Azərbaycan nümunəvi tolerantlıq məkanıdır

16-11-2015, 11:00
665

http://s020.radikal.ru/i721/1511/b5/1f0bd0069739.jpg


"Azərbaycan xalqı özlüyündə, təbiətinə görə, öz xarakterinə görə yüksək tolerantlıq hissinə malikdir"
Heydər ƏLİYEV


Müasir dünyamızda baş verən müxtəlif səbəbli münaqişələr fonunda dünya insanını öz yaşadığı cəmiyyəti qorumağa istiqamətlənmiş çağırışların olmasına hər zaman ehtiyac duyulur. Bu məqsədlə beynəlxalq təşkilatların, ayrı-ayrı ölkələrin təşəbbüsləri ilə davamlı olaraq beynəlxalq konfranslar, forumlar, toplantılar təşkil olunur. Bu tipli tədbirlər sülh və sabitliyə tam təminat verməsə də, ən azından təcrübənin paylaşılması, mümkün problemlərin çözülməsinə kömək göstərilməsi baxımından vacibdir.
Görünür elə bu səbəbdən də 1995-ci ildə UNESCO-nun qərarı ilə 16 noyabr dünyada Tolerantlıq Günü elan edildi. Tolerantlıq günü Birləşmiş Millətlər Təşkilatının öz məqsədlərinə uyğun olaraq dünya insanının davamlı sülh içərisində yaşaması naminə atdığı addımlardan biri kimi xarakterizə edilə bilər. XX əsrin sonunda demokratikləşmə prosesinin dünyanın bir çox ölkələrini əhatə etdiyini və insan hüquqlarının mühüm amil kimi ön plana çəkildiyini nəzərə alsaq, bu, çox vacib qərardır.
Bəşər cəmiyyətinin tarixən yaratmış olduğu maddi və qeyri-maddi mədəniyyət nümunələrini, dünya mədəniyyəti incilərini qorumağı təbliğ və təşviq edən UNESCO öz qərarları və amalı ilə həm də bu mədəniyyəti yaradan insanı qorumağı tərcih edir. Bu missiyanın sırasında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva da olmaqla öz xoşməramlı səfirləri vasitəsilə ölkələrə, insanlara çatdırır.
Tolerantlıq olduqca geniş anlayışdır. O, həm insani münasibətlərin, həm insan cəmiyyətində gedən proseslərin, həm də dövlətlərarası, millətlərarası, dinlərarası münasibətlərin bir çox cəhətləri kimi də anlaşıla bilər.
Bu mənada tolerantlıq öz tarixi və bugünkü yaşam tərzi ilə azərbaycanlıların və Azərbaycan xalqının günüdür. Çünki Azərbaycanın tarixi torpaqlarında da, hazırkı Azərbaycan Respublikasının ərazisində də heç vaxt dini və etnik zəmində münaqişə qeydə alınmamışdır. Hər zaman bu yerləri özlərinə vətən bilən xalqlar, milli və dini azlıqların nümayəndələri qarşılıqlı anlaşma və mehribançılıq şəraitində yaşamışdır.
Ulu öndər Heydər Əliyev müsahibələrinin birində qeyd edirdi: "Ölkəmizdə, müstəqil Azərbaycanda müxtəlif millətlərə mənsub olan insanlar Azərbaycanın vətəndaşları olaraq sülh və əmin-amanlıq şəraitində yaşayır, bir-birinə hörmət bəsləyirlər. Bir dinin nümayəndələrinin digərinə, bir konfessiyanın başqasına hörmətsiz münasibət bəsləməsinə dair heç bir fakt yoxdur. 1993-cü ildən başlayaraq Azərbaycanda ictimai-siyasi sabitliyə nail olduğumuz və bu sabitliyi pozan, özlərinin cinayətkar, antihumanist hərəkətləri ilə Azərbaycanın və Azərbaycan xalqının nüfuzuna zərər vuran qüvvələri cəmiyyətdən ardıcıl surətdə təcrid etməyə müvəffəq olduğumuz dövrdən etibarən, hesab edirəm, respublikamızda çox əlverişli şərait yaranmışdır. Azərbaycanda müxtəlif millətlərə, müxtəlif dinlərə, müxtəlif mədəniyyətlərə mənsub olan insanların yaşaması buna sübutdur. Onlar sülh və həmrəylik şəraitində yaşayırlar, bu və ya başqa dinə, bu və ya digər mədəniyyətə, Azərbaycanda məskunlaşmış xalqların adət-ənənələrinə, mənəviyyatına dözümsüzlük göstərilməsi barədə heç bir fakt yoxdur. Bu, çox böyük nailiyyətdir".
UNESCO-nun üzvü kimi ölkəmiz daima bu və digər beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərə, qoşulduğu müxtəlif konvensiyalara böyük hörmətlə yanaşmış və dünyada daima sülh və sabitlik tərəfdarı kimi çıxış etmişdir.
Dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi ardıcıl və məqsədyönlü dövlət siyasətinin də qayəsində humanizm, insanpərvərlik, bərabərhüquqluluq və bunlara uyğun olaraq tolerantlıq və multikulturalizm dayanır. Prezident müxtəlif beynəlxalq təşkilatların tribunalarında, ölkəmizdə və xaricdə təşkil olunan humanitar forumlarda hər zaman vurğulayır ki, tolerantlıq xalqımızın qədim tarixindən və köklərindən gəlir. Əsrlərboyu Azərbaycan dinlərin, etnik qrupların sülh şəraitində, yan-yana yaşadığı məkan olub. Etnik, mədəni və dini müxtəliflik Azərbaycanın ən böyük sərvətlərindən biridir. Ölkəmizin uğurlarını təmin edən əsas səbəblərdən biri məhz Azərbaycanda çoxmədəniyyətli cəmiyyətin olmasıdır.
Ölkəmizdə dünya din xadimlərinin, din liderlərinin toplantılarının keçirilməsi, mütəmadi humanitar forumların, beynəlxalq təşkilatların yığıncaqlarının təşkil olunması artıq Azərbaycanı dünya xəritəsində tolerantlıq mərkəzinə çevirmişdir.
Azərbaycan dövləti yalnız müxtəlif dinlərə ibadət edən, müxtəlif mədəniyyətlərin daşıyıcısı olan, müxtəlif dillərdə danışan insanların - vətəndaşlarının hüquq və azadlıqlarının təminatçısı deyil, Azərbaycan dövləti həm də bu insanların ulu babalarının qurub-yaratdıqları abidələri, bugünə qədər yaşatmış olduqları mədəniyyəti, dili qorumaqdadır. Ölkəmizdə dövlət hesabına məscidlər, imamzadələr, müqəddəs ziyarətgahlar, eyni zamanda katolik və pravoslav kilsələr, sinaqoqlar təmir və bərpa edilir, insanların istifadəsinə verilir.
Son illərdə cənab Prezident İlham Əliyevin apardığı bu humanist siyasətlə Azərbaycan son on il ərzində dinlərarası, millətlərarası münasibətlərdə artıq dünya üçün bir örnək olmaqdadır.
Azərbaycan Prezidenti ölkəmizdə məhz dini, milli və multikultural məsələlərə daha həssas şəkildə yanaşmaq və bu istiqamətdə sistemli siyasət həyata keçirmək məqsədi ilə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətini, bunun ardınca isə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzini yaratdı. Bunun nəticəsi olaraq hazırda Azərbaycan öz tolerantlıq və multikulturalizm modelini tam formalaşdırmaqla yanaşı, həm də bu modelin dünya dövlətləri, beynəlxalq təşkilatlar tərəfindən davamlı öyrənilməsinə də nail olmuşdur.
Bu gün Azərbaycan dünya miqyasında tolerantlıq istiqamətində aparılan siyasətdə seçilən, fərqlənən ölkələrdən biridir. Demokratiya, insan hüquqları, hüquqi dövlət quruculuğu və bunlarla paralel olaraq tolerantlıq və multikulturalizmlə bağlı bütün addımlar ölkəmizi daha da gücləndirir və dinamik inkişaf üçün yeni imkanlar açır.
16 noyabr - Beynəlxalq Tolerantlıq Günü ilə bağlı UNESCO-nun qərarında dünyada hamını biri-birinə dözümlülük nümayiş etdirərək mehriban qonşular kimi yaşamağa çağırış edilir. Azərbaycan Respublikasında da azərbaycanlı adı altında birləşən onlarla xalqlar və etnik qrupların nümayəndələri də qarşılıqlı hörmət və mehribanlığı ilə daima bu çağırışın ruhunda yaşamış və yaşamaqdadır. Bu isə əsl tolerantlıq örnəyidir. Bu örnəyi isə millətindən, dilindən və dinindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı yaratmışdır.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: