Yeni Azərbaycan Partiyası pandemiya şəraitində beynəlxalq əməkdaşlığı davam etdirir

23-04-2020, 03:00
252

Hazırda bütün dünyada insanların sağlamlığına və sosial-iqtisadi inkişafa başlıca təhdid mənbəyinə çevrilən yeni növ koronavirus infeksiyasına qarşı Azərbaycanda çevik və səmərəli mübarizə aparılır. Yeni Azərbaycan Partiyası (YAP) da əhali arasında müxtəlif maarifləndirmə tədbirləri və humanitar aksiyalar həyata keçirməklə COVID-19 infeksiyası ilə mübarizədə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu dövlət siyasətinə yaxından dəstək nümayiş etdirir.
Yeni Azərbaycan Partiyasından AZƏRTAC-a bildiriblər ki, eyni zamanda, YAP yeni növ virusun yaratdığı qlobal böhrana qarşı bəşəriyyətin birgə mübarizəsi prinsipindən çıxış edərək, bu sahədə beynəlxalq əməkdaşlığa da töhfə verməkdədir. Belə ki, YAP sıx əlaqələrə malik olduğu siyasi partiyalar və üzv olduğu təşkilatlar ilə əməkdaşlığı davam etdirərək beynəlxalq səviyyədə fəal təcrübə mübadiləsi aparmaqdadır.
Son həftələrdə YAP “Vahid Rusiya” Partiyası, Çin Kommunist Partiyası, Vyetnam Kommunist Partiyası və Mərkəzçi Demokrat İnternasionalı Təşkilatı ilə təmaslar quraraq, eləcə də Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) təşkil etdiyi onlayn konfransda iştirak edərək, Azərbaycanda COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması, pandemiyanın yaratdığı sosial-iqtisadi çətinliklərin aradan qaldırılması tədbirləri və partiya olaraq bu sahədə gördüyü işlər barədə ətraflı məlumat verib, ölkələrin bu istiqamətdə öz müsbət təcrübələrini bölüşməsi təşəbbüsünü dəstəkləyib.


Mənbə: https://azertag.az
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: