Xalq şairi Vahid ƏZİZ.Yeni şeirlər (IV hissə)

14-05-2020, 04:00
2 743

ÖMÜRDƏN…

Hər kəslə bir cürə keçər bu oyun-
çox da ömürdəndir,az da ömürdən,
nə payız bezdirsin,nə yazdan doyun;
payız da ömürdən,yaz da ömürdən,

Sevgin-dərdlərimə dərman olacaq,
sinəmə tel çəksən–kaman olacaq,
sevməyi bacarsa-kamın alacaq
oğlan da ömürdən,qız da ömürdən,

Tumurcuq gül açar,qönçə qabarar,
“Olumla”–“Ölümün” içində can var,
hər biri payını alıb aparar–
qərəz də ömürdən,naz da ömürdən,

Ya göyə qaldırar,ya qəddin əyər
insanın-insana verdiyi dəyər,
nəşəsi gələndə dastanlar deyər-
tütək də ömürdən,saz da ömürdən,

Qalsa da yerində “yalla-üzəngi”
köhlən atıb gedər yəhərdəkini,
həyat qulağıma pıçıldadı ki:
“İndi ki,gəlmisən,yaz da ömürdən”.

Dağın,Vahid ƏZİZ,qarı da olsa,
ağsaqqal ixtiyar,qarı da olsa,
güllərdən bal çəkən arı da olsa-
köç edən aparmaz toz da ömürdən,
çöx da ömürdəndir,az da ömürdən…

HAYIF…

Səhər şəfəqiylə birgə oyanıb,
səsini başına almışdı bülbül,
sanki ümidlərin hamısı yanıb,
bəxtin ümidinə qalmışdı bülbül.

Bulvarın içiynən o yan bu yana
gedirdi nizamsız insan axını,
heç kəs boylanmadı eşq fəryadına,
sanki səhər-səhər hamı karıdı.

Nə bülbül bəxtəvər,nə də ki,çiçək-
indi öz dərdinin yarıdı hamı,
alovlar yandırmış ocaq daşıtək
bülbül,qup-qurudu,qurudu hamı,

Nəğmənin,çiçiyəyin gözəlliyindən
xəbərsiz dünyaya gəlib gedərik,
bülbülüm-sən məndən,mən də ki səndən-
hayıf ki,xəbərsiz ölüb gedərik…


Mənbə: http://edebiyyat-az.com/
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: