Mən öləndə ağlamayın…

28-08-2015, 13:30
948

http://s018.radikal.ru/i519/1507/ed/542d46b87a27.jpg


Vəsiyyət edirəm bu gündən…

Mən öləndə ağlamayın…

Atam ağlama, qızım ağlama… Anam onsuz da ağlamaz, qardaşım da ki, ölsəm də, xəbər tutmaz…

Sabiq sevgilim, ərim sevinər ki, canı məndən qurtarıb…

Onsuz da mən öləcəyəm bir gün… Ölüm haqqdır… Ağlayanım çətin olar, bilirəm, əminəm…

Çünki məni sözdə sevənlər çoxdur, amma qəlbən sevənlər yoxdur, çoxunu qəlbən sevsəm də mən… Dost saydığım insanlar belə səmimi, açıq sözlü, cəsur ola bilmirlər…

Məyus olursan, peşiman olursan, susursan, içinə salırsan, üzülürsən, təklikdə ağlayırsan… Mənə lazımdır bu?! Əsla!

Mən öləndə şəriət qanunları ilə basdırmayın məni… Dua oxumayın qəbrimin üstündə… Ruhumu dualar xilas etməyəcək… Günahlarım savablarımdan çoxdur, yerim cəhənnəmdir, onsuz da bilirəm…

Yaradanı aldatmaq olmaz, insanları, özümüzü aldada bilsək də…

Mən öləndə, danışmayın arxamca, nə pisliyə doğru, nə yaxşılığa, adımı çəkməyin, yad etməyin məni… Kimə lazımam axı…

Təm-təraqlı yas verməyin, çağırmayın kiməsə, yas mərasimi olmasın, yığmayın camaatı, gələnlərin onsuz da yaşayan zaman tanımırdım, mərsiyə deməyin, gəlməsin molla, oxumasın yasda, salavat çevirməyin… Ruhumu aldatmayın…

Bu dünyada itirilmiş insanları o dünyada bunlar xilas edən deyil…

Yaşamağa davam edin, mən öləndən sonra… Yas saxlamayın əsla… Layiq deyiləm… Günahlarımın içində batıb gedirəm…

Ağlama qızım, sən hələ balaca uşaqsan, mən olmasam da, yaşaya biləcəksən, necə ki, mənsiz yaşayırsan… Onsuz da yoxam 1 ildir həyatında… Nə dəyişəcək var olsam, yox olsam? Heç nə!

Sirr deyil həyatım, sirr deyil kimliyim, yazılarım, fikirlərim… Məndən sizlərə ancaq mənimlə bağlı xatirələr ola bilər… Bir də peşimançılıq, məyusluq ki, vaxtında mənə dəyər verə bilmədiniz…

Sağ olanda qiymət vermədinizsə, sağkən qiymət verməyiniz sizə lazım deyildirsə, mən öləndən sonrakı qiymətiniz mənə lazım olmayacaq…

Sağkən xoş sözlər söyləmədinizsə, xoş və dar günümdə yanımda olmadınızsa, nəyə lazım mən öləndən sonra keçmişə baxıb, xatırlamaq, peşiman olmaq?!

Vaxtında sevdiyinizi məni deməmişdinizsə, torpağa basdırılan zaman üstümə torpağı atan zaman sevdiyinizi məni demək mənə lazım deyil… Riyakar olmağınız bezdirdi məni… İstəmirəm ki, qəbr üstümə gələsiniz, Əl Fatihə deyib, danışasınız mənlə, ruhumu narahat edəsiniz… Qoyun öldüyüm yerdə ölüm… Heç olmazsa. qəbrimdə, ruhumu rahat buraxın!

Yas saxlamayın, ağlamayın, dua oxumayın… Müsəlman kimi müsəlman deyilsiniz… Bu cür qondarma qanunlar, adətlər lazım deyil mənə… İnsan kimi insan olmadınızsa, əsl müsəlman, xristian, yəhudi ola bilmədinizsə, heç olmazsa, mən öləndə insan olun, müsəlman, dindar olun… Ölüm haqqdır, bu gün məni apardı o dünyaya, növbədə kim var Əzrailin siyasında, əcəl kimi aparacaq növbəti dəfə kim bilir axı?!

Mənim üçün, xatirələrimlə, xəyallarımla yaşamayın!

Öz həyatınızı, özünüz üçün yaşayın, riyakar olmayın, sevirsinizsə, susmayın… Nə qədər ki, gec deyil, sağdır sevdiyiniz insan!

Günel Fərhadqızı Emin


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: