Polad Sabirlini doğum günü münasibətilə təbrik edirik! (6 aprel 1973-cü il)

6-04-2020, 17:30
211

Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi, Azərbaycan Yazıçılar Birliyinin üzvünü, istedadlı qələm sahibini, gözəl şairimizi, Polad Sabirlini doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!

Mətbuat xidməti


SORUŞUN

Xoş sədanı dualardan,
Laylanı dildən soruşun.
Kəkliyi sal qayalardan,
Ceyranı çöldən soruşun.

Yaman olar sözün çiyi,
Sevincə qatın hər şeyi,
Ağ biləkdən bilərziyi,
Sığalı teldən soruşun.

Sabah bu gündən, dünəni,-
Özümçün, özgədən məni,
Koldan-kosdan bənövşəni,
Bülbülü güldən soruşun.

İgid eldən dönməz qəti,
Eldə yaşar el adəti,
Ürəklərdən məhəbbəti,
Zəhməti əldən soruşun.

Yar axtarar, yarı gəzər,
Gəzər, yarı sarı gəzər,
Çiçək üstə arı gəzər,
Sonanı göldən soruşun.

Sevə-sevə el, hamını,
Bir-bir tapar il, hamını,
Eldən alar ilhamını,
Poladı eldən soruşun.

16.09.2018.

ALLAHIM BİLİR

Başım elə qarışıb ki,-
Heç bilmirəm hayandayam.
Ölümdən bir az bu yanda,
Ayrılıqdan o yandayam.

Əlim hər işdən soyuyub,
Ovcumda üşüyür qar da.
Lap iki dünya bir ola,
Çıxan qan qalmaz damarda.

Dərdə-qəmə yaxınlaşır,
Məndən uzaqlaşan adam.
Ölüb-dirilir, ölümə,-
Baxıb yazıqlaşan adam.

Adam var qəm-kədərinə,
Gecə-gündüz güddü qonaq.
Bu dünyaya elə-belə,
Gəldi qonaq, getdi qonaq.

Xəyallarım pərən-pərən,
Savabı, günahım bilir.
Qismətimdə nə var görən?
Nə bilir, Allahım bilir.

29.03.2020

MƏNİM ÜNVANIMA DƏYMƏYƏYDİ KAŞ

Özgəyə qurduğu hiylə-kələyin,
Özü də bilmədən zoruna düşdü.
Ağız dolusuyla dediklərinin,
Deyəsən axırda toruna düşdü.

Min bir fitnə ilə, min bir şər ilə,
Ortada yeyənlər qıraqda gəzər.
Boş-boş xülyaları özünə sığmaz,
Yuxarı göz qoyar, ayaqda gəzər.

Zamanın şilləsi tutdu-tutmadı,
Nəfsinə qul olar, kölə yaşayar.
Yüz sifətə düşər, yüz dona girər,
Kiçilə-kiçilə belə yaşayar.

Əlləri hər yerdən üzülən kimi,
Üzünə geyməyə üz də tapar o.
Düzü səhv çıxardar, səhvi düz edər,
Hələ danışmağa söz də tapar o.

Ona gülünc gələr gülünc adamlar,
Özü gülünc halda – günə çatsa da.
Özünə “dost” tapar hamam suyuyla,
Söhbətə dönsə də, ünə çatsa da.

Mən özüm-özümlə bacarammıram,
Baş-ayaq zamanla necə yollaşım?
Necə baş çıxardım bu adamlardan, –
Heç nəyi almaym vecə, yollaşım?

Düşmənin tənəsi, dostun töhməti,
Mənim ünvanıma dəyməyəydi kaş.
Qabında bir şeyi olmayan, qəti, –
Özünü boş yerə öyməyəydi kaş…

26.03.2020.

ANAM NAMAZ ÜSTƏ İMİŞ

Dil açdı dərd pərdə-pərdə,
Hələ avaz üstə imiş.
Aşiq agah oldu dərdə,
Hər sirri saz üstə imiş.

Bundan da beş-betər üzü,
Sevinc üzü, kədər üzü,
Bu dünyanın lap hər üzü,
Nəzir-niyaz üstə imiş.

Əyri qara, düz ağ oldu,
Üz ağartdı, –
üz ağ oldu,
Xəta məndən uzaq oldu,
Anam namaz üstə imiş.

16.03.2020


Mənbə: http://edebiyyat-az.com/
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: