Göyçayda 10-cu Nar bayramı keçirildi

9-11-2015, 11:00
454

http://i058.radikal.ru/1511/c8/33ff321cbed0.jpg


Respublikamızın münbit torpaqlara və fərqli iqlimə malik olması bu coğrafi məkanda mövcud olan hər bir bölgə üçün özünəməxsus şanslar açıb. Hər bir rayon, kənd tanrının onlara bəxş etdiyi nemətlərdən nəsibini almaq imkanına malikdir. Hətta təbiətin bu torpaqlara bəxş etdiyi bir sıra məhsullar həmin məkanların brendinə çevrilib. Məsələn, adı müqəddəs Quranda da olan nar Göyçay rayonunun brendidir.
Əsl reallıqda isə nar təkcə Göyçayda deyil, demək olar ki, respublikamızın əksər bölgələrində əkilib-becərilir. Nar adı çəkiləndə göz önünə ilk növbədə Göyçayın gəlməsinin səbəbi isə bu torpaqda bitən narın həm dadına, həm də keyfiyyətinə görə digər ərazilərdə yetişənlərdən fərqlənməsidir.
Dünyada baş verən iqtisadi böhran fonunda bu ilin göyçaylılar üçün uğurlu və düşərli olduğunu desək, məncə, yanılmarıq. Belə ki, ilin əvvəlindən başlayaraq rayonun sosial-iqtisadi inkişafında bir sıra uğurlar əldə edilib. İqtisadiyyatın əsas sahələri üzrə istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi 180,7 milyon manat təşkil edib. Ötən müddət ərzində 14 milyon manatlıq sənaye məhsulu istehsal edilib ki, bunun da 79,8 faizi qeyri-neft sektorunun payına düşür. Ötən müddətdə iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 26,4 milyon manat vəsait yönəldilib. Tikinti-quraşdırma işlərində istifadə edilmiş investisiyaların həcmi 22,1 milyon manat təşkil edib. Rayon iqtisadiyyatına yönəldilmiş investisiyaların 80,8 faizi istehsal təyinatlı obyektlərin inşasına istifadə edilib.
Cari ilin oktyabr ayının 6-da dövlət başçısı İlham Əliyevin Göyçaya işgüzar səfəri isə rayon sakinlərinin yaddaşına əbədi həkk olunub. Səfər çərçivəsində bir-birinin ardınca Prezidentin xeyir-duası ilə açılışı edilən sosial obyektlər burada gedən daha böyük inkişafın və ortaya qoyulan potensialın göstəricisi kimi dəyərləndirilir.
Öz simasını sürətlə dəyişən Göyçay şəhərində Heydər Əliyev Mərkəzinin ətrafındakı ərazidə böyük tikinti və abadlıq işlərinin görülməsi, qısa müddətdə burada Gənclər Mərkəzi, Bayraq Meydanı və Bayraq Muzeyi, fəvvarə komplekslərinin tikilməsi, mərkəzin qarşısında ulu öndərin ağ mərmərdən abidəsinin ucaldılması qeyd olunmalıdır. Mərkəzin qarşısındakı ərazinin başdan-başa abadlaşdırılması, burada genişmiqyaslı yaşıllaşdırma işlərinin görülməsi, abidənin ətrafında yeni işıqlandırma sisteminin qurulması da vacib amillərdəndir.
Ötən dövr ərzində rayonda Göyçay Uşaq musiqi məktəbi, Yeni Azərbaycan Partiyası rayon təşkilatı üçün yeni bina, şahmat məktəbinin istifadəyə verilməsi, Göyçay rayon Mərkəzi Xəstəxanasının əsaslı yenidən qurulması xüsusi qeyd edilməlidir. Ећəhərin küçə və meydanlarında geniş abadlıq və quruculuq işləri aparılıb. Rayon əhalisini narahat edən bir çox sosial problemlərin həlli istiqamətində də tədbirlər görülüb. Ећəhərin su təchizatı sisteminin yenidən qurulması işlərinin aparılması ilə əlaqədar küçələrdə dağılmış asfalt örtüyünün bərpası istiqamətində işlər aparılıb. 250 min kvadratmetrə yaxın yeni asfalt örtüyü salınıb, piyadaların və nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə 20 ədəd yeni rəqəmsal işıqfor quraşdırılıb, şəhər ərazisindəki bütün yol nişanları təzələnib.
Dünən səhər saat 11 radələrində isə Göyçayda qədim zamanlardan bəri rayon sakinlərinin sevimli məhsulu, halal ruzisi, meyvələrin şahı olan nara həsr olunmuş 10-cu Nar bayramına start verildi. Bayram tədbiri rayonun "Dördyol" adlanan hissəsindən, Avtovağzalın qarşısından başlandı. Elə ilk andaca bayramın keçirilməsi üçün rayon icra hakimiyyəti başçısının sərəncamı ilə yaradılmış Təşkilat Komitəsinin işini yüksək səviyyədə yerinə yetirməsi aydın şəkildə hiss olundu.
Tədbiri giriş sözü ilə açan Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev qonaqlara məlumat verdi ki, Nar bayramının keçirilməsi Prezident İlham Əliyevin xeyir-duası ilə baş tutub. Həmin dövrdən davamlı şəkildə keçirilən tədbirlərin nəticəsi olaraq artıq ənənə halını almış bayramın indi yubiley şənliyi keçirilir. Nar göyçaylılar üçün müqəddəs və iqtisadi baxımdan ən sərfəli meyvədir.
M.Ağayev bildirdi ki, 10 il bundan əvvəl Göyçayda cəmi 1700 hektar nar bağı olduğu halda, hazırda bu həcm artaraq 46 min 400 hektar sahəni təşkil edir. Hazırda nar məhsulunun istehsalı 50 min tondan çoxdur; məhsulun toplanması davam edir. Ümumilikdə məhsul istehsalında 5,6 dəfə artım baş verib. Qeyd olunan amil insanların gəlirlərində də özünü göstərir.
Kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev də bayram münasibətilə iştirakçıları təbrik etdi və ölkə üzrə nar istehsalına görə Göyçayın xüsusi mövqeyə malik olmasını nəzərə çatdırdı. Bildirdi ki, hazırda respublikada mövcud olan nar bağlarının 20, nar məhsulunun isə 30 faizi Göyçayın payına düşür.
Potu kənd tam orta məktəbinin direktoru Elnur İsmayılovdan da tədbirlə bağlı münasibətini öyrəndik. O dedi: "Bu gün bütün göyçaylılar üçün əziz bayramdır. Çünki biz Göyçayın inkişafında mühüm rolu olan müqəddəs bir nemətə - nara həsr olunmuş möhtəşəm bir mərasimə şahidlik edirik. Mərasimə yerli soydaşlarımızla yanaşı, dünyanın müxtəlif guşələrindən gələn insanlar da var. Deməli, obrazlı şəkildə desək, nar bir növ, Göyçayın səfirinə çevrilib və dünyada vətənimizin bu gözəl guşəsinin tanıtımını həyata keçirir. Bayram münasibətilə bütün xalqımızı təbrik edirik".
İnsanları birliyə çağıran bu bayram öz zənginliyi və möhtəşəmliyi ilə əvvəlkilərdən fərqlənirdi. Bayram tədbirində nara həsr olunmuş musiqi nömrələri, müxtəlif müsabiqələr, nar yarmarkası, rəngarəng sərgilər, milli folklorumuzun zəngin nümunələri, Azərbaycan mətbəxi və nar məhsullarının bütün nümunələri bayram iştirakçılarını heyran etdi.
Artıq ənənə halını almış Nar bayramında diplomatik korpusların, nazirliklərin nümayəndələri, millət vəkilləri, qonşu rayonlardan gələn qonaqlar bu möhtəşəm mərasimin sevincini birlikdə yaşadılar.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: