Daşkəsən inkişafın və quruculuğun yeni mərhələsini yaşayır

29-09-2015, 10:05
960

http://s015.radikal.ru/i330/1509/ca/186506c986e4.jpg


Rayon demokratik və şəffaf seçkilərin keçirilməsinə hazırdır

Hər bir demokratik ölkənin siyasi-ictimai həyatındakı mühüm hadisələrdən biri seçkilərdir. Seçkilərin demokratik, azad və ədalətli keçirilməsi isə mütərəqqi inkişafın əsasını təşkil etməklə yanaşı, seçkili orqanların xalq tərəfindən formalaşdırılmasının əyani ifadəsidir. Azərbaycanda da seçkilərin demokratik keçirilməsi ilə bağlı kifayət qədər təcrübə və zəngin ənənə mövcuddur. Hazırda ölkəmiz beşinci çağırış Milli Məclisə seçkilər ərəfəsindədir. Seçki kampaniyası kifayət qədər demokratikliyi, seçkilərin keçirilməsi üçün lazımi şəraitin yaradılması ilə səciyyələnir.
Azərbaycan xalqı parlament seçkilərinə xoş ovqat, yüksək əhval-ruhiyyə ilə gedir. Çünki bu gün dünyanın əksər regionlarında sosial, iqtisadi və siyasi problemlərin qabarıq şəkildə özünü büruzə verməsinə baxmayaraq, Azərbaycan iqtisadiyyatında inkişaf tendensiyası davam edib.
Ölkəmizdə iqtisadi artım daha çox qeyri-neft sektorunun hesabına təmin edilib. Azərbaycan iqtisadiyyatı dünyada müşahidə olunan ağır problemlərin öhdəsindən layiqincə gəlib ki, bu da qarşıdan gələn dövrdə yeni iqtisadi uğurların əldə ediləcəyinə zəmanət verir. Qazanılan uğurlarda isə Azərbaycanın hər bir iqtisadi zonasının, hər bir şəhər və rayonunun böyük rolu var. Dağlar qoynunda yerləşən Daşkəsən də ölkəmizin inkişafına öz layiqli töhfələrini verməkdədir.

Yüksəlişin Daşkəsən nümunəsi

Son illər Azərbaycanın bütün bölgələri sürətli inkişaf dövrünü yaşayır. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində rayonların iqtisadiyyatı daha da möhkəmlənir, əhalinin yaşayış səviyyəsi yaxşılaşır. Bölgələrdə geniş abadlıq və quruculuq işləri aparılır. Prezident İlham Əliyevin sərəncam və göstərişləri əsasında regionlarda həyata keçirilən quruculuq işləri hər bir bölgənin inkişaf strategiyasına uyğun aparılır. İndi bütün regionlarda səngiməyən abadlıq-quruculuq işləri ölkəmizin kompleks inkişafını təmin edir. Bu sırada son illər Daşkəsən rayonunda görülən işlər də diqqəti cəlb edir.
Hinaldağdan və Qoşqar dağından məğrurluqla boylanan başı qarlı uca zirvələri, bumbuz və gursulu çayları, təmiz və saf havası, yaşıllığa bürünən dilbər gözəlliyi, ümumiyyətlə, ilin bütün fəsillərində təbiətin əsrarəngiz mənzərəsi ilə insanın ruhunu oxşayan Daşkəsən rayonunun inkişafı qürurvericidir. Düşmənin qarşısında hər zaman mətinliklə dayanan, uca dağları, sıldırımlı qayaları ilə alınmaz qalaya çevrilən Daşkəsən quruculuq meydanına çevrilib. Bu gün Daşkəsənə ayaq basan hər kəs elə ilk addımda rayonun son illər keçdiyi inkişaf yolunun və abadlığının şahidi olur. Ölkəmizin hər yerində geniş vüsət alan yenidənqurma işləri Daşkəsən şəhərinin timsalında da aydın görünür.
Daşkəsəndə rayondaxili yolların yenidən qurulması istiqamətində mühüm işlər görülüb. Bir neçə il öncə Prezident İlham Əliyevin sərəncamı ilə ayrılmış vəsait hesabına uzunluğu 47,4 kilometr olan Gəncə-Daşkəsən-Xoşbulaq avtomobil yolu əsaslı təmir olunub. Hazırda rayonda əlvan metal, filiz və əhəng daşı hasilatı uğurla davam edir. Daşkəsən şəhərində isə kanalizasiya, küçələrin işıqlandırma sistemləri yenidən qurulub, 20 yaşayış binasında bərpa-gücləndirmə işləri aparılıb, mədəniyyət evinin, yaşayış binalarının dam örtükləri təmir edilib, Bayraq meydanı yaradılıb.
Daşkəsəndə Azərbaycan dövlətçiliyinin möhkəm əsaslar üzərində qurulmasında, respublikanın hərtərəfli inkişafında müstəsna xidmətləri olan ümummilli lider Heydər Əliyevin xatirəsi də layiqincə əbədiləşdirilib. Ümummilli liderin adını daşıyan park daşkəsənlilərin ən sevimli istirahət yerlərindən biridir. Daşkəsən şəhərinin mərkəzində ulu öndərin abidəsi ucaldılıb. Keçən il oktyabrın 17-də Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Daşkəsəndə Heydər Əliyev Mərkəzinin açılışında iştirak ediblər. Azərbaycanın Heydər Əliyev irsinə əsaslanan davamlı inkişaf konsepsiyasının mahiyyətinin aydın şəkildə öyrənilməsində, ulu öndərin irsinin gənc və böyüməkdə olan nəslə çatdırılması işində mühüm rol oynayan bu mərkəz həm də Daşkəsən şəhərinin görkəminə xüsusi gözəllik verir.
Prezident İlham Əliyev Daşkəsənə səfəri zamanı rayon icra hakimiyyətinin yeni binasında yaradılan şəraitlə tanış olub, avtovağzal kompleksinin, Gənclərin Təlim və İstirahət Mərkəzinin açılışında iştirak edib. Bütün bunlar onu göstərir ki, Azərbaycanda hər bir sahədə həyata keçirilən siyasət Daşkəsəndə də uğurla reallaşır. Yeni istifadəyə verilən hər bir ünvan isə bütövlükdə rayonun simasını gözəlləşdirir, dağlar qoynunda yerləşən Daşkəsənin gözəlliyinə yeni töhfələr verir.
Bu həm də Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının ölkənin bütün bölgələrində olduğu kimi, Daşkəsən rayonunda da uğurla həyata keçirildiyini göstərir. Son illər rayonda mühüm infrastruktur layihələri də yerinə yetirilib. Mərkəzi kitabxana, mərkəzi rayon xəstəxanası, əlil, şəhid ailələri və qəzalı vəziyyətdə olan yaşayış evlərinin sakinləri üçün ümumilikdə 80 mənzilli 5 yaşayış binası, statistika idarəsinin inzibati binası, 13 ümumtəhsil məktəbi və digər sosialyönümlü obyektlər tikilib, "Daşkəsən Filizsaflaşdırma" kombinatının fəaliyyəti bərpa olunub, 2 dəmir yolu körpüsü əsaslı təmir edilib, avtomobil yolları çəkilib, asfalt və Çovdar qızıl zavodları və tutumu 1000 ton olan soyuducu anbar kompleksi istifadəyə verilib, geniş abadlıq-quruculuq işləri aparılıb.
Daşkəsənə ötən ilin oktyabrında etdiyi səfərdən sonra Prezident İlham Əliyev burada abadlıq-quruculuq işlərinin davam etdirilməsini, habelə "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə 2 milyon manatın ayrılması barədə sərəncam imzalayıb. Ümumilikdə isə son iki ildə Daşkəsənin sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə Prezidentin Ehtiyat Fondundan 4 milyon manat ayrılıb.

2015-ci il də uğurlarla zəngindir

Respublikamızın digər rayonlarında olduğu kimi, Daşkəsəndə də 2015-ci ilin ötən dövründə iqtisadi və sosial sferada müsbət nəticələr əldə olunub. Xüsusən iqtisadiyyatın əsas sahələrində istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi əvvəlki ilə nisbətən müxtəlif sahələr üzrə xeyli artıb. Belə ki, bu dövrdə sənaye üzrə 2 milyon 206 min manat (əvvəlki ilə nisbətən 1,7 faiz çox), kənd təsərrüfatı məhsulları 9 milyon 403 min manat (0,5 faiz çox), nəqliyyat üzrə 1 milyon 352 min manat (5,5 faiz çox), ticarət və ictimai iaşə xidmətləri üzrə 7 milyon 999 min manat (6,5 faiz çox) olub.
Hazırda yeni yaradılacaq kənd təsərrüfatı idarəsinin inzibati binasının, Alunitdağ qəsəbəsində 35/6 kilovoltluq elektrik yarımstansiyasının, Qabaqtəpə-Astaf avtomobil yolunda 2 ədəd körpünün tikinti işləri davam etdirilir. Ümumiyyətlə, son vaxtlar Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən aparılan ardıcıl, məqsədyönlü tədbirlər nəticəsində yaxın gələcəkdə də rayonda yeni müəssisələrin yaradılması və bir sıra irimiqyaslı tikinti, təmir-bərpa işlərinin həyata keçirilməsi nəzərdə tutulur. Həmçinin Daşkəsən şəhərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yeni 36 mənzilli yaşayış binasının tikintisi üçün torpaq sahəsi ayrılıb və tezliklə həmin binanın tikintisinə başlanılacaq.
Rayonda il ərzində əhalinin elektrik enerjisi, qaz, istilik və içməli su ilə təchizatı vəziyyətinin yaxşılaşdırılması məqəsədilə daxili imkanlar hesabına mühüm işlər görülüb. Daşkəsən şəhəri üzrə 0,4 kilovoltluq hava elektrik xətlərinin SİP kabellə əvəz olunmasına, rayon ərazisində müasir tipli 6/0,4 kilovoltluq trasformator məntəqələrinin və yeni 35/6 kilovoltluq şəhər yarımstansiyasının, eləcə də inşası dayandırılmış 35 kilovoltluq Əhmədli elektrik verilişi xəttinin tikintisinə başlanılıb. Bu il həmçinin Xoşbulaq, Qazaxyolçular, Zağalı və Qaraqollar kəndlərinin qazlaşdırılması da nəzərdə tutulur.
2015-ci il may ayının 15-də Azərbaycan hökuməti ilə İslam İnkişaf Bankı tərəfindən maliyyələşən "Daşkəsən şəhərinin su və kanalizasiya sistemlərinin yenidən qurulması" layihəsinin icrasına başlanılıb. Daşkəsən şəhərində həmin layihə üzrə yeni içməli su anbarının təməlqoyma mərasimi keçirilib. Bu mühüm tədbirin həyata keçirilməsi nəticəsində Daşkəsən şəhərinin əhalisi fasiləsiz olaraq ekoloji cəhətdən təmiz su ilə təmin olunacaq.
Rayonun bütün daxili yollarının, körpülərin əsaslı təmiri üzrə Daşkəsən RİH tərəfindən Nazirlər Kabinetinə kompleks layihə təklifləri işlənib təqdim olunub. 3300 nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən 25 kilometr uzunluğunda Daşkəsən-Əmirvar- Qabaqtəpə avtomobil yolunun tikintisi üzrə müvafiq sənədlər aidiyyəti üzrə qurumlara təqdim edilib və bu tədbirin həyata keçirilməsi "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na daxil edilib.
"Yeni Daşkəsən" layihəsi isə bütün rayon ictimaiyyəti tərəfindən bəyənilmiş və dəstəklənir. "Yeni Daşkəsən" layihəsi ilə əlaqədar ölkə başçısına, Baş nazirə, aidiyyəti nazirliklərə, komitələrə, şirkətlərə müraciətlər olunub. Artıq Nazirlər Kabinetində müvafiq qaydada baxılaraq yeni layihədə qaldırılan məsələlərin həlli barədə aidiyyəti üzrə nazirliklər, digər qurumlar tərəfindən yazılı surətdə müsbət rəylər alınıb. Hazırda həmin istiqamətdə işlər davam etdirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 yanvar 2015-ci il tarixli sərəncamı ilə 2015-ci il respublikamızda "Kənd təsərrüfatı ili" elan edilib. Daşkəsən həm də kənd təsərrüfatı rayonudur. 2015-ci ilin ölkəmizdə "Kənd təsərrüfatı ili" elan olunması ilə əlaqədar Daşkəsəndə də mühüm tədbirlər həyata keçirilməkdədir. Bununla əlaqədar rayonda bu il kənd təsərrüfatında böyük uğurların əldə ediləcəyi şübhəsizdir.
Cari ildə Daşkəsən rayonunun ən böyük uğurlarından biri də I Avropa Oyunlarının məşəl yürüşünün yüksək səviyyədə təşkil edilməsi oldu. İyun ayında Azərbaycanda keçirilən I Avropa Oyunlarının məşəli ölkəmizin bütün şəhər və rayonlarında alovlandırıldı. Məşəl estafetini may ayının 16-da Daşkəsən rayonu qəbul etdi. Mərasimin yüksək səviyyədə təşkil olunmasına görə I Avropa Oyunlarının Əməliyyat Komitəsi tərəfindən Daşkəsən rayonuna "Xatirə" medalı verildi.

Daşkəsənlilər seçkilərdə də fəaldırlar

Beşinci çağırış Milli Məclisə seçkilərin keçirilməsinə bir aydan bir qədər artıq vaxt qalır. Hazırda deputatlığa namizədlərin qeydə alınması prosesi davam edir. Daşkəsən rayonu 100 saylı Ећəmkir - Daşkəsən və 101 saylı Göygöl - Daşkəsən seçki dairələrini əhatə edir.
100 saylı Ећəmkir - Daşkəsən seçki dairəsində son dəqiqləşdirmələrə görə 36 min 946 nəfər seçici qeydə alınıb. Dairə seçki komissiyasının sədri Ећahin Pənahovun sözlərinə görə, 100 saylı Ећəmkir - Daşkəsən seçki dairəsində 43 seçki məntəqəsi var və bunun 14-ü Daşkəsən rayonunu əhatə edir. 4-ü Daşkəsənin yaşayış məntəqələrini əhatə etməklə 8 seçki məntəqəsində vebkamera quraşdırılıb.
101 saylı Göygöl - Daşkəsən seçki dairəsi isə 74 seçki məntəqəsini əhatə edir. Dairə seçki komissiyasının sədri Abbas Zalovun bildirdiyinə görə, 9 seçki məntəqəsində vebkamera quraşdırılıb. Seçki məntəqələrinin 28-i Daşkəsən rayonunda yerləşir. Dairə üzrə ümumilikdə 41 min 240 nəfər seçici qeydə alınıb ki, onların da 6980 nəfəri Daşkəsən sakinidir.
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı" əsasında 100 saylı Ећəmkir-Daşkəsən və 101 saylı Göygöl - Daşkəsən seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün avqust ayının sonlarında seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar təşkil olunub. Kurslarda Mərkəzi Seçki Komissiyasının, yerli icra hakimiyyətlərinin və hüquq-mühafizə orqanlarının nümayəndələri "Seçki prosesində KİV-nin rolu, yerli və xarici müşahidəçilərin hüquq və vəzifələri", "Seçki subyektləri, seçki hüquqlarının pozulmasına görə məsuliyyət nəzərdə tutan qanunvericilik aktları və məsuliyyət növləri", "Seçici siyahıları ilə iş qaydası", "Seçki hüququ və onun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən seçki hüququnun qorunması mexanizmləri", "Milli Məclis seçkilərinə hazırlıq, seçkilərin keçirilməsi, səslərin hesablanması və nəticələrin rəsmiləşdirilməsi işində məntəqə seçki komissiyalarının vəzifələri və fəaliyyətlərinin təşkili", "Seçici siyahıları ilə işin aparılması, seçkiqabağı təşviqatın aparılmasına şərait yaradılması, bildirişlərin seçicilərə çatdırılması və s. bu kimi istiqamətlərdə yerli icra və bələdiyyə qurumlarının rolu və onların seçki komissiyaları ilə səmərəli qarşılıqlı əlaqələrinin qurulması", "Seçici siyahılarının təkmilləşdirilməsi, rəsmi seçki sənədlərinin daşınması və saxlanılmasının təhlükəsizliyinin təmin edilməsi, habelə asayişin qorunmasında Daxili İşlər Nazirliyi orqanlarının rolu. Onların seçki komissiyaları ilə qarşılıqlı əlaqələri", "Milli Məclisə seçkilərin keçirilməsi, səslərin hesablanması və nəticələrin rəsmiləşdirilməsi. Bu istiqamətdə məntəqə seçki komissiyasının fəaliyyətinin təşkili və vəzifələri" mövzularında məruzələr ediblər.
Reallıq da ondan xəbər verir ki, uca dağlar qoynunda yerləşməsinə baxmayaraq Daşkəsən rayonunda seçkilərin yüksək səviyyədə təşkili və vətəndaşların seçkilərdə iştirakı üçün hər bir şərait yaradılıb. İnkişafın yeni mərhələsini yaşayan rayonun sakinləri isə ötən seçkilərdə olduğu kimi, qarşıdan gələn parlament seçkilərində də mütəşəkkil iştirak edərək ən layiqli namizədlərə səs verəcəklər.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: