Xalq şairi Vahid ƏZİZ.Yeni şeirlər (I hissə)

14-05-2020, 01:00
75

“VƏTƏN DƏRSLİYİ”…

Məni heyran edir təzadlı həyat
gülünə,barına,yağmurlarına,
insana dünyayanı bəxş edib,rahat-
buraxır nəfsinin ixtiyarına.

Hər cürə canlı var dünya üzündə;
yeriyən,sürünən,qanadı olan,
enən,ucalan var xalqın gözündə,
bir ömür yaşayan,əbədi qalan.

Gödüm yaxşılığı,nöqsan,qələti,
vaxtında gələni,gedəni bivaxt,
“Bir Manat”-yoxsulu xoşbəxt elədi,
“Milyonlar” acgözü elədi bədbaxt!

Hər cürə iftira,böhtanlar,yalan;
səbrimin kasası boşaldı,doldu,
“Ata çörıyinə” həsrətli olan,
çox vaxt çox yeyənnən qeyrətli oldu.

“Vətən dərsliyində” nuru gözümün,
amma,aldıqlarım saralıb-solmur,
bir daha deyirəm: “Çünkü yetimin
Vətəndən savayı heç kimi olmur!”

Mərdi çala bilməz şər atan ilan,
şöhrətlə,nəfsimin qulu olmadım,
mən “Bircə Manatla” bəxtəvər olan,
haram “Milyonlara” tamah salmadınm!!

ÖMÜR…

Danılmaz İlahi sirri deyilsə,
möcüzə deyilsə,bəs nədir ömür?
insan adam kimi yaşaya bilsə,
bəlkə də yenidən verılər ömür.

Təkrar qayıdırıq?,bəlkə bilmirik?
torpaq buraxmırsa,həlbət-getmirik?
bəlkə başqa canda,başqa bədəndə
ruh tapıb yenidən dirilir ömür?

Qayğılar içində nəğmələr deyir,
sevincdən udqunur,qəhəri yeyir,
elə ki,”mamaça” göbəyi düyür,
beşıkdən tutaraq dirçəlir ömür.

Anmyan aldanar min-bir çalara,
ömrün iki rəngi-“ağ” ilə” qara”,
o–baxır Dərgahda yazılanlara;
ya “nökər”,ya da ki,”xan” gəlir ömür.

Mən yaman gecikdim (nə işidirsə?)
həyatdan almalı olduğum dərsə,
“Sevgi tufanında” bəxti gətirsə,
sakit bir limana yönəlir ömür.

Salamat çıxarsan sel də aparsa-
hələ getməyinə zaman qalarsa!
hər kəsin səmada ulduzu varsa,
bəlkə-yerə düşən kölgədir ömür?

Yağmurlar,çiskinlər,qarlar,dumanlar,
saxta yalvaranlar,imdad umanlar,
bəlkələr,hədələr,şübhə-gumanlar…
təpədən-dırnağa “Bəlkə?”-dir ömür.

Vallah,səndə olan dözümə əhsən,
gör-hələ bir kimnən yola getmisən?!
“Hələlik”-söyləsəm sən nə deyərsən?
zaman tamam olur,vaxt gəlir ömür…


Mənbə: http://edebiyyat-az.com/
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: