Dünyada dəniz neftinin erası buradan başlanıb

2-12-2015, 06:00
621

http://www.azerbaijan-news.az/images/contents/9144483f82e4ce0624c0a6f765f78a33.jpg


Neft Daşları dünən və bu gün

Bu akvatoriyada neftin varlığı barədə ilk mənbələr XVIII əsrin sonlarına təsadüf edir. Lakin rayonun mütəmadi geoloji tədqiqatlarına 1946-cı ildə Azərbaycan Elmlər Akademiyasının neft ekspedisiyası başladı. Geoloji kəşfiyyat işləri nəticəsində zəngin neft ehtiyatları kəşf olundu. Bir müddət sonra ilk dəfə açıq dənizdə daş silsiləsi üzərinə xüsusi "desant" endi.
Heyətin üzvləri 1948-ci il noyabrın 14-də "Pobeda" kiçik barkasında Neft Daşları rayonuna yaxınlaşdılar. Lakin barkas suda çıxıntı əmələ gətirən qayalara yaxınlaşa bilmədi. Bir neçə gün sonra "Qara daşlar" adlanan daş adada sınaq üçün qoyulmuş sementin quru qaldığı hissəsində qazma qurğusu quraşdırmaq qərarına gəldilər. Növbəti il iyulun 24-də burada ilk quyunun qazılmasına başlandı.
O dövrdə Bakının gəmi təmiri zavodlarından ömrünü başa vurmuş 7 iritonnajlı gəmi gətirilərək qara qayaların yanında basdırıldı və süni buxta yaradıldı. Bura həm neftçilərin yaşayış yeri, həm də anbar, mağaza, klub kimi istifadə olunurdu. Başqa sözlə, o, Xəzər fatehlərini fırtınalardan qoruyan sığınacağa və gəmilərin yan alması üçün limana çevrilmişdi.
1949-cu il noyabrın 7-də Neft Daşlarında ilk quyu 1100 metr dərinlikdən fontan vurdu. Bu, Neft Daşlarının ad günü idi. Həmin gün tarixə dünyada dəniz nefti erasının başlanğıcı kimi düşdü.
* * *
1951-ci ildən Neft Daşlarında estakadaların və estakadayanı meydançaların tikintisinə başlandı. Sonrakı illərdə burada tikinti işləri geniş vüsət aldı. Beləliklə, 1950-1954-cü illərdə burada 2 neftyığma məntəqəsi, sutəmizləyici qurğu, 16 ikimərtəbəli yaşayış evi, idarə binası, dizel elektrik stansiyası, qazanxana və s. inşa edildi. Getdikcə polad dirəklər üstündə yaradılan infrastrukturun sahəsi genişləndi. Neft Daşları böyük sənaye kompleksinə - yeni qurğuları və binaları, vertolyot meydançası, gəmilər üçün yanalma körpüsü, yanğınsöndürmə nasos stansiyası, əmtəə çənləri parkı, kommunikasiya xətləri və s. olan mədən-şəhərə çevrildi. Təkcə 1971-ci ildən 1980-ci ilədək dəniz şəhərində bir əmtəə çənləri parkı, 2 iriləşdirilmiş neftyığma məntəqəsi, Neft Daşları-Çilov sualtı qaz kəməri, yeni estakada və meydançalar, kommunikasiya xətləri və s. istifadəyə verildi.
Neftçinin iş və məişət şəraitinin yaxşılaşdırılması da unudulmadı. İdmanı sevənlər üçün Neft Daşlarında üzgüçülük hovuzu inşa edildi. Bakıda, 8-ci Kilometr massivində neftçi ailələri üçün 5 yaşayış binası və 1 uşaq bağçası tikildi.
O illərdə "Möcüzələr adası" dünyanı heyrətləndirməkdə davam edirdi. Buranı görmək üçün SSRİ-nin və dünyanın müxtəlif yerlərindən mötəbər qonaqlar gəlirdi.
* * *
Ötən 66 il ərzində Neft Daşları minlərlə insanın hünər meydanına, çörək təknəsinə və şöhrət tacına çevrilib. Burada indi də yüzlərlə insan çalışır. Neft Daşlarının sərvətləri hələ boldur.
Bu gün "Neft Daşları" NQÇİ-nin təkcə mədənlərinin və neft təsərrüfatının sahəsi 60 kvadratkilometrlik ərazini əhatə edir. Burada 85 estakadayanı meydança, 14 dərin dəniz özülü, 2 hazır məhsul parkı, 1 sutəmizləyici qurğu var. Sualtı boru kəmərlərinin ümumi uzunluğu 105, sualtı kabel xətlərinin uzunluğu 41 kilometr təşkil edir. Dəniz şəhərinin infrastrukturuna 2 baza və 3 neftyığma meydançası, gəmilər üçün 2 yanalma körpüsü, vertolyot meydançası, 5 və 9 mərtəbəli yaşayış binaları (yataqxanalar) və s. də daxildir.
"Möcüzələr adası" adlanan bu qeyri-adi şəhər ildən-ilə dəyişir və gözəlləşir. Əlbəttə, istənilən şəhər üçün bu, təbii haldır. Lakin Neft Daşları polad dirəklər üstündə qərar tutan bir şəhərdir. Burada bir ağac əkmək üçün də torpağı gərək sahildən gətirəsən. Odur ki, onun yaşıllıqları, gül-çiçəyi, mərkəzi hissəsində salınmış parkı heyrət doğurur. Neft Daşlarının tibbi-sanitar məntəqəsi, mağazaları, yeməkxanaları, gözəlliyi ilə diqqəti cəlb edən "Çay evi" də var.
Neftçilər onların dəfələrlə qonağı olmuş, zəhmətlərini yüksək dəyərləndirmiş ulu öndər Heydər Əliyevin abidəsini ucaldıb, xatirəsinə muzey yaradıblar.

Mənbə: http://www.azerbaijan-news.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: