Naxçıvanda torpaqlardan səmərəli istifadə olunmasına ciddi diqqət verilir

17-12-2015, 11:30
505

http://www.azerbaijan-news.az/images/contents/756db2362c8ef96285f6e7eba9cf3d57.jpg


Ölkəmizin qarşısında duran mühüm və başlıca vəzifənin yerinə yetirilməsində - ərzaq təhlükəsizliyinin təmin edilməsində və digər sosial-iqtisadi proqramların reallaşdırılmasında başqa amillərlə yanaşı, əsas istehsal vasitəsi olan torpaq həlledici rol oynayır. Bu isə torpaqdan daha səmərəli istifadə edilməsi, onun münbitliyini artırmaq üçün tədbirlərin görülməsi, əkin dövriyyəsinə əlavə torpaqların cəlb olunması kimi məsələlərə diqqətin artırılmasını gündəmə gətirir. Bu zaman nəzərə almaq lazımdır ki, torpaq əmək məhsulu deyil, həcmi məhduddur, bütün istehsal vasitələri istifadə prosesində köhnəldiyi, sıradan çıxdığı halda, o, düzgün istifadə zamanı daim münbitləşir və məhsuldarlığı artır. Onu da unutmaq olmaz ki, torpaq heç nə ilə əvəz olunmayan böyük və daimi sərvətdir, insanların yaşayışını təmin edən əvəzedilməz mənbədir.
Bu gün ölkəmizin sosial-iqtisadi, o cümlədən aqrar sektorunun inkişafı torpaqdan səmərəli istifadədən çox asılıdır. Bu da öz növbəsində torpağın elmi cəhətdən dərindən öyrənilməsini ön plana çəkir. Torpaqdan götürülən məhsulun natural həcmi və pul ilə dəyəri, eləcə də torpaqdan istifadə səviyyəsi, yararlı torpağın quruluşu və s. daim diqqətdə saxlanılmalıdır. Torpaqdan səmərəli istifadə onun təbii, mütləq və nisbi münbitliyinin öyrənilməsini də zəruri edir.
Naxçıvan Muxtar Respublikasında dövlət, bələdiyyə və xüsusi mülkiyyət torpaqlarından səmərəli və faydalı istifadə olunur. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən ayrıca proqramlar qəbul edilmişdir. Ali Məclisin Sədri Vasif Talıbovun sərəncamı ilə 2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına, 2014-2018-ci illərdə sosial-iqtisadi, eləcə də 2012-2015-ci illərdə meyvəçiliyin və tərəvəzçiliyin inkişafına dair dövlət proqramlarını bunlara misal göstərmək olar. Bundan başqa, torpaqların münbitliyinin səviyyəsinə və digər xüsusiyyətlərinə görə elmi tövsiyələr işlənib hazırlanmış və istifadə üçün torpaq sahibkarları və mülkiyyətçilərinə göndərilmişdir.
Muxtar respublikada mövcud torpaq sahələrinin uçota alınmasına, həmçinin kənd təsərrüfatına yararlı torpaq sahələrindən səmərəli istifadə edilməsi üçün torpaq quruluşu işlərinə xüsusi fikir verilir. Habelə torpaq mülkiyyətçiləri ilə müntəzəm görüşlər keçirilir. Belə görüşlərdə onları narahat edən problemlər müzakirə olunaraq konkret tövsiyələr verilir, qərarlar qəbul edilir. Son illər belə yığıncaq və görüşlərin keçirilməsinə diqqət daha da artmışdır. Muxtar respublikada torpaqdan istifadə sahəsində yerli və xarici təcrübələr də öyrənilir, onlardan istifadə təmin olunur.
Naxçıvan MR-də torpaq sahibkarlarına digər sahələr üzrə də xüsusi qayğı göstərilir: onlara güzəştli kreditlər verilir, yardımlar edilir. Regionda 72 min 758 ailəyə və ya 241 min 46 nəfərə torpaq sahəsi verilmiş, onların sahibkar kimi mülkiyyətçi hüquqi qanuniləşdirilmişdir. Məhz onların hesabına muxtar respublikada aqrar sektor üzrə kiçik və iri fermer təsərrüfatları yaradılmış və bu proses indi də davam etməkdədir. Bu yolla da regionun kənd təsərrüfatında şaxələnmə təmin olunur. İndi Naxçıvan MR-də çox az kənd təsərrüfatı məhsulu tapılar ki, istehsal edilməsin. Özü də kifayət qədər.
Əkin sahələrinin suvarma suyu ilə təminatı istiqamətində də muxtar respublikada əsaslı tədbirlər həyata keçirilir. Təkcə son illər xeyli sayda yeni su anbarı istifadəyə verilmiş, köhnələri əsaslı təmir olunmuşdur. Məsələn, 2014-cü ildə Araz çayının suyu hesabına "Azərbaycan" nasos stansiyasının 16,6 kilometr hissəsində təzyiqli boru xətti yenilənmiş, 3 kilometr özüaxan boru xətti çəkilmişdir. Bundan başqa, Uzunoba su anbarı yenidən qurulmuş, Sədərək rayonunda 150 hektar sahəni suvarmaq üçün nasos stansiyası quraşdırılmışdır. Muxtar respublikada yalnız 2015-ci ilin 10 ayında 5 artezian quyusu qazılmış, 10 quyu bərpa edilmiş, 9 kəhriz əsaslı təmir olunmuşdur.
Kənd təsərrüfatı torpaqlarından səmərəli istifadədə məhsul istehsalçılarının stimullaşdırılmasının, onlara edilən güzəştlərin də rolu az deyil. Belə ki, bu güzəştlər və subsidiyalar hesabına torpaqdan daha çox qazanc götürən istehsalçı növbəti mövsümdə gəlirini artırmaq üçün ixtiyarındakı torpaq sahəsindən daha səmərəli istifadədə mütləq maraqlı olacaq. Bu baxımdan Naxçıvan MR-də görülən işlər diqqətəlayiqdir. Hazırda regionda məhsul istehsalçılarına mineral gübrələrin 70 faizi pulsuz verilir, texnika 40 faiz güzəştlə satılır, toxumçuluq və əkinçiliklə məşğul olanlara dövlət büdcəsi hesabına subsidiyalar ödənilir. İstehsalçılara məhsullarını itkisiz saxlamaq üçün soyuducu anbarlar tikilib verilmişdir. Hazırda Naxçıvan MR-də tutumu 12,7 min ton olan 12 soyuducu anbar, 27 min tonluq uzun, 43,3 min tonluq qısa müddətli taxıl anbarları var. Regionda həmçinin 100 min kvadratmetrlik istixanalar fəaliyyət göstərir ki, onlar da əhalini ilboyu təzə tərəvəzlə təmin etməyə imkan verir. Başqa bir mühüm fakt: cari ilin 9 ayı ərzində kənd təsərrüfatı məhsulları istehsalçılarına 14,5 milyon manat kredit verilmişdir.
Muxtar respublikada xüsusi mülkiyyətə verilmiş torpaqlardan təyinatı üzrə istifadəyə ciddi nəzarət olunur. Torpaqdan təyinatı üzrə, yaxud səmərəli istifadə etməyənlərə xəbərdarlıq edilir və onlar inzibati yolla cəzalandırılırlar. Əkin dövriyyəsində olan torpaq sahələrinin yanında köməkçi tikintilərə isə bir qayda olaraq yol verilmir. Başqa sözlə, bu işə birdəfəlik qadağa qoyulmuşdur. Belə tədbirlər sayəsində muxtar respublikada səmərəli istifadə olunan torpaqların həcmi artmış və məhsuldarlığı yüksəlmişdir. Əgər 2008-ci ildə Naxçıvan MR-də 32 min 441,2 hektar sahədə taxıl əkilmişdirsə, 2015-ci ildə bu rəqəm 336 min 237 hektara çatmışdır. Cari mövsüm regionda 106 min 288 ton taxıl istehsal edilmişdir ki, bu da 2008-ci ildəkindən 23 min 218 ton çoxdur. Təkcə 2015-ci ilin 9 ayı ərzində 2014-cü ilin həmin dövrünə nisbətən muxtar respublikada 9,1 faiz çox kənd təsərrüfatı məhsulları istehsal edilmiş və məhsul istehsalının ümumi dəyəri 297 milyon 854 min manat təşkil etmişdir. Bu, 2012-ci ildəkindən 54 milyon manatlıq çoxdur.
Hazırda muxtar respublikada torpaqdan daha səmərəli istifadə etmək, o cümlədən istehsal edilən məhsulun kəmiyyətini və keyfiyyətini yüksəltmək istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi davam edir.

Mənbə: http://www.azerbaijan-news.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: