Azərbaycan idmançılarının uğurları ölkəmizə nüfuz qazandırır

22-10-2015, 06:00
746

http://s013.radikal.ru/i324/1510/10/7425b264e0a5.jpg


Son illər böyük inkişaf yolu keçən Azərbaycan bir çox sahələrdə mühüm uğurlara imza atmışdır. Bu fakt daim dünya ictimaiyyətinin diqqətini cəlb etmişdir. Beynəlxalq təşkilatlar da öz tədbirlərini keçirərkən bu məqamı nəzərə alır. İndiyədək Azərbaycanda beynəlxalq təşkilatların çoxlu sayda siyasi, iqtisadi tədbirləri keçirilmişdir. Bu, dünya miqyaslı idman turnirlərinə də aiddir.
Azərbaycanda keçirilən Avropa, dünya çempionatları silsilə xarakteri daşıyır. Müxtəlif beynəlxalq turnirlərin - bədii gimnastika, taekvondo, güləş, boks, karate və olimpiya növlərinə daxil olan digər idman yarışlarının təşkili ölkəmizə böyük imic qazandırmışdır. Son beş il ərzində Azərbaycanın evsahibliyi etdiyi beynəlxalq yarışlara və idmançılarımızın qazandıqları nəticələrə nəzər salaq:
2010-cu ildə idmançılarımız müxtəlif beynəlxalq yarışlarda 675 medal əldə etmişlər. Onlardan 206-sı olimpiya idman növləri üzrə qazanılmışdır. Bu o deməkdir ki, atletlərimiz olimpiya və qeyri-olimpiya idman növləri üzrə yarışlarda ölkəmizi şərəflə təmsil etmişlər. 2010-cu ildə ölkəmizdə təşkil olunmuş mötəbər turnirlərdən biri qılıncoynatma üzrə gənclər və kadetlər arasında dünya çempionatı idi. Heydər Əliyev adına İdman Sarayında keçirilmiş çempionatda dünyanın 87 ölkəsindən 1565 idmançı iştirak etmişdir. Həmin il keçirilmiş daha bir çempionat bodibildinq üzrə olmuşdur. 64-cü dünya çempionatında 63 ölkənin idmançıları birincilik uğrunda mübarizə aparmışdır. Başqa bir mötəbər turnir gənclər arasında boks üzrə dünya çempionatı idi. Çempionatda 96 ölkədən 500 idmançı iştirak etmişdir.
Sərbəst, yunan-Roma və qadın güləşi üzrə Avropa çempionatı da 2010-cu ildə Bakıda təşkil olunmuşdur. 36 ölkədən 383 pəhləvanın qatıldığı yarışda sərbəst, yunan-Roma və qadın güləçiləri mübarizə aparmışlar.
2011-ci il Azərbaycan idmanı üçün böyük nailiyyətlərlə əlamətdar olmuşdur. Ölkəmizdə 42 beynəlxalq idman tədbiri, o cümlədən dünya və Avropa çempionatları keçirilmişdir. Ötən illərdə olduğu kimi, həmin ildə də yarışlara yüksək səviyyədə evsahibliyi etməyimiz xarici mütəxəssislərin və beynəlxalq idman təşkilatlarının diqqətini cəlb etmiş, onlar çıxışlarında bunu dönə-dönə vurğulamışlar. Azərbaycan idmançılarının nailiyyətləri bütün dünyaya səs salmışdır. Belə ki, 2011-ci ildə təmsilçilərimizin qazandıqları medalların sayı artıq 705 (əldə edilən medalların 246-sı olimpiya idman növləri üzrədir) idi. Həmin il cüdo üzrə "World Masters" beynəlxalq turniri Bakıda keçirilmişdir. Reytinq xalları verən seriyada 42 ölkəni təmsil edən 300-dən çox idmançı mübarizə aparmışdır. Bakıda keçirilmiş cüdo üzrə dünya kuboku həm də 2012-ci il London Yay Olimpiadasına lisenziya xarakteri daşıyırdı. Boks üzrə XVI dünya çempionatı da 2011-ci ilin sentyabrın 26-dan oktyabrın 8-dək Bakıda keçirilmişdir. Mundialda 113 ölkədən 570 boksçu mübarizə aparmışdır ki, bu, ölkələrin və idmançıların sayına görə rekord göstəricidir.
2012-ci il də ölkənin idman həyatı üçün uğurlu olmuşdur. Təkcə bir faktı xatırlatmaq kifayətdir ki, həmin il Azərbaycan idmançıları iştirak etdikləri beynəlxalq turnirlərdə rekord sayda - 700-dən çox medal qazanmışlar. Əsasən olimpiya idman növləri üzrə qazanılmış bu medalların 255-i qızıl əyarlıdır. Bununla idmançılarımız Prezident İlham Əliyevin sərəncamı ilə elan olunmuş "İdman ili"nə layiqli töhfə vermişlər.
Britaniya paytaxtının evsahibliyi etdiyi XXX Yay Olimpiya Oyunlarında atletlərimiz böyük uğura imza ataraq 10 medal qazandılar. Azərbaycan Londonda 204 ölkə arasında 30-cu yeri tutdu. Güləşçilərimiz sözün həqiqi mənasında tarix yazdılar. Hər iki qızıl medalı onlar qazandılar. Toğrul Əsgərov və Ећərif Ећərifov olimpiya çempionu ünvanına sahib oldular. Olimpiya yığmamızın aktivinə 2 gümüş medalı da pəhləvanlar (Rövşən Bayramov və Mariya Stadnik) əlavə etdilər. Digər üç güləşçimiz Emin Əhmədov, Yuliya Ratkeviç və Xetaq Qazyumov isə çıxışlarını bürünc medalla başa vurdular. Ağır atletlərdən isə yalnız Valentin Xristov bürünc medal qazandı. Boksçularımız Teymur Məmmədov və Məhəmmədrəsul Məcidov bürünc medal əldə etdilər.
2012-ci il ölkəmizdə güləş, boks, avarçəkmə, cüdo və digər idman növləri üzrə çoxsaylı beynəlxalq turnirlər də keçirilmişdir. Həmin il bizim üçün ənənəvi olmayan idman növlərinin inkişafı baxımından da əlamətdar olmuşdur. Məsələn, Velosiped İdmanı Federasiyası Azərbaycan idmanının tarixində ilk dəfə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş beynəlxalq velotur keçirmişdir.
2012-ci ildə isə ən böyük turnir, futbol üzrə 17 yaşlı qadınlar arasında təşkil olunmuş sayca 3-cü dünya çempionatı idi. 16 ölkənin - Azərbaycan, Yaponiya, Koreya Xalq Demokratik Respublikası, Çin, Nigeriya, Qana, Qambiya, ABЕћ, Kanada, Meksika, Braziliya, Uruqvay, Kolumbiya, Yeni Zelandiya, Fransa və Almaniya milli komandalarının qatıldığı dünya çempionatı bir çox cəhətdən yadda qaldı. Əvvəlki iki dünya birinciliyi Yeni Zelandiyada (2008), Trinidad və Tobaqoda (2010) keçirilmişdir. İlk iki çempionatın qalibləri Asiya təmsilçiləri (Koreya Respublikası və KXDR) olmuşdular. Bu dəfə isə çempion adını Avropa təmsilçisi - Fransa komandası qazandı. son dünya çempionu - KXDR millisi finala çıxsa da, titulu qoruyub saxlaya bilmədi.
Turnirin matçları 5-i Bakıda, biri isə Lənkəranda olmaqla 6 stadionda keçirilmişdir. Bu stadionlardan 3-ü U-17 dünya çempionatına hazırlıq prosesi çərçivəsində inşa olunmuşdu.
Dünya çempionatında iştirak edən futbolçu qızlar tamaşaçılar qarşısında zaman-zaman maraqlı idman mübarizəsi nümayiş etdirdilər. Xüsusilə final matçı gərginliyi ilə seçildi: dünya çempionunun adı penaltilər seriyasından sonra məlum oldu.
Mundiala ev sahibliyi etməyin özü isə ölkəmiz üçün əlamətdar hadisə idi. Bu, FİFA bayrağı altında Azərbaycanda keçirilən ilk böyük turnir və Avropada təşkil olunan ilk U-17 qadınlararası dünya çempionatı idi.
2012-ci ildə yeniyetmələr arasında sərbəst, yunan-Roma, qadın və çimərlik güləşi üzrə dünya çempionatı ölkəmizdə keçirilmişdir. Turnirdə 41 ölkədən 850 idmançı iştirak etmişdir.
Həmin il Bakıda ilk dəfə keçirilən turnirlərdən biri də "GT3 və klassik Formula 1" yarışı idi. Oktyabrın 26-28-də Bakıda ilk dəfə keçirilən yarışların "City Challenge" Bakı avtoparadı keçirilib. Yarışda 10 komanda (hər birində 2 sürücü olmaqla) iştirak edib və 2,1 kilometrlik yarış zolağını qət ediblər. Yarış 300 milyon izləyicini əhatə etmiş, 120 ölkədə televiziya kanalları vasitəsilə yayımlanmışdır.
2013-cü il də ölkənin idman həyatında bir çox əlamətdar hadisələrlə yadda qaldı. İdmançılarımız dünya və qitə miqyaslı yarışlarda uğurlu çıxışlarını davam etdirdilər. Ümumiyyətlə, idmançılarımız həmin il 780-dən çox medal qazanmışlar ki, onlardan 280-ni qızıldır.
Böyük idman tədbirlərindən biri 2013-cü ilin iyul ayına təsadüf etdi. Həmin ayın 6-17-də Rusiyanın Tatarıstan Respublikasının paytaxtı Kazanda XXVII Ümumdünya Yay Universiadası keçirildi. Kazana 162 ölkədən 11758 idmançı, o cümlədən 27 olimpiya çempionu və 11 olimpiya mükafatçısı gəlmişdi. Universiadalar tarixində ilk dəfə olaraq proqrama rekord sayda - 27 idman növü daxil edilmişdi. Tələbə idmançılar beş idman növündə ilk dəfə mübarizə aparırdılar. İştirakçıların və medal dəstlərinin sayı (351 dəst) rekord səviyyədə idi. 4,5 milyad dollara başa gəlmiş Kazan Universiadası çərçivəsində keçirilmiş yarışları dünyanın 105 ölkəsinin televiziya kanalları işıqlandırmışdı. Tələbə oyunlarını 3 milyard nəfərdən çox televiziya tamaşaçısı izləmişdi.
Yığma komandamız Kazan Universiadasına 81 idmançı ilə qatılmış, 10 idman növündə mübarizə aparmışdır. Tələbə idmançılarımız gərgin mübarizə şəraitində keçən yarışlarda 16 medal (4 qızıl, 5 gümüş, 7 bürünc) qazandılar. Təmsilçilərimiz komanda hesabında 15-ci yerə çıxdılar. Avropada 9-cu, müsəlman ölkələri arasında isə 1-ci yeri tutduq. Bu isə əvvəlki illərlə müqayisədə rekord göstəricidir.
Həmin il idman sahəsində yaddaqalan hadisələrdən biri də İndoneziyanın Palembanq şəhərində keçirilmiş III İslam Həmrəyliyi Oyunlarında idmançılarımızın uğurlu çıxışı idi. Sentyabrın 23-dən oktyabrın 2-dək davam etmiş oyunlara 43 ölkənin idmançıları, o cümlədən Azərbaycan təmisilçiləri qatılmışdılar. Sevindirici haldır ki, İslam Həmrəyliyi Oyunlarında iştirak edən Azərbaycan idmançıları onlara bəslənən ümidləri tamamilə doğrultdular. Təmsilçilərimiz 24 medalla (7 qızıl, 8 gümüş, 9 bürünc) iştirakçı ölkələr arasında 7-ci yeri tutdular.
2013-cü ildə boksçularımız da qazandıqları uğurlu nəticələrlə xalqımızı sevindirdilər. Belə ki, həmin ilin oktyabr ayında Qazaxıstanın Almatı şəhərində boks üzrə dünya çempionatı keçirilmişdir. Mundialın son günündə Azərbaycanın iki idmançısı çempionluq üçün rinqə çıxmışdı. Cavid Çələbiyev (56 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) ölkəmizə qızıl medal qazandırdılar. Çələbiyev və Məcidovdan fərqli olaraq, Teymur Məmmədov (91 kq) yarımfinal səddini keçə bilmədi. Boksçumuz Olimpiadada uduzduğu italiyalı Klemente Russoya yenə də məğlub oldu və bürünc medalla kifayətləndi.
2013-cü il güləşçilərimiz üçün də növbəti uğurlu illərdən biri oldu. Onlar iştirak etdikləri beynəlxalq turnirlərdə yüksək nailiyyətlər əldə etdilər. Pəhləvanlarımız beynəlxalq yarışlarda 17 qızıl, 15 gümüş, 38 bürünc olmaqla cəmi 70 medal qazandılar. Bunların 27-si yeniyetmə güləşçilərin payına düşür. Onlar Avropa və dünya çempionatlarında 10 qızıl, 4 gümüş, 13 bürünc medal qazanaraq güləşimizin gələcəyinin etibarlı əllərdə olduğunu nümayiş etdirdilər.
Həmin ilin ən əlamətdar idman hadisələrindən biri də şahmatçılarımızın Avropa çempionluğudur. Belə ki, noyabrın 8-18-də seçmə komandamız Polşanın paytaxtı Varşavada keçirilmiş kişi şahmatçılar arasında qitə komanda çempionatında birinci yeri tutdu. Bununla şahmatçılarımız həm ölkə, həm də Avropa şahmat tarixinə yeni qızıl səhifə yazdılar.
2014-cü il də ölkənin idman həyatında bir çox uğurlarla diqqəti cəlb etdi. İdmançılarımız ötən il 805 medal qazanmışlar ki, onlardan 275-i qızıl, 255-i gümüş, 275-i isə bürüncdür. 278 medal (89 qızıl, 80 gümüş, 109 bürünc) olimpiya, 527 medal (186 qızıl, 175 gümüş, 166 bürünc) qeyri-olimpiya idman növlərindən olmuşdur.
Ötən ilin iyul ayının 14-28-də Çin Xalq Respublikasının Nanjinq şəhərində Yeniyetmələrin II Olimpiya Oyunları keçirilmişdir. 29 idman növünün təmsil olunduğu yarışlarda 204 ölkədən 3888 idmançı iştirak edirdi. Ölkəmiz oyunlarda 9 idman növündə 21 idmançı ilə təmsil olunmuşdu. Azərbaycan beş qızıl, altı gümüş və bir bürünc medalla 204 iştirakçı ölkə arasında və medal qazana bilmış 86 ölkə arasında 10-cu yeri, qazanılmış medalların sayına (12 medal) görə isə 14-cü yeri tutmuşdur.
Azərbaycan gimnastları da ötən ili uğurla başa vurmuşlar. Onlar 42-si qızıl, 30-u gümüş və 42-si bürünc olmaqla 114 medal əldə etdilər. Bu medalların böyük hissəsi (68 medal) bədii gimnastikanın payına düşür. Ötən il ölkəmizin bayrağı daha çox Jalə Piriyeva və Marina Durundanın şərəfinə qalxdı. Hesabında ən çox qızıl olan Marina Durunda Avropa Oyunlarının səfiri seçildi. Azərbaycan Gimnastika Federasiyasının reytinqində 1-ci olan böyüklərdən ibarət yığma komandamız həmçinin Beynəlxalq Gimnastika Federasiyasının qrup komandalarının reytinqində (çoxnövçülük) 3-cü oldu.
Keçən ilin yaddaqalan idman hadisələrindən biri də Özbəkistanın paytaxtı Daşkənddə güləş üzrə dünya çempionatında pəhləvanlarımızın uğurlu çıxışı oldu. Turnirdə pəhləvanlarımız sərbəst güləş üzrə bir qızıl, bir gümüş, yunan-Roma güləşi üzrə bir gümüş, iki bürünc, qadın güləşçilərimiz bir gümüş, bir bürünc medala sahib oldular. Ümumilikdə komandamız 7 medalla 104 ölkə arasında 4-cü yeri tutdu.
Güləşçilərimiz aprelin 1-8-də Finlandiyanın Vantaa şəhərində keçirilmiş Avropa çempionatında yeni bir uğura imza atdılar. Mariya Stadnik, Hacı Əliyev və Ruslan Dibirqadjiyev qitə birinciliyinin qalibi oldular.
Mayın 1-4-də paytaxtımız daha bir mötəbər idman yarışına ev sahibliyi etdi. Bakıda taekvondo üzrə Avropa çempionatı keçirildi.
Ötən ilin idman sahəsində əlamətdar hadisələrdən biri İspaniyanın Bilbao şəhərində şahmatçılarımızın uğurlu çıxışıdır. Sentyabrın 13-21-də klublararası Avropa çempionatında Azərbaycanın kişilərdən ibarət "SOCAR Azərbaycan" komandası ikinci dəfə qitə çempionu adını qazandı.
2014-cü ildə Bakı başqa bir möhtəşəm turnirə ev sahibliyi etdi. Paytaxtda "Blancpain Sprint" seriyasından "Baku World Challenge" avtomobil yarışı keçirildi. Turnirin qalibi Belçikanın "Audi Club Team WRT" komandası oldu. Komandaya bu uğuru pilotlar Sezar Ramos və Laurens Vanthur qazandırdılar. Böyük Britaniyanın "Beechdean AMR" komandası (pilotlar Conni Adam, Endi Soucek) ikinci, Almaniyanın "Phoenix Racing" kollektivi isə (Niki Mayr-Melnhof və Markus Vinkelhick) üçüncü yerə çıxdılar.
Bu il dünyanın diqqəti növbəti dəfə Azərbaycana yönəlmişdi. Ölkəmiz tarixdə ilk dəfə təşkil olunan "Bakı-2015" Avropa Oyunlarını layiqincə təşkil etməklə tək özünün deyil, köhnə qitənin idman tarixinə möhürünü vurdu. Nümunəvi təşkilatçılığı, qeyri-adi açılış və bağlanış mərasimləri ilə yadda qalan I Avropa Oyunları dünyanın əsas idman hadisəsi idi. Avropa Oyunları Azərbaycanın istənilən beynəlxalq tədbiri ən yüksək səviyyədə təşkil etmək imkanlarının növbəti təsdiqi olmaqla yanaşı, həm də ölkəmizdə idmanın inkişafda olduğunu, Olimpiya hərəkatının geniş vüsət aldığını bütün dünyaya nümayiş etdirdi. İdmançılarımızın 21-i qızıl, 15-i gümüş və 20-si bürünc olmaqla qazandıqları 56 medalla Azərbaycan I Avropa Oyunlarının ikincisi oldu. Bu, bir daha göstərdi ki, ölkəmizdə həyata keçirilən idman siyasəti öz bəhrəsini verir.
Bu, hələ son deyil. Qarşıda daha böyük yarışlar və qazanılacaq medallar var. Paytaxtımız növbəti beş ildə bir daha böyük idman bayramlarının təşkilatçısı olacaq. UEFA İcraiyyə Komitəsinin 19 sentyabr 2014-cü il tarixli qərarı ilə Bakının 2020-ci ildə futbol üzrə Avropa çempionatının oyunlarının keçiriləcəyi 13 şəhər arasına düşməsi son dərəcə sevindirici hadisədir. Qərara əsasən, qitə çempionatının dörd matçı (qrup mərhələsinin üç oyunu və bir dörddəbir final oyunu) paytaxtımızda keçiriləcək. Bundan başqa, Azərbaycan 2016-cı ildə dünya Ећahmat Olimpiadasını və "Formula-1" yarışını, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarını keçirəcək.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: