Son dəqiqə:

BDU-da Qazax xanlığının yaranmasının 550 illik yubileyinə həsr olunan tədbir keçirilib

22-12-2015, 22:10
572

http://www.azerbaijan-news.az/images/contents/ef49c86c9432b3ddf93704b060bc3636.jpg


Bakı Dövlət Universitetində (BDU) Qazax xanlığının yaranmasının 550 və görkəmli mütəfəkkir Abay Kunanbayevin 170 illik yubileyinə həsr olunan tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən BDU-nun rektoru Abel Məhərrəmov universitetin tarixi və bu günü, beynəlxalq əlaqələri və Qazaxıstan ali təhsil ocaqları ilə ikitərəfli əməkdaşlığından danışıb. A.Məhərrəmov türk dövlətlərinin tarixinin, müasir inkişafının bu dövlətlərin ali məktəblərində öyrənilməsinin vacibliyini vurğulayıb, A.Kunanbayevin böyük ədib kimi dünya ədəbiyyatına verdiyi töhfələrdən söz açıb. Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində Azərbaycan və Qazaxıstan respublikaları arasında qardaşlıq və dostluq münasibətlərinin uğurla inkişaf etdiyini qeyd edən A.Məhərrəmov bu münasibətlərin qurulmasında ümummilli lider Heydər Əliyev və Qazaxıstan prezidenti Nursultan Nazarbayevin tarixi xidmətlərini xüsusilə vurğulayıb.
Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Günay Əfəndiyeva Qazax xanlığının tarixindən, Qazaxıstanda milli mədəniyyətin, dövlətçilik ənənələrinin formalaşmasında, qorunmasında və inkişafındakı rolundan, görkəmli qazax yazıçısı Abay Kunanbayevin yaradıcılığından bəhs edib. İki xalq arasında həmişə dostluq, əməkdaşlıq münasibətlərinin olduğunu bildirən G.Əfəndiyeva ikitərəfli münasibətlərin dinamik inkişafının bu gün də davam etdiyini vurğulayıb. Bu il sentyabrın 11-də Astanada Qazax xanlığının 550 illik yubileyi münasibətilə təntənəli mərasimin keçirildiyini, Prezident İlham Əliyevin də tədbirdə iştirak etdiyini bildirib. G.Əfəndiyeva Azərbaycanın Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Beynəlxalq Humanitar Bakı Forumları və "Bakı-2015" birinci Avropa Oyunları kimi mötəbər tədbirlərə ev sahibliyi etdiyini, bu əlamətdar günlərdə Qazaxıstan dövlətinin həmişə ölkəmizin yanında olduğunu xüsusi vurğulayıb. Bildirib ki, bugünkü tədbirdə müxtəlif təşkilatlar təmsil olunsa da, onlar bir məqsədə-mənəvi türk birliyinin yaradılmasına, xalqlarımız arasında dostluğu, qardaşlığı möhkəmləndirməyə xidmət edirlər.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan və qazax xalqları arasındakı münasibətlərin dərin köklərə malik olduğunu diqqətə çatdırıb. Hazırda iki dövlət arasında əlaqələrin bir çox sahələri əhatə etdiyini bildirən İ.Həbibbəyli Azərbaycan-Qazaxıstan dostluğunun mühüm amilə çevrildiyini qeyd edib.
Sonra Əl-Fərabi adına Qazaxıstan Milli Universiteti ilə Bakı Dövlət Universiteti arasında Anlaşma Memorandumu imzalanıb, xatirə hədiyyələri təqdim olunub.
Tədbirin sonunda Qazax xanlığı haqqında sənədli film və Qazaxıstan Milli Universiteti ilə BDU-nun yaradıcı qruplarının təşkil etdiyi konsert proqramı təqdim olunub.

Mənbə: http://www.azerbaijan-news.az


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: