Rafiq ODAY.Rübailər

2-07-2016, 10:00
552

Rafiq ODAY.Rübailər


Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri,
"Möhtəşəm Azərbaycan" müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru,
"Qızıl qələm", "Həsən bəy Zərdabi", "Qafqaz-Media" mükafatları laureatı,
Əməkdar jurnalist


Ağıllanmaz görməyincə baş daşı,
Oğulsansa, bu zamanda baş daşı.
Atıb getdin, səndən qalan bir-iki
Xatirədir sevgimizə başdaşı.

Yüz yaşardıq, puç olmasa ümidlər,
Naşı əllə uçulmasa ümidlər.
Çox arzular, çox istəklər puç oldu,
Puç olmasın heç olmasa ümidlər.

Ümidləri puç elədi bu payız,
Yüz gümanı heç elədi bu payız.
Min zülümlə bir araya gəlmişdik,
Fikirləri haçaladı bu payız.

Qəm-kədərin bir adı da ələmdi,
Ələm tutan qollarımız qələmdi.
Qürrələnmə-bağ belə, bostan belə,
Yaşadığın ömrün özü sələmdi.

İllər bizi qanadında aparır,
Eşq adında, qan adında aparır.
Ruhumuzu sonsuzluğa uçurur,
Cismimizi can adında aparır.

Dərvişmisal öz odama sığındım,
Öz suyuma, öz oduma sığındım.
Ömrüm boyu axtarmadım gözəllik,
Mərd-mərdanə öz adıma sığındım.

Sən getmisən gözüm yaşı sel olub,
Yer-göy susub, ağı deyən dil olub.
Günüm, ayım bir-birinə qarışıb,
Sənsiz ötən hər anım bi il olub.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: