Azərbaycan hər an torpaqlarını hərb yolu ilə azad etməyə qadirdir

21-10-2015, 07:00
905

http://s020.radikal.ru/i701/1510/11/7e429032fa5a.jpg


Prezident İlham ƏLİYEV: "Təmas xəttindəki vəziyyət Azərbaycan ictimaiyyəti üçün sirr deyil. Biz tam üstünlüyü əldə etmişik, düşmənə sarsıdıcı zərbələr vururuq, düşmənin bütün təxribatlarına layiqli cavabımızı veririk"

İşğal olunmuş Azərbaycan ərazilərinin azad edilməsi ilə bağlı ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə neçə illərdir aparılan sülh danışıqları məhz Ermənistanın qeyri-konstruktivliyi və təcavüzkar siyasətindən əl çəkməməsi ucbatından hələ ki, nəticəsiz qalır. Terrorun, işğalçılığın dövlət siyasətinin aparıcı xəttinə çevrildiyi Ermənistanın bu mövqeyini ikili standartlardan çıxış edən Qərb dövlətlərinin siyasi dairələrində bilir və yaxşı dərk edirlər.
Bu gün Azərbaycanın ən ağrılı problemi torpaqlarımızın işğal altında olmasıdır. Bunun təəssüf doğuran tərəfi isə bütün bu proseslərin, xüsusən Ermənistanın nümayiş etdirdiyi ədalətsiz mövqenin Avropanın və dünyanın gözü qarşısında baş verməsidir. Avropadakı mövcud münaqişələri qəti şəkildə aradan qaldıran beynəlxalq birliyin Azərbaycanın ərazi bütövlüyünün pozulmasına olan etinasız münasibəti, məsələyə yanaşmada ikili standartlardan çıxış etməsi, işğalçını öz adı ilə çağırmaqdan çəkinməsi nə qədər acı olsa da, gözümüz önündə baş verən reallıqdır. Lakin Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan heç vaxt - nə bu gün, nə on ildən sonra, nə də yüz ildən sonra əzəli torpağımız olan Dağlıq Qarabağı Azərbaycandan ayıra biləcək razılaşmaya getməyəcək. Respublikamız öz tarixi torpağı olan, tarixən azərbaycanlıların yaşadığı Dağlıq Qarabağın müstəqilliyinə və burada ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcək. Bu, dövlətimizin prinsipial və dəyişməz mövqeyidir. İndiyədək danışıqlar prosesinin bütün mərhələləri yalnız və yalnız Azərbaycanın diplomatik uğurları ilə müşayiət olunub. Dünyada qəbul olunmuş beynəlxalq normalar, o cümlədən ölkələrin ərazi bütövlüyü prinsipləri var. Bütün bunlar ən əsası isə Azərbaycan hakimiyyətinin danışıqlar prosesində həyata keçirdiyi düzgün siyasət, nümayiş etdirdiyi qətiyyət Ermənistanı çıxılmaz vəziyyətə salıb.
2015-ci il də bu baxımdan zəngin oldu. Məsələn, bu il Avropa İnsan Hüquqları Məhkəməsinin "Çıraqov və digərləri Ermənistana qarşı" işi üzrə çıxardığı qərar dünya ictimaiyyətinin Ermənistanı işğalçı ölkə kimi tanımasına yol açan konkret rəsmi sənəddir. Bu, həm də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı indiyədək çıxarılmış ən mühüm qərarlardan biridir. Qərarın özəlliyi həm də bu sənədin münaqişə ilə bağlı qəbul olunmuş ilk məhkəmə sənədi olmasıdır. Münaqişə tarixində ilk dəfə olaraq dünyanın ən mötəbər məhkəməsi Dağlıq Qarabağ münaqişəsinə dair qərar qəbul edib və bu qərarda Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı faktı ilk dəfə beynəlxalq məhkəmə instansiyası tərəfindən təsdiqlənib. Azərbaycanlı məcburi köçkünlərin öz torpaqlarında yaşamaq və mülkiyyətindən istifadə etmək hüququnu tanıyan Avropa Məhkəməsinin çıxardığı qərar Azərbaycan diplomatiyasının imkanlarını bir neçə dəfə artırmış olur. İndiyədək BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi dörd qətnaməni əsas götürən rəsmi Bakı artıq münaqişənin nizamlanmasına dair danışıqlarda Avropa Məhkəməsinin qərarını da hüquqi qüvvəyə sahib sənəd kimi istifadə edə biləcək.
Sülh danışıqları ilə yanaşı, Azərbaycan beynəlxalq prinsiplərə əsaslanaraq pozulmuş ərazi bütövlüyünü güc yolu ilə bərpa etmək hüququnu özündə saxlayır. Fəxrlə deməliyik ki, artıq uzun müddətdir hərbi müstəvidə ölkəmizlə təcavüzkar dövlət arasında fərq böyük nisbətlə Azərbaycanın lehinə dəyişib. Və bu fərq ildən-ilə daha da dərinləşir. Azərbaycanın inkişafı, maliyyə imkanlarnın artması son illər dinamik inkişafı silahlı qüvvələrin büdcəsinin artması və nəticə etibarilə ordumuzun güclənməsi ilə müşayiət olunur. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində ordumuzun döyüş qabiliyyəti daha da yüksəlib, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilib, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb. Son illər yeni hərbi texnikalar, təyyarələr alınıb, ən müasir silah-sursat ordumuzun arsenalına daxil edilib, hərbi hissələrdə komplektləşdirilmiş silah-sursat, texnika daha müasirləri ilə əvəz olunub. Qarşıda duran əsas vəzifələrdən biri də silahlı qüvvələrin daha da modernləşməsi və ən son hərbi texnologiyaların orduya cəlb edilməsidir. Bu baxımdan keçirilən möhtəşəm paradlar, o cümlədən bütün qoşun növlərinin qatıldığı hərbi təlimlər Azərbaycan Silahlı Qüvvələrinin həm güc və qüdrətini, həm də modernləşdiyini nümayiş etdirir. Ona görə bu gün elə düşmən tərəfin özündə də etiraf edilir ki, Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələri üzərində əzici üstünlüyə malikdir. Danışıqlar prosesi tamamilə tükəndiyi təqdirdə Azərbaycan Silahlı Qüvvələri ərazilərimizin işğaldan azad edilməsi üçün öz sözünü deyəcək.
Ordumuzun daha da gücləndirilməsi isə daim diqqət mərkəzindədir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib: "Ordu quruculuğu gələn il də prioritet sahə olaraq qalacaq. Bu sahəyə nə qədər lazımdırsa vəsait ayrılacaq. İndi həm yeni texnikanın, silah-sursatın alınması, istehsalı prosesi gedir, eyni zamanda, hərbi hissələr üçün ən yüksək səviyyədə şəhərciklər, hərbi bazalar tikilir. Bu il Hərbi Dəniz Qüvvələrinin böyük bazası istifadəyə verilmişdir. Təmas xəttinə yaxın olan bölgələrdə yeni infrastruktur yaradılır və bizim döyüş qabiliyyətimiz artır. Təmas xəttindəki vəziyyət Azərbaycan ictimaiyyəti üçün sirr deyil. Biz tam üstünlüyü əldə etmişik, düşmənə sarsıdıcı zərbələr vururuq, düşmənin bütün təxribatlarına layiqli cavabımızı veririk".
Son dövrlərdə ermənilərin həm işğal etdikləri ərazilərimizdə törətdikləri hadisələr, Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə basqın etmək cəhdləri Ermənistanın təcavüzkar və işğalçılıq siyasətinin təsdiqidir. Bununla bir daha sübut olundu ki, Ermənistan hakimiyyəti terrorçu mahiyyətindən irəli gələrək sivil yaşamaq iqtidarında deyil. Düzdür, ermənilər hər dəfə bu hadisələrdə Azərbaycan Ordusundan layiqli cavab aldılar. Ötən ilin avqustunda ermənilər cəbhə xəttində ciddi tələfatla üzləşmişdilər, noyabr ayında isə Azərbaycan hərbçiləri cəbhə xəttində düşmənin hərbi helikopterini məhv etdilər. Ciddi tələfat verərək geri çəkilmək məcburiyyətində qalan ermənilər Azərbaycan Ordusunun gücünü və qüdrətini görmüş oldular. Nə qədər gizlətməyə çalışsalar, hər dəfə ayrı-ayrı erməni mənbələri Ermənistan ordusunun çoxsaylı canlı qüvvə itirdiyini etiraf edir.
Ermənilər ötən ay da cəbhə xəttində növbəti dəfə təxribat törətməyə cəhd göstərdilər. Lakin Azərbaycan Ordusu bölmələrinin həyata keçirdiyi qabaqlayıcı tədbirlərlə nəinki bu təxribatın qarşısı alındı, həmçinin düşmənə böyük zərbə vuruldu, canlı qüvvəsi məhv edildi. Azərbaycan tərəfi bir daha nümayiş etdirdi ki, ərazisini işğal edən düşmən ilk imkandaca məhv edilə bilər. Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında bu məsələyə toxunaraq deyib: "Burada təbii sual yaranır, işğalçılar hansı ərazidə həlak oldular? Ermənistandamı? Xeyr, bizim torpağımızda. İşğal edilmiş torpaqlarda. Sual olunur, onların orada nə işi var? Özü də orada ölənlərin mütləq əksəriyyəti Ermənistan vətəndaşlarıdır, heç Dağlıq Qarabağ sakinləri deyil. Yəni, Ermənistan ordusu bizim torpaqlarımızda işğalçılıq siyasəti aparır. Bu, gün kimi aydın bir məsələdir. Əfsuslar olsun ki, bunu beynəlxalq ictimaiyyət, vasitəçilər görmək istəmirlər və işğalçıya ciddi siqnallar göndərilmir. Ona görə onlar azğınlaşıblar və bizə qarşı müxtəlif təxribatlara əl atırlar. Ancaq hər dəfə onların təxribatları iflasa uğrayır. Necə ki keçən ilin noyabrında bizim mövqelərimizə hücum edən helikopter məhv edildi. Bu ilin sentyabr ayında böyük itkilər verdilər və hər dəfə biz onların cəzasını verəcəyik".
Ordumuzun ildən-ilə artan qüdrəti, cəbhə bölgələrində düşmənin təxribatının qarşısının alınması əməliyyatları göstərir ki, Azərbaycan sülh danışıqları tükənərsə, hər an torpaqlarını hərb yolu ilə azad etməyə qadirdir. Bunun üçün Azərbaycanın kifayət qədər hərbi imkanı var.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: