Zirvə görüşü Azərbaycana və onun liderinə dünyada olan inamın, etibarın və etimadın göstəricisidir

5-05-2020, 03:00
183

Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü Azərbaycana və onun liderinə dünyada olan inamın, etibarın və etimadın göstəricisidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.
S.Fətəliyeva bildirib ki, 2019-cu il oktyabrın 25-26-da Qoşulmama Hərəkatının Bakıda XVIII Zirvə görüşü zamanı təşkilata sədrlik Azərbaycana keçdi. Sədrliyi öz üzərinə götürərkən Prezident İlham Əliyev bəyan etdi ki, Azərbaycan beynəlxalq arenada üzv ölkələrin maraqlarının müdafiə edilməsi üçün əməli addımlar atacaq, həmrəyliyin gücləndirilməsini və qarşılıqlı dəstəyi rəhbər tutacaq. Bu Zirvə görüşü də bir daha göstərdi ki, Azərbaycan Prezidentinin sözü ilə əməli birdir. Azərbaycan Qoşulmama Hərəkatında sədrliyinə dair əhatəli Tədbirlər Planı hazırlayıb və praktiki fəaliyyətə başlayıb.
“Prezident İlham Əliyev Zirvə görüşündə çıxışı zamanı bildirdi ki, koronavirus pandemiyası dünyada vəziyyəti tamamilə dəyişmiş və nəticədə yeni reallıqlar meydana çıxmışdır. Azərbaycan yeni vəziyyətə çevik və adekvat reaksiya verir. Azərbaycanın təşəbbüsü ilə keçirilən Qoşulmama Hərəkatının koronavirusa qarşı Təmas Qrupunun Zirvə görüşü bunu göstərir. Zirvə görüşündə Prezident İlham Əliyev əhatəli çıxış etdi və ölkəmizdə koronavirus pandemiyasına qarşı aparılan tədbirlər haqqında ətraflı məlumat verdi. Prezidentin qeyd etdiyi kimi, pandemiyanın dünyanı bürüdüyü indiki şəraitdə dünyanın əməkdaşlığa böyük ehtiyacı var: “COVID-19 qlobal pandemiyası bütün dünya dövlətlərinə mənfi təsir göstərir. Heç bir ölkə bundan sığortalanmayıb. Qarşılıqlı dəstək, özünə qapanmama və yalnız birgə səylərlə COVID-19-a qalib gələ bilərik”.
Dövlətimizin başçısı çox vacib bir təkliflə də çıxış etdi ki, qlobal həmrəyliyin nümunəsi kimi Qoşulmama Hərəkatının üzv ölkələri olaraq BMT Nizamnaməsində nəzərdə tutulan Baş Assambleyanın COVID-19 pandemiyasına həsr olunmuş dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyası keçirilsin. Bu çox mühüm məsələdir və Azərbaycan Prezidentinin qlobal çağırışlara çox çevik bir reaksiya verməsinin göstəricisidir”, - deyə o qeyd edib.
Deputat söyləyib ki, Zirvə görüşündə BMT-nin Baş katibi Antonio Quterreş və Avropa İttifaqının ali nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti Cozef Borel videomüraciətlə çıxış etdilər. Hər iki şəxs pandemiya ilə mübarizədə Azərbaycan Prezidentinin bu təşəbbüsünü yüksək qiymətləndirdilər. Zirvə görüşündə, həmçinin BMT Baş Assambleyasının 74-cü sessiyasının prezidenti Ticani Məhəmməd-Bande, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus, Afrika İttifaqı Komissiyasının sədri Musa Faki Mahamat və təşkilata üzv olan bir çox ölkələrin dövlət və hökumət başçıları çıxış edərək koronavirus pandemiyası ilə mübarizə yolları haqqında fikirlərini bildirdilər, bu mübarizədə əməkdaşlığın əhəmiyyətini vurğuladılar. Demək olar ki, bütün çıxışlarda Azərbaycan Prezidentinin təşəbbüsləri yüksək qiymətləndirildi. Bu, bizim üçün qürurverici haldır.
“Bütövlükdə, coğrafi təmsilçilik prinsipi əsasında Avropa, Asiya, Afrika və Latın Amerikasında yerləşən ölkələrin iştirakı ilə Təmas Qrupu formatında keçirilən Zirvə görüşü göstərdi ki, Azərbaycan nəinki milli səviyyədə COVID-19-la mübarizədə səmərəli tədbirlər görür, eyni zamanda, regional və qlobal miqyasda da koronavirusa qarşı həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə özünün mühüm töhfəsini verir”, - deyə S.Fətəliyeva vurğulayıb.


Mənbə: https://azertag.az
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: