Xarici İşlər Nazirliyi tərəfindən “Diplomatiya könüllüləri” üçün təşkil olunan “Evdə qal, Mühazirədən qalma” layihəsinin yekunlaşması barədə AR XİN Mətbuat xidməti idarəsinin məlumatı

13-05-2020, 13:30
122

Bu ilin 3 aprel tarixində başlayan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycanda elan olunmuş “Könüllülər ili” çərçivəsində və hazırda ölkəmizdə tətbiq olunan karantin dövründə gənclərin vaxtlarını səmərəli keçirməsi məqsədilə XİN tərəfindən bu qurumun nəzdində fəaliyyət göstərən “Diplomatiya könüllüləri” üçün təşkil olunan “Evdə qal mühazirələrdən qalma” adlı onlayn görüşlər yekunlaşıb.
Ötən həftə ərzində Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev, Azərbaycan Respublikasının Bolqarıstandakı səfiri Nərgiz Qurbanova, Azərbaycan Respublikasının Efiopiyadakı səfiri Elman Abdullayevin könüllülərlə videokonfransları baş tutub və mühazirəçilər könüllüləri maraqlandıran çoxsaylı sualları cavablandırıblar.
Habelə XİN, ADA Universiteti və Azərbaycanın İsveçrədəki Səfirliyinin birgə təşkilatçılığı ilə ADA Universiteti tələbələri və Diplomatiya könüllüləri üçün  Azərbaycan Respublikasının İsveçrədəki səfiri Xanım İbrahimova, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, Dünya İqtisadi Forumunun Avrasiya bölümünün rəhbəri Anastasiya Kalinina və Cenevrə Universitetinin Qlobal Ətraf Mühit Siyasəti Proqramının direktoru Babak Hedzaji ilə görüş baş tutub.
Görüşlərdə Azərbaycanda dövlətimizin başçısı tərəfindən təşviq olunan könüllülər hərəkatının əhəmiyyətindən və Azərbaycanın xarici siyasətinin prioritetlərindən danışılıb, səfirlər tərəfindən akkreditə olunduqları ölkə və ya təşkilat ilə Azərbaycan arasındakı münasibətlərin geniş əməkdaşlıq gündəliyi barədə məlumat verilib.
COVID-19 pandemiyasının dünya ölkələrinin xarici siyasətinə və iqtisadiyyatına mümkün təsirləri görüşlər zamanı müzakirə edilib. Həmçinin COVID-19-un ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Prezidentinin birbaşa rəhbərliyi altında Azərbaycan hökuməti tərəfindən görülən sistemli tədbirlərdən geniş bəhs olunub.
8 may tarixində Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının sədri Tural Gəncəliyev ilə Şuşa şəhərinin işğalının 28-ci ildönümünə həsr olunmuş görüş baş tutub.
9 May - Faşizm üzərində Qələbə Günündə Bakı Media Mərkəzinin əməkdaşı Müsəllim Həsənov ilə görüş keçirilib və Bakı Media Mərkəzinin ərsəyə gətirdiyi “Hədəf Bakıdır: Hitler neft uğrunda döyüşü necə uduzdu” filmi haqqında könüllülərlə müzakirə aparılıb və daha sonra film onlayn şəkildə Diplomatiya könüllüləri tərəfindən izlənilib.
10 may tarixində Diplomatiya Könüllüləri üçün Azərbaycan xalqının Ümumilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə  Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov ilə görüş təşkil olunub. Görüş zamanı Həsən Həsənov Ulu Öndərin müdrik daxili, xarici və gənclər siyasəti haqqında geniş bəhs edib, Ulu Öndər haqqında xatirələrini bölüşüb.
11 may tarixində-layihənin sonuncu günündə Diplomatiya Könüllüləri bu müddət ərzində mühazirələr zamanı əldə etdikləri bilgilər, keçirilmiş görüşlərin faydaları haqqında müzakirə aparıblar. Belə bir çətin müddətdə, karantin dövründə bu layihənin gənclər üçün həyata keçirilməsinin olduqca səmərəli olduğunu qeyd ediblər. Azərbaycanda gənclərə verilən böyük dəyər, könüllülər hərəkatına göstərilən diqqət, habelə COVİD-19 ilə bağlı Azərbaycan vətındaşlarının sağlamlığı və təhlükəsizliyi üçün həyata keçirilən tədbirlərə görə Diplomatiya Könüllüləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya alqışlarla təşəkkürlərini bildiriblər.


Mənbə: http://mfa.gov.az/
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: