Azərbaycan yığmasının aparıcı şahmatçıları ölkə kubokunda iştiraklarını təsdiqləyiblər

16-04-2020, 13:30
79

Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək internet üzərindən superblits üzrə birinci Azərbaycan kubokuna qeydiyyat sona yaxınlaşır.
Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, yarışda iştirak etmək üçün 100-ə yaxın şahmatçı qeydiyyatdan keçib.
İştirakçılar arasında Azərbaycan milli komandasının üzvləri, Avropa çempionları Rauf Məmmədov, Qədir Hüseynov, Eltac Səfərli, eləcə də Nicat Abasov, Vasif Durarbəyli, qadın şahmatçılardan ibarət Azərbaycan millisinin təmsilçiləri Günay Məmmədzadə, Zeynəb və Türkan Məmmədyarovalar, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova və digər tanınmış şahmatçılar yer alıb. Eyni zamanda, ABŞ, Ukrayna, Türkiyədə yaşayan Azərbaycan şahmatçıları da yarışda iştirak edəcəklərini təsdiqləyiblər.
Layihənin təşəbbüskarı Beynəlxalq Şahmat Federasiyasının və Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov yarış barədə deyib: "Koronavirus pandemiyası ilə əlaqədar hamı evdə qalmağa çalışır. Biz də özünüzün və ailənizin sağlamlığını qorumaq üçün məhdudiyyət tədbirlərinə riayət olunmasını xahiş edirik. Eyni zamanda, evdə qalan şahmatçıların Azərbaycan kubokunda mübarizə aparmaq imkanı yaradırıq. Yəni evdə qal, amma şahmatdan qalma. Hazırda dünyada internet üzərindən şahmat yarışlarının keçirilməsi geniş yayılıb. Bir neçə saat davam edəcək yarışda rəqabətin olacağı sevindiricidir. Yığma üzvlərinin də iştirakı yarışa olan marağı daha da artıracaq. Şahmat həvəskarlarının internet vasitəsilə bütün oyunları canlı izləmək imkanı olacaq".
"Chess24.com" portalı üzərindən keçiriləcək yarışa qeydiyyat 15 aprel saat 22:00-da başa çatacaq. Yarış aprelin 16-da saat 19-da start götürəcək. İsveçrə sistemi üzrə baş tutacaq turnir 17 turdan ibarət olacaq. İştirakçılara hər oyun üçün 1 dəqiqə və birinci gedişdən başlayaraq hər gediş üçün 1 saniyə əlavə vaxt veriləcək.
Qeyd edək ki, yarışın ümumi mükafat fondu 15000 manat təşkil edir. Qalib 3000 manat qazanacaq. Qadın iştirakçılar arasında ən yaxşı nəticə göstərən şahmatçı 1000 manat əldə edəcək. 16 yaşadək olan və FİDE əmsalı 2200-dən az olan şahmatçılar arasında ən yaxşı nəticə göstərən dörd iştirakçı üçün mükafatlar nəzərdə tutulub.
Turnir İdman Azərbaycan kanalı ilə canlı yayımlanacaq. Partiyaları Əməkdar məşqçi, beynəlxalq usta Anar Allahverdiyev şərh edəcək.


Mənbə: https://azertag.az
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: