Azərbaycan səfiri Fransa portalına müsahibəsində Ermənistanın təcavüzkar siyasətinin nəticələrindən danışıb

17-10-2015, 02:00
891

http://s020.radikal.ru/i711/1510/4d/2a3d4285981f.jpg


Fransanın "Globale Diplomatie.com" saytında Azərbaycanın bu ölkədəki səfiri Elçin Əmirbəyovun müsahibəsi yayılıb.
Səfir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ölkəmizin birinci Avropa Oyunlarına və digər beynəlxalq idman tədbirlərinə ev sahibliyi etməsi, turizmin inkişafı və s. məsələlərlə bağlı sualları cavablandırıb. O, tariximizi, mədəniyyətimizi beynəlxalq səviyyədə tanıtmaq və ölkəmizlə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün həyata keçirilən fəaliyyətlərdən danışıb, Fransa mediasında Azərbaycanla bağlı məlumatların zəif işıqlandırıldığını təəssüflə qeyd edib.
Azərbaycanın iqtisadi nailiyyətlərindən bəhs edən diplomat son illərdə neft-qaz gəlirlərindən asılılığı azaltmaq məqsədilə ölkəmizdə turizmin, yeni texnologiyaların və kənd təsərrüfatının inkişafına üstünlük verildiyini bildirib. O, sivilizasiyaların qovuşuğunda, böyük İpək Yolunun üzərində yerləşən Azərbaycanın yəhudilərin, xristianların və müsəlmanların birgə sülh şəraitində yaşadığı bir məkan olduğunu deyib. Azərbaycanın etnik və dini münaqişələrə bürünən bugünkü dünyada birgəyaşayış sahəsində nümunə olduğunu qeyd edib.
Səfir bildirib ki, Azərbaycanın məqsədi ölkənin əsas problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun nəticələri haqqında beynəlxalq cəmiyyəti məlumatlandırmaqdır.
O, Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ bölgəsinin və ona bitişik 7 rayonun Azərbaycanın tarixi torpaqları olduğunu vurğulayıb. Ermənistanın işğal edilmiş ərazilərimizdə azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti apardığı, tarixi və mədəni irsi məhv etdiyi diqqətə çatdırılıb. Səfir qeyd edib ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırkı status-kvonun dəyişməsində maraqlı deyil. ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrin rəhbərləri isə mövcud status–kvonun qəbuledilməz olduğunu bəyan edibdir.
Diplomat vurğulayıb ki, Helsinki Yekun Aktına görə, sərhədlərin toxunulmazlığı prinsipi xalqların öz müqəddəratını təyinetmə prinsipindən üstündür.
2015-ci ildə bir ölkənin digər ölkənin ərazisini işğal etməsi faktının Avropa mediasında kifayət qədər işıqlandırılmamasından təəssüfləndiyini bildirən səfir bu münaqişənin təkcə Cənubi Qafqazda deyil, eyni zamanda, Avropada da sabitliyə təhdid olduğunu deyib.
Bu yaxınlarda "France 2" televiziya kanalında ölkəmizlə bağlı yayımlanan verilişə dair suala cavabında səfir bildirib ki, erməni diasporunun Dağlıq Qarabağ münaqişəsinin həllinə mane olmaq istiqamətində fəaliyyəti diplomatiyaya ziyan vurur. Erməni diasporunun fəaliyyəti Avropa vətəndaşlarının fəaliyyətləri kimi pozitiv olmalıdır.
Səfir erməni diasporu ilə seçki sövdələşməsi aparan bəzi fransız deputatlarının fəaliyyətinin Fransanın maraqlarının əleyhinə olduğunu qeyd edib. O əlavə edib ki, erməni separatçılarının Fransaya, bəzi fransız deputatlarının işğal altında olan Azərbaycan torpaqlarına qeyri-qanuni səfərləri təəssüf doğurur. E.Əmirbəyov "France 2" telekanalında yayımlanan verilişdə Azərbaycanla bağlı səsləndirilən fikirlərin tamamilə böhtan xarakteri daşıdığını diqqətə çatdırıb. Qeyd edib ki, bu gün Azərbaycanda siyasi partiyalar, kütləvi informasiya vasitələri tam azad şəkildə fəaliyyət göstərir. Ölkəmizdə internet azadlığı, gender bərabərliyi var. Azərbaycan xalqlar və dinlər arasında ahəngdar yanaşı yaşamanın hökm sürdüyü dünyəvi respublikadır.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: