Gəncənin yeni yaradılan Sahil bulvarında "Əli və Nino" abidəsi ucaldılacaq

21-10-2015, 06:00
540

http://s010.radikal.ru/i313/1510/de/9820b01f7332.jpg


Mütəxəssislər vizual görüntülü abidənin dünya memarlığında ilk olacağını bildirirlər

Heç inanmaq olmurdu ki, susuz yataqlı, pəjmürdə görkəmli Gəncəçay bir zamanlar Nizami Gəncəvinin ilhamla vəsf etdiyi həmin çaydır. Böyük mütəfəkkirin sevə-sevə misralara düzdüyü o gözəlliklər illərin keşməkeşlərində sınaqlara davam gətirməyərək əriyib yox olmuşdu. Gəncəçay daha köpüklənə-köpüklənə axmırdı. Sevənlərin, gözəllik aşiqlərinin seyrəngahı deyildi. Bir az da gözdən düşmüşdü. Lakin bütün bunlar dünənə aiddir.
Bu gün Gəncədə aparılan genişmiqyaslı quruculuq işləri əsrlərin sirdaşı olan Gəncəçaya da gözəllik, təravət, əzəmət bəxş etmək üzrədir.
Gəncədə həyata keçirilən möhtəşəm layihələrdən biri olan Gəncəçayın sağ sahili boyunca 1,2 km uzunluğunda salınan bulvarda işlər sürətlə davam edir. Kompleksin tikintisinə xeyli sayda texnika və briqada cəlb olunub. Bəndvurma və çayın məcrasının yenidən bərpası işləri Mirzə Abbas Abbaszadə küçəsindən Nizami Gəncəvi prospektinə kimi olan ərazinin sağ sahilini əhatə edir. Bulvar kompleksinin salınması ilə yanaşı, ətrafda abadlıq və quruculuq işləri də aparılır.
Bulvar ərazisinin 1500 metrində bənd vurulub. Park-bulvar kompleksində bəndin bərkidilməsi, körpülərin yenidən qurulması prosesi aparılır. Çayın su yatağı tullantılardan təmizlənib. Su hövzəsinin yaradılması üçün çayın içərisində üç bənd vurulub. Bulvar ərazisində 10 fəvvarə inşa olunub. Yaşayış yerlərinə rahat keçid üçün pilləkənlər salınıb və gülbaxt daşı ilə üzlənib.
Bulvarda Azərbaycanda ilk dəfə olaraq Əli və Ninonun heykəli ucaldılacaq. Mütəxəssislər abidənin dünya memarlığında bir ilk olacağını bildirirlər. Artıq beton-konstruksiya işləri başa çatıb.
Qurban Səidin müəllifi olduğu "Əli və Nino" əsəri əsasında yaradılan heykəllərin hündürlüyü 3,5 metr təşkil edəcək. Kompleksdə işlərin tezliklə yekunlaşdırılması nəzərdə tutulur.
Azərbaycanlı və gürcü gənclərin sevgisinə ithaf edilən abidə Azərbaycandan öncə Çin, Fransa və Gürcüstanda ucaldılıb.
"Əli və Nino" abidə kompleksinin memarı Cahid Həsənov deyib: "Heykəl iki alovun yanması anlamını verəcək. Sonrakı etapda Əli və Nino tərənnüm olunur. Heykəlin ətrafına süni tüstü effektləri veriləcək ki, bu da aşiqlərin məhəbbətlərinin səmada uçması anlamına gəlir. Beləliklə, dünya memarlığında ilk dəfədir ki, abidədə vizual bir görüntü yaradılacaq".
Bundan başqa, abidənin ətrafında yaradılacaq 3 fəvvarə vizual olaraq göz yaşlarının damlalarını xatırladacaq. Layihəyə görə, "Əli və Nino" heykəli Ећərq üslubunda, lakin modern formada olacaqdır.
Ərazidə Kitab evi, Kitab Satışı Mərkəzi, Uşaq Əyləncə Mərkəzi, iaşə obyektləri də inşa olunur. Uşaqların əylənməsi üçün 14 attraksion quraşdırılır. Bulvar kompleksində yaşıllıq zolağı salınıb. Gözünün, könlünün sevinməsini istəyənlər mütləq bu bulvara üz tutacaqdır. Ən nadir bitkilərin boy-boya verdiyi bu məkanda dünyanın hər yerindən gətirilmiş güllər, çiçəklər, bəzək ağacları və kolları elə salınıb ki, sanki mahir bir rəssamın gözəllik tablosuna tamaşa edirsən. Fontanların ətrafındakı yaşıl kollar, Xan çinarlara sığınan çiçəklər, uca palmalar, spiralvari yaşıl küknarlar, bir sözlə, hər iş əsl gözəllikdən xəbər verir.
Bulvar başlanğıcını Bayraq Meydanından götürür. Qərb bölgəsinin ən uca bayrağının dalğalandığı bu məkan Sahil bulvarının salınması ilə daha gözəl və əzəmətli bir görkəm alıb.
Nəhayət ki, uzun illərdən, bəlkə də əsrlərdən sonra Gəncəçayın həsrətinə son qoyuldu: arzuladığı təmizliyə, səliqə-sahmana sahib olaraq möhtəşəm, adına layiq gözəlliyə qovuşdu və bu gözəlliyi ilə Gəncənin Sahil bulvarı Bakı bulvarına rəqib olmağa hazırlaşır.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: