Saatlıda istixanalarda yetişdirilən şitillər açıq sahələrə köçürülür

6-05-2020, 00:00
180

Saatlıda tərəvəz əkini davam edir. Bir neçə ay öncə istixanalarda yetişdirilən şitillər açıq sahələrə köçürülür.
AZƏRTAC xəbər verir ki, uzun illərdir bu sahədə təcrübəsi olan fermer Şahin Qasımov tərəvəz əkininə 3 hektar ərazi ayırıb. Burada pomidor, bibər və badımcan əkilir. Toxumlar yerli iqlimə uyğun İtaliya sortudur.
Fermerin sözlərinə görə, kənd təsərrüfatına olan dövlət dəstəyi bu sahəyə marağı daha da artırır. Təsərrüfatın sahəsi genişləndikcə əlavə işçi qüvvəsinə də ehtiyac yaranır. Hazırda təsərrüfatda 20-yə yaxın işçi çalışır. İki ay sonra məhsul toplamağı planlaşdıran Şahin Qasımov hər hektara 30 ton məhsul götürəcəyini proqnozlaşdırır.
Əkin sahələrində çalışanlar isə elə yaxın kəndlərdə yaşayan sakinlərdir. Onlardan biri də Pəri Həsənovadır. Onun sözlərinə görə, hazırda əkin mövsümü olduğundan kənd sakinlərinin məşğulluğu da təmin edilir. Kənd sakinləri təkcə tərəvəz-bostan sahəsində deyil, həmçinin pambıq və digər əkin aparılan sahələrdə də çalışırlar.
Saatlı Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə, cari ildə Saatlı rayonu üzrə 800 hektar tərəvəz əkini nəzərdə tutulub. Ötən il 789 hektar tərəvəz sahəsindən 20 min tona yaxın məhsul toplanılıb.


Mənbə: https://azertag.az
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: