyğun əkilir. Yəni, əsas məqsədimiz az əkin sahəsindən daha çox məhsul əldə etməkdir.
Artıq bir neçə gündür səpin işləri davam edir. Səpin işlərinin vaxtında və keyfiyyətli aparılması üçün ötən illərdən fərqli olaraq bu il 6 və 12 cərgəli toxum aqreqatlarına üstünlük verilib. Bu da vaxt itkisinin qarşını almaqla yanaşı, əkin işlərinə çəkilən xərci də azaldır.
Rövşən Əliyevin sözlərinə görə, bu il 400 mülkiyyətçi ilə şəkər çuğundurunun əkini üçün müqavilələr bağlanılıb. Elmi əsaslara söykənən intensiv qaydada aparılan əkin işləri zamanı rayonlaşdırılmış toxumlardan istifadə edilir. Şəkər İstehsalat Birliyinin rəsmisi bildirib ki, Azərbaycan ərazisində iqlimə uyğun olaraq “NZ” növ toxumlar səpilir. Məqsəd isə sahələrdən daha bol məhsul götürməkdir.
Fermerlər də şəkər çuğundurunun gəlirli sahə olduğunu bildirirlər. Təsərrüfat sahibi Asif Abdullayev deyir ki, bu il 20 hektar sahədə şəkər çuğunduru əkib. Onun sözlərinə görə, şəkər çuğundurunun bazarının olması satış zamanı problem yaratmır. Fermer sahədən yüksək məhsul əldə etməyi planlaşdırıb.
“Azad-1” kəndli fermer təsərrüfatının aqronomu Əkbərağa Abbasov isə bildirib ki, şəkər çuğunduru əkini gəlirli olduğu üçün bu il 30 hektar sahədə səpin aparmağı planlaşdırırlar. Artıq 13 hektar sahədə səpin işləri başa çatıb.
Qeyd edək ki, ötən il respublika ərazisində əkilən şəkər çuğunduru sahələrindən 200 min tondan çox məhsul toplanılıb. Cari ildə bu rəqəmin 250 min tondan çox olması planlaşdırılır.


Mənbə: https://azertag.az
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: