Kənan AYDINOĞLU.”Paytaxtdan dünyaya boylanan şair”

13-04-2020, 16:00
201

(Gənc xanım yazar Yağmur Əsmərsoyun bədii yaradıcılıq fəaliyyəti haqqında bir neçə söz)

Zəngin yaradıcılıq ənənələri ilə öz inkişaf səviyyəsini qoruyub saxlayan çağdaş Azərbaycan ədəbiyyatı dövrün, zamanın tələblərinə uyğun olaraq, forma-məzmun, mövzu-ideya baxımından bir-birindən daha maraqlı bədii əsərlərin, poeziya nümun ələrinin, dramaturgiya sahəsində yenifikirli qələm sahiblərinin, istedadlı yazarların, gənc nəslin nümayəndələrinin sayının artmasına, dünyaya və həyata baxışın köklü surətdə dəyişilməsinə, xalqın  zəngin tarixinə nəzər salmaqla, humanizmi, səmimiyyəti, dərin fəlsəfi fikirləri, hikmətamiz sözləri yenidən cilalamağa səbəb olan bir çox sənət əsərlərinin yaramasına səbəb olur. Uzunmüddətli yaradıcılıq axtarışlarının nəticəsi kimi qiymətləndirilə bilən bu proseslərin özündə də xalq hikməti, birbaşa xalqa bağlılığı özündə təcəssüm etdirən ənənələr var.

Novatorluğu və ənəni özündə birləşdirən, tarix boyu “Türkləşmək, islamlaşmaq və müasirləşmək” ideyasının təbliğinə xüsusi önəm verən, qədim köklərə söykənən Azərbaycan ədəbiyyatı görkəmli söz sənətkarları ilə yanaşı ilə həm də, yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndələrinin təbliği, tədqiqi (daha çox ədəbiyyatşünas-alim və ədəbi tənqidçilər tərəfindən araşdırılması) xüsusi diqqət ayırmış, ədəbi mühitdə tanınması üçün lazımi köməklik göstərmişdir. Heç şübhəsiz ki,  bu proses, bu tarixi ənənə bu gün də uğurla davam etdirilir. Ədəbi tənqid isə öz növbəsində müəllif əsərlərinin müsbət və mənfi cəhətlərini müəyyənləşdirməklə qələm sahiblərinin ədəbi-bədii ideya istiqamətinin doğru müəyyən olunmasında mühüm və mühüm olduğu qədər də tarixi rol oynayır. Gələcək üçün oxucu ilə müəllif arasında yeni-yeni körpülərin salınmasına bilavasitə zəmin yaradır.

Əslən Azərbaycandan olmasına baxmayaraq, qürbətdə, bədii yaradıcılığını daha çox lirik şeirləri ilə davam etdirən gənc xanım yazarlardan biri də, təbii ki, Yağmur Əsmərsoydur. Rusiyanın “Mədəniyyət paytaxtı” Sankt-Peterburqda yaşasa belə, qəlbi daim Vətən, yurd eşqi ilə döyünən, böyüyüb, boya-başa çatdığı elinə, obasına bütün varlığı və vücudu qədər bağlı olan xanım yazarın qələmindən çıxan hər bir misradan müəllifin obrazlı təfəkkürə, bədii təsvir və ifadə vasitələrinin daxili imkanlarına bələd olması, daim yenilik axtarışında olması daha aydın çözülür. Böyük əminlik hissi ilə demək olar ki, nəcib, incə duyğulu şeirləri ilə oxucuların rəğbətini qazanan gənc xanım yazar Yağmur Əsmərsoyu böyük ümidlərlə dolu xoşbəxt gələcək gözləyir. Bunun üçün tələb olunan əsas şərtlərdən biri və birincisi daim öz üzərində çalışması, yaradıcılıq fəaliyyətini davam etdirməklə bərabər, həm də ömrünü-gününü mütaliə (daha çox bədii əsərlərin) içində keçirməsi ola bilər. Belə ki, uğurlarının sayı artdıqca hər bir, hətta kiçik uğurdan belə ruhlanması, özünü yeni məzmunlu əsərlər yazmağa sövq etməsi  müəllifin özünəməxsus dəsti-xəttinin formalaşmasına şərair yaradacaq.

Müəllifin şeirlərinin hər birində səmimiyyətin, gələcəyə olan inamın şahidi olmağımız bizə belə deməyə əsas verir. Bir də ki, istedad hər bir şəxs və ya şəxsiyyət üçün önəmli amildir. Heç şübhəsiz ki, istedad müəllifi ədəbi mühitdə tanıdan əsas müsbət keyfiyyətlərdən biri kimi diqqətçəkən məqamlardandır.  İstedad isə öz növbəsində müəllifin xaraterini, dünyagörüşünü formalaşdıran, cərəyan edən ictimai-siyasi hadisələrə biganə qalmamağı təbliğ etməyində əsas və yeganə silahdaşı kimi gözlərimiz önündə canlanır. Duyğu və düşüncələr aləmində bir-birindən maraqlı və maraqlı olduğu qədər də dəyərli sənət nümunələrini yaratmağa vəsilə olan əsas səbəblərdən biridir.

Müasir Azərbaycan ədəbi dilinin funksional üslublar sistemiə daxil olan üslubların hər biri üçün səciyyəvi olan fonetik, leksik, qrammatik normaların gözlənilməsi müəllifin yaradıcılığının əsas müsbət cəhətlərdən biri kimi xarakterizə olunmalıdır.

Müəllifin şeirləri də özü kimi kövrəkdi. Sevgi ilə yazmış olduğu poeziya örnəkləri, sözügedən məsələ ilə bağlı bunu bir daha ədəbi faktor kimi təsdiq edir.

Gənclik dövrünü yaşayan, bərkə-boşa çəkildikcə möhkəmlənən, söz ilə silahlanan, xalqın zəngin adət-ənənələrinə, milli-mənəvi dəyərlərinə dərin hörmət və ehtiram bəsləyən gənc qələm sahibi Yağmur Əsmərsoy oxucusu ilə daha çox könül dilində-səmimiyyə dilində danışır. Uydurmaçılıqdan tamamilə uzaq olması da müəllifin qısa zamanda uğur qazanmasına səbəb olan müsbət keyfiyyəti kimi səciyyələnməlidir. Ona görə ki, fərd və müəllif olaraqgənc xanım yazar sənət meydanında uğur qazanmağın yollarını bilir və bunu dərk edir. Hər şeydən öncə öz istedadına güvənir. İstedadına güvənmədən uğur qazanmağın mümkün olmadığını da ədəbiyyatsevərlərlə bərabər, müəllif həm dərk edir, həm də özü üçün mülahizələr yürüdür. Şeirlərinin hər biri isə real həyat hadisələrinə söykənir. Misradaxili bölgü, qafiyə də öz yerində. Bir çox məqamlarda ictimai-siyasi, fəlsəfi məzmunlu fikirlərini də çatdırmağı unutmur.

Son vaxtlar ədəbi elektron məkanda bir neçə mədəniyyət və ədəbiyyatyönümlü portallarda şeirlərini oxudum. Hər birində cərəyan edən hadisəyə fərqli yanaşmanın, fərqli düşüncənin şahidi oldum desəm, heç də yanılmaram. Hansı mözvuda yazmağından asılı olmayaraq, müəllif hər şeydən öncə dilin sadələyinə, anlaşıqlı və təsirli olmasına önəm verir. Bu amil müəllifin özü üçün də çox vacibdir.
Yaradıcılığında humanizmi, səmimiyyəti təblği edən gənc xanım yazar Yağmur Əsmərsoy gələcək ilə bağlı arzu və istəklərini, düşüncələrini də bölüşür.

Sənət meydanında ilk titrək qədəmlərini atan qələm yoldaşımız, şair dostumuz Xanıməfəndi Yağmur Əsmərsoya yeni-yeni yaradıcılıq uğurları və fəaliyyəti diləməyi özümə həm vətəndaşlıq, həm də qardaşlıq borcu bilirəm. El qızı, uğur olsun!!! Uğurların bol olsun!!!

Gün o gün olsun ki, Sənin Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunmağını görək. Şeirlərinin, bir-birindən maraqlı və rəngarəng kitablarının işığına yığışmaq diləyi ilə

Kənan AYDINOĞLU,
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, 
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.
Bakı şəhəri. 12 aprel 2020-ci il.


Mənbə: http://edebiyyat-az.com/
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: