Səudiyyə Ərəbistanında koronavirus xəstələrini robot müalicə edir

30-04-2020, 03:30
157

Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki Kral Abdulla Tibb Mərkəzində COVID-19 virusuna yoluxmuş xəstələrin müalicəsində həkim-robotdan istifadə olunur.
AZƏRTAC xəbər verir ki, texnologiyanın ən son nailiyyəti hesab edilən bu robot test aparır və koronavirus xəstələri ilə təmasda olmuş insanlara diaqnoz qoyur. Krallığın Səhiyyə Nazirliyinin rəsmiləri hesab edirlər ki, həkim-robotun sayəsində xüsusi qoruyucu geyimlərdən istifadə edən tibb personalı, habelə müayinəyə gələnlər arasında təhlükəli virusun qarşısını almaq mümkün olacaq.
Tibb Mərkəzinin rəhbəri Xalid Əl-Cumali bildirib ki, həkim-robot stetoskop, otoskop aparatları, göz kamerası və həssas linzaların köməyilə dərini analiz edən xüsusi kamera ilə təchiz edilib. Robot, həmçinin həkim və tibb bacılarının istifadə etdikləri ləvazimat daşıyır, pasiyentlərə məsləhətlər verir, radioqrafiya görüntüləri çıxarır və onları xəstələrin smartfon əlavəsinə göndərir.
Əl-Cumali əlavə edib ki, bu yüksək texnologiya sayəsində xəstələrə göstərilən xidmətin keyfiyyəti və sürəti də artıb. Belə ki, robot karantin palatalarına daxil olur və oranı tərk etdikdə dezinfeksiya işləri də aparır.
 
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə


Mənbə: https://azertag.az
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: