Məleykə Abbaszadə və Britaniya Şurası (British Council) nümayəndələri onlayn konfrans vasitəsilə ingilis dili bacarıqlarının qiymətləndirməsi istiqamətində yeni əməkdaşlıq perspektivlərini müzakirə ediblər

13-05-2020, 15:30
128

12 may 2020-ci il tarixində Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ilə “British Council” Azərbaycan təmsilçiliyinin sədri Summer Xia və “British Council Global Assessment” komandasının rəhbəri Victoriya Klark arasında onlayn görüş keçirilib.
Görüşdə qurumlar arasında yeni əməkdaşlıq perspektivləri, qiymətləndirmə sahəsində yeniliklər, onların tətbiqindəki çətinliklər və bu çətinliklərin aradan qaldırılması yolları müzakirə edilib, yeni fəaliyyət istiqamətləri üzrə gələcək əməkdaşlıq imkanlarına dair razılıq əldə olunub.
Məlum olduğu kimi, hazırda Dövlət İmtahan Mərkəzi British Council ilə olan əməkdaşlıq çərçivəsində öz işçiləri və Mərkəzlə əməkdaşlıq edən ingilis dili müəllimləri üçün nəzərdə tutulan “İngilis dili bacarıqlarının qiymətləndirilməsi üzrə beynəlxalq onlayn pilot təlimlər”in təşkilini uğurla davam etdirir. Təlim çərçivəsində Britaniya Şurasının Qiymətləndirmə qrupu ingilis dili üzrə qiymətləndirmə ekspertləri üçün yeni yaratdığı onlayn təlimi pilot mərhələdən keçirir. DİM-in təlimlərdə iştirakının əsas məqsədi xarici dil üzrə bacarıqların qiymətləndirilməsi istiqamətində tətbiq olunan alətlərin təkmilləşdirilməsini davam etdirmək və pilot layihəyə töfhə verməkdir. Hazırda 3 mərhələli və 6 həftəlik təlim proqramının beş həftəsi uğurla başa çatıb və qarşılıqlı müzakirə nəticəsində təlim platformasının inkişaf etdirilməsi davam etdirilir.
Onlayn görüşdə əsas müzakirə istiqamətlərindən biri də elə təlimlərin nəticələri əsasında atılacaq növbəti addımlar olub. Yeni planlar sırasında təlimi uğurla başa vuran namizədlərinin geniş məzmunlu təlimlərə cəlb edilməsi və eyni məzmunlu təlimin daha böyük auditoriyaya təklif edilməsi yer alır. Bundan əlavə, qurumların ortaq məhsulu olacaq yeni onlayn qiymətləndirmə alətlərinin də tərtib edilməsi əməkdaşlıq sahələri sırasındadır.
Qeyd edək ki, British Council və Dövlət İmtahan Mərkəzi arasında işgüzar əlaqələr 2016‑cı il 23 sentyabr tarixində təhsil və ingilis dili sahəsində əməkdaşlığı təşviq etmək məqsədilə Niyyət Məktubunun imzalanması ilə başlayıb. Həmçinin British Council 2019-cu il 22-27 sentyabr tarixlərində DİM tərəfindən keçirilən Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (IAEA: International Association for Educational Assesment) "Qiymətləndirmə və qərarvermə: fərdi və institusional həll yolları" mövzusunda 45-ci illik beynəlxalq konfransının rəsmi tərəfdaşlarından biri olub.


Mənbə: http://dim.gov.az/
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: