"Azərişıq" ASC ölkəmizin ən ucqar nöqtələrini də dayanıqlı elektrik enerjisi ilə təmin edəcək

20-10-2015, 12:00
676

http://s017.radikal.ru/i441/1510/a0/7b0c888d466d.jpg


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2015-ci il fevralın10-da "Bakıelektrikşəbəkə"nin Bakıda həyata keçirdiyi uğurlu islahatları yüksək qiymətləndirərək onun bazasında "Azərişıq" ASC-nin yaradılması haqqında Sərəncam imzalayıb.
"Azərişıq"ASC yaradıldıqdan sonra regionlardakı elektrik şəbəkələrinin mövcud vəziyyətinin qısa müddət ərzində hərtərəfli təhlili aparılıb. Ölkənin sosial-iqtisadi inkişafı strategiyasına və müxtəlif vaxtlarda qəbul edilmiş Dövlət Proqramlarına uyğun olaraq, istehlakçıların etibarlı və keyfiyyətli elektrik enerji ilə təchiz edilməsi üçün yeni təşkil olunan 6 region üzrə 4 hissədən ibarət "İnkişaf və Yenidənqurma Proqramı" hazırlanıb.
Bunları "Azərişıq" ASC-nin sədri Baba Rzayev bu qurumun perspektiv inkişaf istiqamətləri barədə danışaraq deyib. ASC sədri bildirib ki, yeddi aydan çoxdur ki, icrasına başlanılmış Proqramın I hissəsini elektrik şəbəkələrinin reabilitasiyasını əhatə edən tədbirlər təşkil edir. Bu da regionlardakı istehlakçıların fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunmasına, kənd təsərrüfatının inkişafı üçün suvarma sistemlərinin elektrik təminatının yenidən qurulmasına, sənaye sahələrinin və turizm obyektlərinin elektrik təchizatının etibarlılığının yüksəldilməsinə gətirib çıxarıb. Bu müddət ərzində ölkəmizin bütün rayon mərkəzlərində, qəsəbə və kəndlərində yararsız, istismar müddəti başa çatmış transformatorların yenilənməsi-müasir tipli avadanlıqla təchiz edilməsi prosesi gedir. Qısa müddət ərzində 7 regional idarəetmə strukturu da formalaşdırılıb. "Azərişıq" ASC tərəfindən 2015-2025-ci illəri əhatə edən fəaliyyət planı hazırlanıb.
Qarşıdakı on il üçün elektrik enerjisinə olan tələbatın proqnozu çıxarılıb və artan dinamika müəyyənləşdirilib. 2015-ci ildən 2025-ci ilə qədər Azərbaycanda elektrik enerjisinə olan tələbat 7 min meqavatdan ( MVt) 10 min MVt-a qədər artacağı proqnozlaşdırılır. Regionların elektrik enerjisinə olan tələbatın ödənilməsi və perspektivdə (2020-ci ilə qədər) yaranacaq elektrik yüklərinin qarşılanması üçün mövcud paylayıcı elektrik şəbəkələrinin təmirini və bərpasını, eləcə də yük mərkəzlərində 35 və 110 kilovoltluq (kV) yarımstansiyaların tikintisini, yeni elektrik verilişi xətlərinin çəkilişini aktuallaşdırıb.
Fəaliyyət planında qeyd olunan obyektlərin tikintisinin və yenidənqurma işlərinin 5 il ərzində həyata keçirilməsi planlaşdırılıb. Hazırda 4 ərazidə yarımstansiyaların tikintisi yekunlaşıb. İlk olaraq 35 kilovoltluq Fatmayi, Xaçmaz, Sarıqaya və Gəncədəki Nizami yarımstansiyaları inşa edilib istifadəyə verilib. İndi hər bir rayonda, şəhərdə, qəsəbədə və kənddə yenidənqurma işləri aparılır. Fiziki və mənəvi cəhətdən köhnəlmiş elektrik dirəkləri, naqillər, transformatorlar yeniləri ilə əvəzlənir, müasir tipli yarımstansiyalar və Komplekt Transformator Məntəqələri quraşdırılır. Maddi-texniki baza kökündən yenilənərək ən müasir texnoloji nailiyyətlərlə təchiz olunur.
Regional şəbəkələrin yenidənqurulması və yeni texnoloji avadanlıqla təchiz olunması ilə bərabər yeni kadr potensialının formalaşdırılması üçün kompleks tədbirlər həyata keçirilir. Belə ki, kadrların təkmilləşdirilməsi, yenidən hazırlanması məqsədi ilə davamlı olaraq stasionar və səyyar treninqlər təşkil edilir. Gənc kadrlar xüsusi layihə çərçivəsində Səhmdar Cəmiyyətin müasir maddi-texniki bazası olan Tədris Mərkəzində təkmilləşdirilərək rayon və şəhər elektrik şəbəkələrində müxtəlif istiqamətlər üzrə işə qəbul olunurlar.
"Azərişıq" ASC elektrik enerjisi haqlarının ödənilməsində də köhnə steriotiplərin aradan qaldırılmasına çalışır. Bu istiqamətdə istehlakçılarla maarifləndirmə və tanışlıq işləri aparılır. Əyani vəsait və sosial reklam çarxları hazırlanır. Abonentlərin diqqətinə çatdırılır ki, istifadə etdikləri elektrik enerjisinə görə ödəmələri "Azərişıq" ASC-nin Regional Enerji Təchizatı və Satışı İdarələrində, rayon, qəsəbə və kəndlərdə quraşdırılmış ödəmə məntəqələrində, bank və poçt şöbələrində həyata keçirsinlər. Bundan başqa internet üzərindən "azerishiq.az "saytı vasitəsilə "onlayn" rejimdə də ödəmə aparıla bilər.
Artıq bir ildən artıqdır ki, "Azərişıq" ASC Azərbaycan Respublıkasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində olan "ASAN xidmət" mərkəzləri ilə birgə fəaliyyət göstərir. "Azərişıq" ASC "ASAN xidmət" mərkəzlərində edilən xidmətlərin sayını artıraraq Bərdə və Gəncə "Asan xidmət" mərkəzlərində də fəaliyyətə başlayıb.
Bütün görülən tədbirlər, yaradılan şərait və infrastruktur deməyə əsas verir ki, çox yaxın zamanlarda "Azərişıq" ASC tərəfindən ölkəmizin ən ucqar nöqtələrində belə Azərbaycan vətəndaşları regionda ən keyfiyyətli və təhlükəsiz elektrik enerjisi ilə təmin olunacaq.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: