Avstriya bu yay mövsümündə sərhədləri alman turistlərə aça bilər

20-04-2020, 10:00
251

Koronavirus pandemiyasının bütün dünyada tüğyan etdiyi hazırkı dövrdə bütün sərhədlərini bağlayan ölkələrdə yay turizminin aqibəti ciddi suallar və narahatlıq doğurur.
AZƏRTAC xəbər verir ki, yay və qış turizminin yüksək səviyyədə inkişaf etdiyi Alp ölkəsi Avstriyada turizm sektorunu təmsil edən qurumlar yayda ölkə sərhədlərinin bağlı qalacağı ehtimalından heç də məmnun deyillər.
Turizm üzrə tədqiqatçı Andreas Rayter “Keine Zeitung“ qəzetinə verdiyi müsahibədə bildirib ki, alman turistlər Avstriyada turizm obyektlərinin əsas müştəriləridir və yay mövsümündə onların ölkəyə girişinin qadağan edilməsi buradakı turizm obyektlərinin üçdəikisinin dövriyyəsinin yarısını itirməsi ilə nəticələnə bilər. Bu isə əsasən kiçik və orta müəssisələr formasında çalışan və ailə təsərrüfatlarından ibarət olan turizm obyektlərinin bir hissəsinin iflasına gətirib çıxara bilər.
Avstriyanın Federal Kənd Təsərrüfatı naziri Elizabet Köstinqer (turizm sektoruna nəzarət bu nazirliyin tabeliyindədir) bildirib ki, bütün dünyada olduğu kimi, bu il Avstriyada da yay mövsümü bir başqa cür gözlənilir. Hazırda həm Avstriyada, həm də Almaniyada koronavirus infeksiyasına qarşı mübarizədə uğurlu nəticələrin əldə olunmasını nəzərə alsaq, iki ölkə arasında turistlərin hərəkəti mümkün ola bilər. Nazir qeyd edib ki, səyahət məhdudiyyəti qarşıdakı aylarda qüvvədə qalacaq və yalnız virusla mübarizədə müsbət irəliləyişlər əldə etmiş ölkələrlə sərhədlərin açılması nəzərdən keçiriləcək.
Qeyd edək hər il Avstriyada turist gecələmələrinin 75 faizi əcnəbilərin payına düşür. Əcnəbilər siyahısına isə qonşu almanlar başçılıq edirlər. Mayın 15-dək bağlı qalmalı olan otellər fəaliyyəti bərpa etdikdən sonra bir müddət yalnız yerli turistlərə xidmət göstərə biləcəklər. Bu isə ildə 150 milyondan artıq gecələmə qeydə alan Avstriya otelləri üçün yetərli sayılacaq qədər müştəri kontingenti deyil.

Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana 


Mənbə: https://azertag.az
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: