Bakıda "Fövqəladə hallar və təhlükəsiz həyat" mövzusunda beynəlxalq elmi-praktiki konfrans işə başlayıb

10-12-2015, 20:40
836

http://www.azerbaijan-news.az/images/contents/50f9793f45711dd8fcceb881ccee1cf4.jpg


Fövqəladə Hallar Nazirliyinin (FHN) yaradılmasının 10 illik yubileyi münasibətilə dekabrın 10-da "Fövqəladə hallar və təhlükəsiz həyat" mövzusunda beynəlxalq elmi-praktiki konfrans işə başlayıb.
AZƏRTAC xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Akademiyasında keçirilən konfransın iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin Akademiyanın həyətindəki abidəsi önünə gül dəstələri qoyublar.
Sonra qonaqlar Akademiyanın bazası və Heydər Əliyev Mərkəzi ilə tanış olublar.
Konfrans "Günəşli" yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş verən qəza nəticəsində həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Tədbirdə fövqəladə hallar nazirinin müavini, general-leytenant Faiq Tağızadə, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) institutlarının direktorları, Daxili İşlər Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin akademiyalarının, Heydər Əliyev adına Ali Hərbi Məktəbin, həmçinin Rusiya, Belarus, Ukrayna, Qazaxıstanın Fövqəladə Hallar nazirliklərinin və müvafiq akademiyalarının nümayəndələri iştirak edirlər.
FHN Akademiyasının rəisi, general-mayor Pənah Süleymanov tədbiri açaraq konfransın işinə uğurlar arzulayıb, səmərəli müzakirələrin aparılacağına əminliyini bildirib.
Konfransın rəsmi açılış mərasimində çıxış edən fövqəladə hallar nazirinin müavini, general-leytenant Faiq Tağızadə nazirliyin yaranması barədə məlumat verib. Bildirib ki, 2005-ci il dekabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncama əsasən yaradılan FHN-in fəaliyyəti daim dövlətimizin başçısının diqqət mərkəzindədir. Hər il dekabrın 16-nın FHN işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi, habelə nazirliyin fəaliyyətinin təşkili və strukturunun təkmilləşdirilməsi ilə bağlı Azərbaycan Prezidentinin imzaladığı fərman və sərəncamlar bu diqqət və qayğının göstəricisi olmaqla yanaşı, qurumun həyatında əsaslı irəliləyişlərə təkan verib.
F.Tağızadə deyib ki, nazirlik 10 il ərzində fövqəladə hallar sahəsində etibarlı şəbəkənin yaradılması, mülki müdafiə, əhalinin və ərazilərin təbii və texnogen hallardan qorunması, yanğın və su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması ilə bağlı mühüm işlər görüb. Bu gün FHN-in əməkdaşları mülki müdafiə, əhalinin və ərazilərin fövqəladə hallardan və yanğınlardan qorunması, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında fədakarlıq göstərirlər.
AMEA-nın Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov çıxış edərək Fövqəladə Hallar Nazirliyinin ötən 10 ildəki fəaliyyətini yüksək qiymətləndirib. Akademik bildirib ki, Azərbaycan vətəndaşları fövqəladə hallar baş verdiyi zaman FHN əməkdaşlarını öz xilaskarları kimi görür, onlara inanırlar. Sıralarında yüksək ixtisaslı kadrları birləşdirən FHN fövqəladə hallar və onların proqnozu, qorunma üsullarının tətbiqi istiqamətində akademik institutlarla birlikdə mühüm işlər aparır. On il ərzində AMEA ilə FHN arasında işgüzar əməkdaşlıq mühiti yaranıb. Akademiyanın institutlarının FHN ilə birlikdə təbii və texnogen proseslərin, digər təhlükələrin öyrənilməsi istiqamətində hazırda birgə tədqiqatlar apardıqlarını vurğulayan alim deyib: "Konfransın işində Rusiyanın, Belarusun, Ukraynanın, Qazaxıstanın alim və mütəxəssislərinin iştirak etməsi bu tədbirin yüksək səviyyəsindən xəbər verir. İnanıram ki, konfrans konstruktiv və yaradıcılıq mühiti şəraitində işini davam etdirəcək. Burada qəbul edilmiş qərar və tövsiyələr fövqəladə hallarla bağlı olan elm sahələrinin inkişafına, fövqəladə halların elmi araşdırılmasına öz töhfəsini verəcək".
Sonra AMEA-nın Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov "Neft və qaz çıxarma, neft emalı sənayeləri və Abşeron yarımadasının ekoloji problemləri", AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov "Xəzər dənizində neft dağılmaları: baş vermiş hallar və fiziki-coğrafi modelləşdirmə", FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin rəis müavini, general-mayor Kamil Bağırov "Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı idarəetmənin təşkili" mövzularında məruzələrlə çıxış ediblər.
Daha sonra konfrans işini bölmə iclasları ilə davam etdirib.
Elmi-praktiki konfrans dekabrın 11-də başa çatacaq.


Mənbə: http://www.azerbaijan-news.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: