Ramil Həsən: Azərbaycan Prezidenti öz təşəbbüsləri, praktik addımları ilə dünyada həmrəyliyin möhkəmlənməsinə mühüm töhfə verir

6-05-2020, 03:00
170

Məlum olduğu kimi, Qoşulmama Hərəkatının fəaliyyətdə olan sədri Prezident İlham Əliyevin tarixi çağırışı və təşəbbüsü ilə dünyanın 120-dən çox ölkəsini özündə birləşdirən Qoşulmama Hərəkatının Təmas Qrupunun videokonfrans vasitəsilə Zirvə toplantısı keçirildi. Videokonfrans çərçivəsində Zirvə görüşünə 40-dan çox üzv ölkənin dövlət və hökumət başçıları ilə yanaşı, BMT-nin Baş katibi, BMT Baş Assambleyasının prezidenti, Afrika İttifaqı Komissiyasının sədri, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru və Avropa İttifaqının ali nümayəndəsi kimi dünyada söz və nüfuz sahibi olan liderlər iştirak etdilər.
AZƏRTAC Milli Məclisin deputatı Ramil Həsənin bununla bağlı məqaləsini təqdim edir.
Təməli 1955-ci ildə Bandunq Konfransı ilə qoyulmuş və 1961-ci ildə Belqradda imzalanmış Sazişlə rəsmən təsis olunmuş Qoşulmama Hərəkatı bu gün BMT-dən sonra dünyada ikinci nüfuzlu və böyük bir təşkilatdır. Xüsusilə vurğulamaq lazımdır ki, Qoşulmama Hərəkatı inkişaf etməkdə olan və üçüncü dünya ölkələrinin daha çox birləşmiş olduğu ölkələr olmasına baxmayaraq, eyni zamanda, inkişaf etmiş bir çox ölkələr də burada öz yerini ya üzv, ya da müşahidəçi statusu ilə almaqdadırlar. Azərbaycan 2012-ci ildən Qoşulmama Hərəkatına daxil olmasına və tamhüquqlu üzv olmasına baxmayaraq, qısa müddətdə xarici siyasətdə effektiv addımları nəticəsində Qoşulmama Hərəkatına 2019-cu ildən 2022-ci ilə qədər rəhbərlik etmək kimi xüsusi tarixi missiyanı öz üzərinə götürmüşdür. Azərbaycan Prezidenti Qoşulmama Hərəkatının daxili nizamnaməsinə uyğun olaraq bu təşkilata üç il ərzində rəhbərlik edəcək.
Bildiyiniz kimi, bütün dünya hazırda qlobal COVID-19 pandemiyasına qarşı ortaq mübarizə çərçivəsində birləşmək üçün müxtəlif yollar axtarmaqdadır. Bu gün xəstəliyin sayı dünya miqyasında üç milyon yarımı keçib. Təəssüf ki, bu gün nə qədər qabaqlayıcı tədbirlər görülsə də, ölümlərin sayının tamamilə qarşısını almaq hələ ki, mümkün deyil. Bu mənada, tarixi təşəbbüsün memarı kimi ortaya çıxmaq və beynəlxalq münasibətlər sistemində idarə edilən deyil, xüsusilə vurğulamaq istəyirəm ki, idarə edənlər kimi nüfuzlu liderlər silsiləsinə daxil olmaq Azərbaycan dövlətinin başçısı cənab İlham Əliyevin nə qədər praqmatik, konkret təklif və təşəbbüslərlə böhran çərçivəsində idarəetmədə mükəmməl söz sahibi olmasının əyani göstəricisidir. Azərbaycan Şərqlə Qərb, Asiya ilə Avropa arasında körpü rolunu oynamaqla bərabər, onun lideri cənab İlham Əliyev də təşəbbüsləri, çağırışları ilə artıq dünya tarixinə düşmüş, öz sözünü demişdir. Belə ki, başladığı gündən bu günə qədər qlobal böhran çərçivəsində Azərbaycan Prezidentinin düşünülmüş, unikal, öz ölkəsinin vətəndaşlarının sağlamlığını əldə əsas tutan addımlar atan qərarlar qəbul etməsi, bu mexanizmə sahib olan hökumət və onun qurumlarının aktiv fəaliyyətinə dəstək verib təşviq etməsi, istiqamətləndirməsi və əlbəttə ki, mərhələli plan çərçivəsində təcrid mexanizminin tətbiqi və insanların sağlamlığı və təhlükəsizliyinin təmin olunması ilə bağlı konkret addımların atılması Azərbaycan Prezidentinin və onun atdığı addımların Ümumdünya Səhiyyə Təşkilat, Avropa Yenidənqurma və İnkişaf Bankı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Birləşmiş Millətlər Təşkilatı, BMT-nin Baş Assambleyası, Avropa İttifaqı, Qoşulmama Hərəkatı kimi dünyanın öndə gələn nüfuzlu beynəlxalq təşkilatları və onların rəhbərləri tərəfindən təqdir olunub və ən yüksək səviyyədə dəyərləndirilib.
Ümumdünya Səhiyyə Təşkilatının fəaliyyətinə ilk mərhələdə beş milyon və daha sonrakı mərhələdə yenidən beş milyon dəyərində könüllü ianə ilə dəstək verilməsi, eyni zamanda, bu qlobal böhranın yayıldığı, insanların öz həyatlarını itirmək təhlükəsi ilə üzləşdiyi, dövlətlərin sərhədlərini bağlayıb əlaqələrini bütün səviyyələrdə kəsmək üçün cəhdlər etdiyi dövrdə Azərbaycan Prezidentinin sürətlə dəyişən və yüksələn yeniliklərə doğru konkret addımlar atması və sərhədlərin bağlı olmasına baxmayaraq, bütün müvafiq innovativ imkanlardan və müasir informasiya texnologiyalarından istifadə edərək dünya tarixində ilk dəfə telekonfrans yolu ilə dövlət başçılarının sammitinin ən yüksək səviyyədə keçirilməsinə nail olması onun tarix qarşısında unikal qabiliyyətini və eyni zamanda, yenilməz idarəçilik mexanizminə sahib olmasını ön plana çıxarıb.
Dünən baş tutan sammit çərçivəsində Avropa İttifaqının ali nümayəndəsinin qlobal pandemiyaya qarşı mübarizə çərçivəsində Azərbaycanın bu addımlarını yüksək dəyərləndirməsi, eyni zamanda, BMT Baş katibinin və BMT Baş Assambleyasının prezidentinin Qoşulmama Hərəkatının sammitində öz fikirlərini ifadə edərkən pandemiyaya qarşı mübarizədə dünyadakı bütün münaqişələrin dayandırılması, səylərin bir istiqamətə yönləndirilməsi və dünyada baş verən bu proseslərdən sonrakı, yəni postpandemiya dövründə iqtisadi tənəzzülün qarşısının alınması və əhalinin sağlamlığı və yeni dünya sisteminə alışdırılması ilə bağlı konkret addımların atılması ilə əlaqədar fikir mübadilələrinin aparılması və bu mübadilələr fonunda Azərbaycan Prezidentinə təşəkkür etməsi, tarixi zərurətdən ortaya çıxan bu addımların cənab Prezident tərəfindən nə qədər yerində və vaxtında atıldığının bir daha bariz nümunəsi kimi ortaya çıxıb.
Şübhəsiz, Azərbaycan Prezidentinin bu istiqamətdə atmış olduğu addımlar Azərbaycanın beynəlxalq münasibətlər sistemində və xarici siyasət strategiyasında da nüfuzunun, söz sahibi olmasının, gücünün, nüfuzunun daha da güclənməsinə, dövlət başçısının güclü liderlik xüsusiyyətləri ilə həm öz ölkəsini, həm də bütün dünyanın bəladan qurtarılması ilə bağlı atılan addımlarda söz sahibi və mövqe sahibi olduğunu bir daha ortaya qoydu.
Böhranın yerli iqtisadiyyatın çökməsinin qarşısının alınmasında təşviş içərisində olan insanların o təşvişdən çıxarılıb normal həyata qaytarılmasında, eyni zamanda, mərhələli həll yolları ilə tədricən bu təcrid prosesindən çıxarılması, makro və mikro iqtisadi göstəricilərin yüksəldilməsi istiqamətində Azərbaycan hökumətinin atdığı addımlar və əhalinin aztəminatlı təbəqəsinin sosial təminatının təmin olunması, insanların minimal zərər və ölümlərlə pandemiyaya qarşı mübarizə çərçivəsindəki planlardan istifadə edərək yararlanması kimi ölkə rəhbərinin bilavasitə rəhbərliyi ilə atılan düşünülmüş, tələblərə cavab verən addımları BMT Baş katibi tərəfindən də yüksək dəyərləndirildi və o, Azərbaycan Prezidentinə təşəkkür etdi.
Şübhəsiz, bu proseslərdə Azərbaycan parlamenti də Prezidentin tarixi və dünyəvi çağırışlarına mütləq səs verməli, parlament diplomatiyasından aktiv istifadə edərək yerli, regional və beynəlxalq səviyyədəki parlament təşkilatları vasitəsi ilə dövlət başçısının bu çağırışlarını, tarixi addımlarını geniş təbliğ etməlidir. Azərbaycan Milli Məclisinin plenar iclasında parlamentin Sədri Sahibə Qafarovanın da Azərbaycan Prezidentinin fikirlərinə dəstək olaraq, birlikdə və bərabər Prezidentimizin hər bir addımına münasibətdə həmrəylik nümayiş etdirməliyik fikri əlbəttə ki, bu qəbildən atılmış nümunəvi bir addımdır. Deputatlar da cənab Prezidentin bu tarixi çağırışlarına səs verməli və həmin çağırışların effektiv və konkret nəticələr verməsi, təbliğat və doğru, düzgün şəkildə təşviq olunması üçün parlament diplomatiyasından maksimal şəkildə istifadə etməlidirlər.
Bildiyimiz kimi, bu gün Azərbaycanın dünyanın 82 ölkəsinin parlamentləri ilə dostluq qrupları və işçi qrupları fəaliyyət göstərməkdədir. Eyni zamanda, Milli Məclisin bir çox beynəlxalq və regional parlament təşkilatlarında Azərbaycan nümayəndə heyətləri formalaşdırılmış və fəaliyyətə başlamışdır.
Əlbəttə ki, hazırda birbaşa ünsiyyət mexanizmi, gediş-gəliş, aviaəlaqələrin olmamasına baxmayaraq, videokonfrans və onlayn əlaqələr bu gün də yüksək şəkildə inkişaf etməkdədir ki, bunun ən mükəmməl nümunəsini Azərbaycan Prezidenti innovativ texnologiyalardan istifadə etməklə ölkəmiz və dünya ictimaiyyəti üçün təqdim etmişdir. Bu baxımdan, Azərbaycan Parlamenti bu prosesdə fəal iştirak etməlidir. Bildiyiniz kimi, Azərbaycan Prezidenti dünən tarixi təşəbbüskarı olduğu Qoşulmama Hərəkatının Zirvə toplantısında yeni bir tarixi çağırışla dünya münasibətlər sistemində öz yerini aldı. Azərbaycan Prezidenti dünən ifadə etdiyi fikrində əgər Qoşulmama Hərəkatının üzvləri etiraz etməyəcəkləri təqdirdə fəaliyyətdə olan sədr kimi BMT-nin Daxili Nizamnaməsinin müvafiq bəndlərinə uyğun olaraq, BMT-nin qlobal pandemiyaya qarşı mübarizə çərçivəsində Baş Assambleyasının xüsusi videokonfrans yolu ilə Zirvə toplantısının keçirilməsinın ən gözəl bir addım ola biləcəyini vurğuladı.
Tarixi zərurətdən yaranan çağırış Azərbaycan prezidentinin qətiyyətli, iradəli, anında və zamanında praqmatik reaksiya vermək qabiliyyətini bir daha ortaya qoymaqla yanaşı, BMT-nin Baş Assambleyasının xüsusi toplantısının çağırılması ilə bağlı təşəbbüsünün də nə qədər vacib və əhəmiyyətli olduğunu ortaya qoydu.
Bu baxımdan mən əminəm ki, Azərbaycan Milli Məclisi də cənab Prezidentin bu istiqamətdəki fikrinə tam şəkildə dəstək verməli, parlamentin rəhbərliyi məqsədəuyğun hesab edəcəyi təqdirdə Azərbaycan parlamentinin 82 ölkə parlamentləri ilə mövcud olan dostluq qrupları vasitəsilə həmin ölkələrin milli parlamentlərinə məktub vasitəsilə müraciətlər ünvanlanmalı və Prezidentin BMT-nin Baş Assambleyasının xüsusi toplantısının COVID-19 pandemiyasına qarşı mübarizə çərçivəsində toplantısının keçirilməsi ilə bağlı təşəbbüsü açıq və aydın şəkildə əməkdaşlıq etdiyimiz ölkələrin parlamentlərində təbliğ olunmalı, bununla bağlı geniş açıq informasiya mübadiləsi həyata keçirilməlidir.
Bildiyiniz kimi, milli parlamentlər dövlətlərin idarə edilməsi mexanizmində önəmli rol oynamaqdadır. Qəbul olunan bütün deklarasiyalar, beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən bütün çağırışlar nəticə etibarı ilə parlamentlərə gəlib ratifikasiyadan keçdikdən sonra ümumi şəklini alaraq həyata keçirilir. Biz əvvəlcədən buna zəmin hazırlayıb, Azərbaycan Prezidentinin dünyanın ən böyük təşkilatı olan BMT çərçivəsində baş tutması üçün çalışmaqla bərabər buna yerli parlamentlər səviyyəsində zəmin hazırlamaq üçün indidən addımlar atmalı və bu prosesi üzv olduğumuz dostluq qrupları vasitəsilə açıq və aydın şəkildə təbliğ etməliyik.
Eyni zamanda, parlament diplomatiyasının digər qolu olan beynəlxalq parlament təşkilatlarındakı Azərbaycan nümayəndə heyətlərinin imkanlarından da maksimum şəkildə istifadə etməliyik. Azərbaycan parlamentinin beynəlxalq parlament təşkilatlarındakı millət vəkillərindən ibarət olan nümayəndə heyətləri formalaşdırılmışdır ki, bu nümayəndə heyətlərimiz vasitəsilə də ölkə parlamentimizin rəhbərliyi məqsədəuyğun hesab edəcəyi təqdirdə yenə bir məktub ünvanlanmalı və bu məktub vasitəsilə Azərbaycan Prezidentinin qlobal böhran çərçivəsində dünya dövlətlərinin biri-biriləri ilə qarşılıqlı ünsiyyətini və pandemiyaya qarşı birlikdə gələcəkdə də mübarizə aparmaq metodlarını ortaya qoyan və BMT-nin Baş Assambleyasının xüsusi toplantısının çağırılması ilə bağlı çağırışını və bunun zərurətinin nədən ibarət olması ilə bağlı məlumatları geniş və açıq şəkildə bizim parlamentimizin beynəlxalq təşkilatlardakı nümayəndə heyətləri vasitəsilə məktub göndərilərək, hər hansı bir konfranslar keçirərək, beynəlxalq parlament təşkilatlarına da çatdırılması bizim üçün çox faydalı və müsbət nəticə verəcəyinə də əminik.
Bu baxımdan, bütün bu proseslər onu göstərir ki, Azərbaycan Prezidenti qəti addımları ilə qısa müddət ərzində nəinki öz ölkəmizin vətəndaşlarının və onların rifahının, eyni zamanda, sağlamlığı və təhlükəsizliyinin qorunması ilə bağlı tarixi addımlar atmış, eyni zamanda bir çox beynəlxalq təşkilatlar vasitəsilə beynəlxalq münasibətlər sistemində qlobal böhranın idarə edilməsində xüsusi liderlik qabiliyyətini, xüsusi istedada, praqmatik düşüncəyə sahib olduğunu bir daha ortaya qoyaraq müasir və yeniləşən dünya sistemində bütün praqmatik və yeniləşən addımlara sürətlə reaksiya verməsinin və eyni zamanda, bütün qlobal bəlalara qarşı birgə mübarizədə liderlik missiyasını, koordinator missiyasını üzərinə götürdüyünü bir daha təsdiq etmişdir. Bütün bunların hər birinə görə Azərbaycan xalqı cənab Prezidentə minnətdardır.
Mən əminəm ki, Azərbaycan prezidentinin atdığı hər bir tarixi addım tarixin bütün mərhələlərində yüksək şəkildə dəyərləndiriləcək və bizim gələcək nəsillərimiz üçün hər zaman və hər an qürur mənbəyi olacaq.


Mənbə: https://azertag.az
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: