Vergi Məcəlləsində dəyişikliklər müzakirə edilib

16-10-2015, 21:00
807

http://s018.radikal.ru/i503/1510/ae/ac90dc7a59d5.jpg


Oktyabrın 16-da Milli Məclisin iqtisadi siyasət komitəsinin iclasında "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsi müzakirə edilib.
İclası açan komitə sədri Ziyad Səmədzadə Azərbaycan iqtisadiyyatının inkişafından, Vergi Məcəlləsində dəyişikliklərin vacibliyindən danışıb. Bildirilib ki, bu dəyişikliklər sadələşdirməni artırmaq, vergi mədəniyyətini yüksəltmək, inzibatçılığı təkmilləşdirmək, sahibkarlığın inkişafına dəstək vermək məqsədini daşıyır.
İclasda vergilər naziri Fazil Məmmədov Vergi Məcəlləsində dəyişikliklərdən danışıb. Nazir bildirib ki, bu dəyişikliklərin əksəriyyəti vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsinə, vergi yükünün azaldılmasına, vergi inzibatçılığının təkmilləşdirilməsinə və büdcə daxilolmalarının artımına yönəlib. Təqdim edilən Vergi Məcəlləsi və ona əlavə olunan qanunvericilik aktlarında dəyişikliklər oktyabrın 12-də Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Prezidenti İlham Əliyevin dövlət orqanları qarşısında qoyduğu vəzifələr və eyni zamanda, biznes mühitinə verdiyi tövsiyələr ruhunda hazırlanıb.
Fazil Məmmədov deyib ki, fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda ölkə üzrə yaşayış minimumunun 1misli, illik gəliri 30000 manatadək olduqda ölkə üzrə yaşayış minimumunun 12 misli məbləğində olan hissəsinə gəlir vergisindən vergi güzəştinin tətbiqi məqsədilə Məcəllənin 102.1.6-cı maddəsinə dəyişiklik edilməsi təklif olunur. Qeyd edilən dəyişiklik ölkədə həyata keçirilən sosial siyasətə uyğun olaraq əhalinin maddi rifahının yaxşılaşmasına müsbət təsir göstərməklə yanaşı, əmək haqlarının leqallaşmasını da təşviq edəcək. 2012-ci il yanvarın 1-dən qanunvericiliklə müəyyən edilmiş qaydada keçirilən idman mərc oyunlarından əldə edilən uduşlar gəlir vergisindən azad edilib. Qeyd olunan vergi güzəştinin tətbiqi ötən 3 il ərzində ölkədə keçirilən idman mərc oyunlarının inkişafının stimullaşdırılması ilə nəticələnib. Bu da həmin sahədə əldə edilən uduşların vergiyə cəlb edilməsini zəruri edir. Qanun layihəsinə əlavə edilib ki, idman mərc oyunlarından əldə olunan uduşlardan 10 faiz dərəcə ilə vergi tutulur.
Nazir bildirib ki, Vergi Məcəlləsinin qüvvədə olan 164.2-ci maddəsinə əsasən Nazirlər Kabineti konkret sahənin inkişafını təmin etməklə konkret dövr üçün nəzərdə tutulan istehsal ehtiyaclarını yerli xammal hesabına ödəmək mümkün olmadıqda istehsal təyinatlı xammal və müvafiq texnologiyanı təmin edən avadanlıqların idxalını əlavə dəyər vergisindən azad edə bilər. Bununla əlaqədar olaraq Nazirlər Kabinetinin 31 yanvar 2005-ci il tarixli 11 nömrəli qərarı ilə Azərbaycan Respublikası ərazisinə gətirilən əlavə dəyər vergisindən azad olunan malların siyahıları təsdiq edilib. Qanun layihəsində qeyd edilən azadolmaların ləğv edilməsi və həmin qərarda nəzərdə tutulan bir sıra mallar üzrə azadolmaların Vergi Məcəlləsinin 164.1-ci maddəsinə əlavə edilməsi təklif olunur.
Diqqətə çatdırılıb ki, son illər ölkəmizdə İKT sahəsində əldə edilmiş nailiyyətlər sırasında "Azerspace-1" telekommunikasiya peykinin uğurla orbitə çıxarılmasının xüsusi yeri var. Dünya peyk xidmətləri bazarında yüksək rəqabət mühiti mövcuddur ki, burada "Azərkosmos" ASC kimi yeni bazar iştirakçılarına rəqabətə davamlı fəaliyyət göstərmək üçün müəyyən vaxt tələb olunur. Qanun layihəsində peykin və digər kosmik obyektlərin əmlak vergisindən azad edilməsi təklif olunur. Layihədə məhsul ötürən kəmərlərin əmlak vergisinə cəlb olunması təklif edilir.
Bildirilib ki, qanun layihəsi ilə ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərə dövriyyəsindən asılı olmayaraq sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ verilir. Layihəyə əsasən ticarət fəaliyyəti ilə məşğul olan şəxslər əldə edilən ümumi hasilatın həcmindən 6 faiz, ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər isə 8 faiz dərəcə ilə sadələşdirilmiş vergini ödəməlidirlər. Qanun layihəsində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərə sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnun verilməsi nəzərdə tutulur. Həmin vergini ödəyən hüquqi şəxslər əlavə dəyər vergisinin, mənfəət vergisinin və əmlak vergisinin, fiziki şəxslər isə əlavə dəyər vergisinin və gəlir vergisinin ödənilməsindən azad edilirlər.
Qeyd edilib ki, layihəyə aksiz markaları ilə markalanmalı olan malların Azərbaycan ərazisində dövriyyəsinin tənzimlənməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan qaydaların tələblərinə əməl edilməsinə nəzarət etmək maddəsi əlavə edilib.
Nazir F.Məmmədov digər dəyişikliklər barədə də məlumat verib.
İclasda maliyyə nazirinin müavini Azər Bayramov, Milli Məclisin deputatları çıxış edərək dəyişikliklərin vacibliyindən danışıb, bunun sahibkarlığın inkişafına töhfə verəcəyini söyləyiblər.
Müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: