Rafiq ODAY."Tapammıram" (Qəzəl)

2-09-2016, 09:30
317

Rafiq ODAY."Tapammıram" (Qəzəl)


Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri,
"Möhtəşəm Azərbaycan" müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru,
"Qızıl qələm", "Həsən bəy Zərdabi", "Qafqaz-Media" mükafatları laureatı,
Əməkdar jurnalist


Min ildi yol gəlirəm, izimi tapammıram,
Əyrilər at belində, düzümü tapammıram.

Qılıncdan kəsərlidi deyirdi – söz, – babalar,
Nədən mən o kəsərli sözümü tapammıram?!

Deyirdim gözüm kimi qoruyaram mən səni,
Səni qoyaq bir yana, gözümü tapammıram.

Bir-birinin üstündə gör nə qədər ələk var,
Bu ələklər altından üzümü tapammıram.

Kimə üz tuturamsa – dilində "döz" kəlməsi,
Mənə döz deyənlərdə dözümü tapammıram.

Mən də dərdin əlindən dağa pənah apardım,
Qan içində titrəyən dizimi tapammıram.

Həm mürşidəm, həm mürid, həm dərvişəm, həm seyyid,
Rafiq Oday mənəmmi? – Özümü tapammıram.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: