Ећəfa EYVAZ.Yeni şeirlər

29-12-2017, 08:00
600 dəfə Oxundu.

Ећəfa EYVAZ.Yeni şeirlər

http://s019.radikal.ru/i635/1601/c1/af19df9303e8.jpg


Qapı

İnsan əşyalaşır, yalnız qalanda...
Qapı, pəncərənin dili olurmuş.
Evinə dönəndə salam verəni,
Qapı dəstəyinin əli olurmuş...

Günəş incidirmiş yuxulu gözü,
Divar eşidirmiş dediyi sözü.
Oyanıb çıxanda oxşayan üzü
Çırpılan qapının yeli olurmuş...

Olmurmuş sən demə uçmaq həvəsi,
İnsan asılırmış qanadlarından...
Tuturmuş adamın əl-ayağından,
Qapılar taleyə zəli olurmuş.

Döngə tərs olurmuş düz yerisən də,
Yollar dolaşırmış illər içindən.
İnsan da çıxırmış ömür çərxindən,
Qapılar ardında dəli olurmuş...

Hər şey fərqlidir,
Bilirsənmi?!
İndi Günəş belə
Əvvəlki deyil.
Arzularımızın işığı tükənib məsələn.
Ümidlərimiz belə çağırmır sabaha.
Əslində
Heç nə
Əvvəlki deyil.
Nə yaşımız üstünə yığılan yaşlar,
Nə də başımıza dəyən daşlar
Eynidir...

Əllərimizi uzatdığımız əllər qırışıb,
Öpdüyümüz saçların da dəyişib rəngi...
Hətta qapılar var ki, açılmır daha.
Daha nə deyim sənə?!
Hər gün bir az daha solur,
Sənə 10 il öncə yazılan məktub.
Köhnə şəkillərin üzü qat kəsir,
Toz tutub sonuncu şeirimi də...

İndi kəndimizdə evlər dəyişib,
Nağıllar dəyişib, divlər dəyişib.
Heç nə əvvəlki deyil,
Bilirsənmi?!
Keçmişdən xatirə göz yaşlarımız
Hətta kədərimizin tonu başqadı.

Daha nə deyim sənə?!
Nə əvvəlki şıltaq halım var,
Nə də cingildəyən şux gülüşlərim...
Bir az təbəssümüm qalıb,
Bir az ürəyim.
Ürəyim, nə deyim axı sənə,
Nə deyim?!
Axı heç nə əvvəlki deyil...

SEVGİ
Sevgi elə belə olmur ki?!
Sevginin gülən gözləri olur.
Sevgi sən görən deyil ki?!
Sevginin bapbalaca əlləri olur.

Sevgi elə belə olmur ki?!
Sevginin dadı var, şirin bal kimi.
Sevgi sən görən deyil ki?!
Sevginin qəlbi olur körpə quş kimi.

Sevgi elə belə olmur ki?!
Sevgi ayaq tutub evdə də gəzir.
Sevgi sən görən deyil ki?!
Sevgi hərdən şıltaqlıq edir.

Sevgi elə belə olmur ki?!
Sevginin dili var, danışa bilir.
Sevgi sən görən deyil ki?!
Sevgi ata deyir, ana söyləyir...
Sevgi elə belə olmur ki!



BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN:

Reklam